SON DƏQİQƏ

Kişilərə nisbətən qadınlar arasında tükənənlər niyə daha çoxdur?

Tarix:8-12-2021, 23:06

Pandemiya başladığı zaman bir çox qadınlar ev vəzifələrinin artdığını, müxtəlif vəzifələrin eyni zamanda görülməsinin daha da çətinləşdiyini anladılar.


Statistika göstərir ki, stres və tükənmə hissi kütləvi şəkildə kişilərdən daha çox qadınlara təsir edir. Bunun səbəbi nədir və bundan sonra nə olacaq?

Manhattanda yaşayan və məsləhətçi vəzifəsində işləyən Jia 2014-cü ildə Sheryl Sandberg-in ən çox satılan Lean In (tərc.-Əyil) kitabını oxuyanda Facebook-un baş əməliyyat direktorunun dəstəklədiyi tövsiyələrə əməl etməyə qərar verib.

Peşəkar reputasiyasını qorumaq üçün soyadı bildirilməyən Jia deyir: "Mən Ivy League biznes məktəbini təzəcə bitirmişdim, çox həvəsli idim və karyeramı qurmaq fikri xoşuma gəldi".

"Özünü önə çəkməyi öyrənmək məni həvəsləndirdi və hər şeyə nail ola biləcək qadın olduğumu sübut etməyə 100 faiz hazır idim: həm uğurlu karyera quran qadın, həm də əla ana ola bilərəm."

Ancaq bu gün 38 yaşlı Jia fərqli bir təəssürat bağışlayır. Onun sözlərinə görə, illərdir ki, xüsusən də 2018-ci ildə ana olduqdan sonra, ona elə gəlir ki, o, cinsi ucbatından iş yerində vəzifə yüksəlişi və maaş artımı kimi məsələlərdə diqqətdən kənarda qalıb.

Uşaq doğulduqdan sonra uşağa baxmaqla bağlı əsas yükü Jia öz üzərinə götürüb, çünki onun əri bankirdir və iş öhdəlikləri ilə bağlı tez-tez səyahət etməli olur. O, əlavə edir ki, bu məqam əksəriyyəti kişi olduğu həmkarları və menecerləri arasında ona bir peşəkar kimi güya kifayət qədər motivasiyalı olmadığı barədə yanlış bir reputasiya qazandırıb.

Sonra Covid-19 başladı və ona əngəl yaradan bütün amillər sanki daha da gücləndi. 2020-ci ilin mart ayında qızını verdiyi uşaq baxçası bağlandıqda, Jia həm işdən qalmamağa çalışırdı, həm də evdə uşağa baxırdı.

"Mən son dərəcə motivasiyasız idim, çünki bütün günü özümü sanki sürətlə hərəkət edən qaçış trenajorundan yıxılmamağa çalışdığım kimi hiss edirdim", - Jia izah edir.

"Ancaq eyni zamanda hiss edirdim ki, mənə getdikcə daha az etibar edirlər, işi yaxşı görə bilməyəcəyimi düşünürlər. Hiss edirdim iş karyeram sanki əlimdən çıxır və mən bunun qarşısını heç cür ala bilmirəm."

2021-ci ilin əvvəlində Jianın terapevti ona tükənmişlikdən əziyyət çəkdiyini söyləyib.

Jia deyir ki, əvvəllər psixi sağlamlığı onu heç vaxt narahat etməyib. "Ancaq indi mən hər həftənin nə zaman başa çatacağını gözləməklə həyatımı keçirirəm və bu müddətdə də ağlımı başımda saxlamağa çalışıram", - o deyir.

Maaşsız ev işləri

Jia-nın əhvalatı pandemiyanın həm üzə çıxardığı, həm də şiddətləndirdiyi, cəmiyyətdə dərin kök salmış balanssızlığın simptomudur.

Bir çox səbəblərə görə, qadınlar, xüsusən də analar, gündəlik olaraq kişilərlə müqayisədə daha çox hallarda ev işlərini görürlər - bunun müqabilində onlara ödəniş edilmir - həm də maaşlı peşəkar vəzifələrini yerinə yetirməli olurlar.

Bu vəziyyətin yaratdığı psixoloji gərginlik onilliklər ərzində məlum olsa da, Covid-19 bu problemi qabarıq olaraq üzə çıxardı.

Statistika göstərir ki, stres və tükənmə hissi kişilərə nisbətən daha çox qadınlarda özünü göstərir, xüsusən də işləyən atalara nisbətən daha çox işləyən analara təsir edir.

Bunun post-pandemiya dövrü üçün çoxsaylı təsirləri ola bilər. Odur ki, bu faktor həm şirkətlərin, həm də ümumilikdə cəmiyyətin bu qeyri-bərabərliyi azaltmağın yollarını tapmasını vacib edir.

Qeyri-bərabər tələblər

Qadınlarda tükənmə hissinə dair son məlumatlar xüsusilə narahatlıq doğurur. LinkedIn tərəfindən təqribən 5000 amerikalı arasında keçirilmiş sorğuya əsasən, işlə bağlı səbəblərdən güclü və ya orta stress keçirənlər işləyən qadınlar arasında 74 faiz çıxıbsa, işləyən kişi respondentlər arasında belələri yalnız 61 faiz təşkil edib.

"Great Place to Work" (tərc.-İşləmək üçün əla yer) konsaltinq şirkəti və "Maven" startapı tərəfindən aparılmış ayrıca araşdırma isə göstərib ki, ödənişli işdə işləyən analarda ödənişli işdə işləyən atalara nisbətən tükənmə hissinin yaranması ehtimalı 23 faiz daha çoxdur.

Təhlil göstərib ki, ABŞ-da təxminən 2,35 milyon işləyən ana pandemiya başlayandan bəri, məhz "evdə və işdə qeyri-bərabər tələblər səbəbindən" tükənmə hissini yaşayıblar.

Ekspertlər ümumiyyətlə razılaşırlar ki, qadınların tükənməsinin səbəbi bir deyil, lakin onlar qəbul edirlər ki, iş yerində bərabərsizlik halları bir qayda olaraq ənənəvi gender rolları ilə bağlıdır.

ABŞ-da qadınlar hələ də bir kişinin qazandığı hər dollarla müqayisədə orta hesabla təxminən 82 sent qazanırlar və Avropanın bir çox ölkəsində buna bənzər fərq mövcuddur.

Jianın şirkəti gender baxımından maaş fərqi barədə məlumatlarını dərc etmir, lakin Jia bunun əhəmiyyətli olduğunu güman edir. Üstəlik, o düşünür ki, bir çox kişi həmyaşıdları ondan daha çox qazanır, bu da ona böyük stres yaradır.

"Özümü aşağı qiymətləndirdiyim barədə fikir məni çox məyus edir, lakin mən maaşımın artırılmasını xahiş edərək özümü çalışdığım şirkət üçün arzuolunmaz işçiyə çevirmək riskini almaq istəmirəm", - Jia deyir. - Bu, daim davam edən daxili mübarizədir."

Tədqiqatlar göstərir ki, aşağı gəlirləri olanların stres yükü daha yüksəkdir və ümumiyyətlə bu, psixi sağlamlığın pisləşməsilə əlaqəlidir. Lakin bir sıra xüsusi aparılmış tədqiqatlar göstərib ki, qadınlar arasında tükənmə hallarının çoxluğuna gətirib çıxaran səbəblər iş şəraitindəki fərqlər və gender amilinin irəliləyişə təsiri ilə bağlıdır.

Qadınlarda niyə tükənmə hissi yaranır?

2018-ci ildə Monreal Universitetinin tədqiqatçıları dörd il ərzində 2026 işçininin müşahidə olunması əsasında aparılmış bir araşdırma dərc ediblər.

Alimlər belə nəticəyə gəliblər ki, qadınlar kişilərə nisbətən tükənməyə daha çox həssasdırlar, çünki qadınlar kişilərə nisbətən daha az hallarda vəzifədə irəli çəkilirlər və buna görə də daha az səlahiyyətə malik olurlar, bu isə stres və məyusluğun artmasına gətirib çıxara bilər.

Tədqiqatçılar həmçinin aşkar ediblər ki, qadınlar daha çox hallarda tək valideynli ailənin başçısı olur, uşaqlarla bağlı stres yaşayırlar, ev işlərinə vaxt sərf edirlər və onların özünə verdikləri dəyər daha aşağı olur - bütün bunlar tükənmə hissini gücləndirə bilər.

Montreal Universitetinin professoru və bu araşdırmanın müəlliflərindən biri olan Nansy Beauregard qeyd edib ki, 2018-ci ildəki araşdırmasını nəzərdən keçirərkən, komandasının araşdırmalarında nümayiş etdirilən mövcud bərabərsizliklər və disbalansın Covid-19 dövründə gücləndiyi aydın olub.

"İş qüvvəsinin insan kapitalının davamlı inkişafı baxımından biz düzgün istiqamətdə irəliləmirik", - Nansy Beauregard deyib.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ