SON DƏQİQƏ

Telegramda çılpaq fotoları paylaşılan qadınlar: Onların arasında azərbaycanlı Nigar da var

Tarix:4-03-2022, 00:33

Nigar Azərbaycandandır. 2021-ci ildə əriylə cinsi əlaqədə olarkən çəkilmiş görüntüləri bir Telegram qrupunda paylaşıldığı üçün ölkəsini tərk etmək məcburiyyətində qalıb.

"Anam ağlayaraq dedi ki, ona bir video göndəriblər. Məhv oldum, tamamən məhv oldum".

Video 40 min üzvü olan bir qrupda paylaşılmışdı. Görüntülərdə ərinin üzü tutqunlaşdırılmış, Nigarın üzü isə açıq saxlanmışdı.

O, videonu şantaj məqsədiylə ərinin (artıq keçmiş ərinin) çəkdiyini düşünür. Nigarın qardaşı Azərbaycan prezidenti İlham Əliyevin sərt tənqidçilərindən biridir.

Anasına göndərilən mesajda yazılıb ki, oğlu müxalifətçiliyindən əl çəkməsə, video Telegram-da paylaşılacaq.

"Sanki çox ayıb bir iş görmüşdüm. Evli olduğumuz heç kimin vecinə deyildi" - Nigar belə deyir.

Əri videonu çəkmədiyini bildirib, amma görüşüb danışmaq təklifinə cavab verməyib.

Nigar hələ də hadisənin təsirindən çıxa bilməyib.

"Həftədə iki dəfə terapevtə gedirəm. Heç yaxşılaşmadığımı deyir. Soruşur ki, unuda bilərsənmi, yox deyirəm".

Sara
Şəklin alt yazısı,

Şəkilləri paylaşılandan sonra Sara küçəyə çıxa bilmir

Azərbaycandan minlərlə kilometr uzaqda, şərti olaraq Sara adlandırdığımız başqa bir qadın var.

Çılpaq şəkli Telegram-da paylaşılandan sonra həyatı tamam dəyişib. Onun təkcə şəkillərini yox, İnstagram və Facebook hesablarını, üstəlik, telefon nömrəsini də paylaşmış, müxtəlif adamlar zəng edib ondan başqa şəkillərini də istəməyə başlamışdılar.

"Özümü fahişə kimi hiss etməmə səbəb oldular, çünki şəkilləri mənim paylaşdığımı düşünürdülər. Bir qadın olaraq heç bir dəyərim yox idi" - Sara belə deyir.

O, şəklini sadəcə bir nəfərə göndərmişdi. Amma bu foto onun Havanada yaşadığı məhəllənin sakinləri də daxil, 18 min üzvü olan Telegram kanalında paylaşılıb. İndi Sara küçədə rastlaşdığı yad adamların da onu çılpaq görmüş olmalarından narahatdır:

"Evdən çıxmaq istəmədim, dostlarımla görüşmək istəmədim, çox əziyyət çəkdim".

Ən azı 20 ölkə

Sara tək deyil. Telegramdakı bir neçə aylıq araşdırmamız göstərdi ki, ən azı 20 ölkədə qadınların gizli çəkilən, oğurlanan və ya sızdırılan şəkilləri bu platformadakı böyük qruplar və kanallarda paylaşılıb. Telegramsa problemi həll etmək üçün heç bir tədbir görməyib.

Həm Nigarın, həm də Saranın şəkillərinin icazəsiz paylaşıldığı Telegrama bildirilib, amma reaksiya verilməyib.

Bu vəziyyətlə üzləşən qadınların sayı çoxdur.

BBC Rusiyadan Braziliyaya, Keniyadan Malayziyaya qədər bir çox ölkədə Telegram-ın 18 kanalını və 24 qrupunu araşdırıb. Onlara toplam abunə sayı təxminən 2 milyon olub.

Bir Teleqram kanalından götürülmüş ekran görüntüsü
Şəklin alt yazısı,

Bir Teleqram kanalından götürülmüş ekran görüntüsü

Çılpaq şəkilləriylə birlikdə qadınların ev ünvanları və ailə üzvlərinin telefon nömrələri kimi şəxsi məlumatlar da paylaşılır.

Adsız olaraq paylaşa bilmək üçün üzvlərindən keçmiş həyat yoldaşlarının, iş və ya məktəb dostlarının intim görüntülərini istəyən qrup rəhbərləri aşkar etdik.

Telegram dünya üzrə yarım milyarddan çox aktiv istifadəçisi olduğunu və bir çoxlarının gizlilik prinsipinə görə bu platformaya keçdiyini bildirir.

Telegramın istifadəçi sayı Twitterinkindən çoxdur.

2021-ci ilin yanvar ayında WhatsApp gizlilik qaydalarını dəyişəndən sonra milyonlarla insan Telegrama keçib.

Bu platforma mətbuata senzura tətbiq edən ölkələrdə və demokratiya tərəfdarları arasında da populyardır.

Burda istifadəçilər adlarını və ya telefon nömrələrini göstərmədən paylaşım edə, üzvlərinin sayı 200 minə çatan qapalı və ya açıq qruplar formalaşdıra, istənilən sayda adama yayımlanan kanallar yarada bilərlər.

Belarusda kütləvi etiraz aksiyaları

ŞƏKLİN MƏNBƏYİ,EPA

Şəklin alt yazısı,

Belarusda kütləvi etiraz aksiyaları təşkil etmək üçün Teleqram-dan istifadə olundu

Telegram məxfiliyi xüsusi vurğulasa da, yalnız "gizli söhbət" seçimi ucdan-uca şifrələməni təklif edir. Bu, başqalarının söhbəti görməsinin qarşısını alır. Signal və WhatsApp kimi söhbət proqramlarının parametrləri də belədir.

Telegram digər platformalardan çıxarılmış, çox sərt nəzarət istəməyən istifadəçilərə maraqlı görünür.

Rəqəmsal hüquqlar sahəsində fəaliyyət göstərən "Access Now" qrupunun hüquq məsləhətçisi Natalia Krapivanın sözlərinə görə, Telegram və onun sahibi istifadəçilərə senzura tətbiq etmək istəmədiklərini deyirlər.

Araşdırmamız göstərdi ki, bu yanaşma Telegramı intim şəkilləri sızdırmaq üçün uyğun bir platformaya çevirib.

Telegram insanların intim şəkillərinin onların razılığı olmadan paylaşılmasına qarşı heç bir tədbir görmür, amma ictimaiyyətə açıq Telegram kanallarında və proqramlarında qeyri-qanuni pornoqrafik məzmun yerləşdirmək qadağandır.

Platformada istifadəçilərin açıq və qapalı qruplardakı pornoqrafik məzmun haqqında məlumat verməsi üçün bildiriş funksiyası var.

Ekran görüntüsü
Şəklin alt yazısı,

Qaydaları pozan paylaşımlar haqqında bildiriş funksiyası vasitəsilə məlumat vermək olar

Telegramın qaydaları nə qədər effektiv tətbiq etdiyini öyrənmək üçün aşkar etdiyimiz 100 açıq-saçıq şəkil haqqında bildiriş göndərdik.

Bir ay sonra bu şəkillərdən 96-sı hələ də paylaşıldıqları yerlərdə qalmaqdaydı. Digər dörd şəklin taleyini öyrənə bilmədik, çünki onlar artıq daxil ola bilmədiyimiz qruplardaydı.

Bir fincan qəhvədən də ucuz qiymətə uşaq istismarı görüntüləri

Platformalardakı qrupları araşdıranda çox üzücü bir fakta rast gəldik - Rusiyadan açılmış bir hesab bir fincan qəhvədən də ucuz qiymətə uşaq istismarı görüntüləri satmağa çalışırdı.

Hesab haqqında Telegrama və London Polis İdarəsinə məlumat verdik, amma iki ay sonra həm paylaşımın, həm də onun yayımlandığı kanalın yerində olduğunu gördük.

Həmin hesab biz Telegramın media kollektivinə müraciət edəndən sonra ləğv edildi.

Yumşaq idarəçilik tərzi seçməsinə baxmayaraq Telegram bəzi məzmunlara qarşı tədbir görür.

Apple bizə təklif edilən videolara görə qısa müddət ərzində Telegramı proqram yükləmə səhifəsindən çıxarandan sonra platforma uşaq istismarı görüntülərinə qarşı daha aktiv mübarizəyə başlayıb.

Telegram 2019-cu ildə Avropa Polis Xidməti Europol-la əməkdaşlıq edərək özünü İslam Dövləti (İŞİD) adlandıran qrupla bağlı çox sayda paylaşımı da silib.

"Biz bilirik ki, Telegram terrorla əlaqəli və ya radikal siyasi məzmunlu paylaşımları silə bilər və silir" - Oxford İnternet İnstitutunun tədqiqatçısı Aliaksandr Herasimenka belə deyir.

Teleqrama keçənlər arasında ifrat sağçı qrupların üzvləri də var

ŞƏKLİN MƏNBƏYİ,REUTERS

Şəklin alt yazısı,

Teleqrama keçənlər arasında ifrat sağçı qrupların üzvləri də var

Bununla belə, intim görüntülərin silinməsi Telegramın önəm verdiyi məsələ deyilmiş kimi görünür.

Telegramın adının açıqlanmasını istəməyən məzmun moderatoru bizimlə söhbətində aşağıdakıları dedi: platforma istifadəçilərin bildirişlərini avtomatik sistem vasitəsilə alır; onları spam və qeyri-spam olaraq seçir; intim şəkilləri xüsusi olaraq axtarmır. Moderatorun sözlərinə görə, Telegramda bunu edən süni intellekt funksiyası yoxdur.

Bu səbəbdən bəzi qadınlar özləri ehtiyat tədbirləri görmək məcburiyyətində qalırlar.

Joanna
Şəklin alt yazısı,

Joanna ondan icazəsiz paylaşılmış şəkilləri haqqında bildiriş göndərib

Joanna Malaziyada mənfi imiclə tanınan bir Telegram qrupunda özünün 13 yaşındaykən çəkilmiş bir şəklini görüb.

Saxta bir profillə qrupa daxil olub, axtarış vasitəsilə çılpaq şəkillər tapıb bununla bağlı bildiriş göndərib və bu haqda dostlarına da məlumat verib.

Medianın ciddi təzyiqilə qrup, nəhayət ki, qapadılıb, amma araşdırmamız zamanı biz bənzər şəkillər paylaşan ən azı iki belə qrup aşkar etdik.

"Bəzən özünüzü çox çarəsiz hiss edirsiz. Biz o qrupların ləğv edilməsi üçün çox səy göstərdik, amma hələ də qalmaqdadırlar. Doğrusu, bilmirəm, bunun bir sonu olacaqmı?" - Joanna belə deyir.

Telegram müsahibə tələbimizi rədd etdi, açıqlama verərək bildirdi ki, publik kanalları aktiv şəkildə izləyir və istifadə şərtlərini pozan məzmunlar haqqında bildirişləri diqqətə alır.

Amma bu açıqlamada insanların intim görüntülərinin onların razılığı olmadan paylaşılmasına icazə verilib-verilmədiyinə və bu şəkillərin silinib-silinmədiyinə münasibət bildirilməyib.

Telegramın bəzi kanallarının reklam almağa başlaması tətbiqin daha çox kommersiya xarakterli olacağından xəbər verir.

Bu isə, çox güman, Telegramı məcbur edəcək ki, intim şəkillərin paylaşımına qaydalar tətbiq etməyə başlamış WhatsApp kimi rəqibləriylə eyni cür davransın.

Telegramın daha ciddi nəzarət tələblərini nə vaxta qədər qulaqardına vuracağını zaman göstərəcək.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ