SON DƏQİQƏ

Yeni ildən pensiyalar artacaq: Bəs bu artım bahalaşmanı qarşılaya biləcəkmi?

Tarix:9-10-2022, 22:19 | Oxunub: 589

Azərbaycanda növbəti ildən bütün növ pensiyalarda artımlar olacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bəyan edib.

Mütəxəssislər hesab edir ki, pensiyaların artım göstəricisi ən yaxşı halda yüksək qiymət artımı ilə müqayisədə əhaliyə az da olsa kömək edir, amma heç də inflyasiya rəqəmlərini üstələmir.

Sosial siyasəti güclü olan ölkələrdə isə əhalinin real gəlirləri adətən inflyasiya göstəricilərini üstələyir, təhlilçilər deyir.

Azərbaycan ƏƏSM-nin sözçüsü Fazil Talıblı BBC News Azərbaycancaya bildirib ki, 2023-cü ildə təqaüdçülərə bu il ödənilmiş 200 manat yardım məbləği pensiyaların baza hissəsində öz əksini tapacaq. 

"Həmin məbləğ pensiyanın tərkibində olmaqla yeni ildən pensiya məbləği orta aylıq əmək haqqının faizilə indeksləşdirilərək artırılacaq”, - Fazil Talıblı bildirib.

Bu il bütün növ pensiyalara maddi yardım şəklində 200 manat dəyərində əlavələr edilib. Bu məbləğ təqribən 16,7 manat olmaqla hər ay pensiyaçıların aldıqları təqaüdə əlavə olunub. 

"Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12ay) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq. Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq", - nazirlik bildirib.

Qurum deyir ki, gələn il üçün pensiyaların artımı bu il üçün orta aylıq əmək haqqının artım faizi ilə müəyyən ediləcək. Orta aylıq əmək haqqında artım faizi gələn ilin ilk ayında Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdiriləcək.

Rəsmi statistik məlumatlara görə, 2022-ci ilin 8 ayının nəticələri əsasında orta aylıq əmək haqqının əvvəlki dövrə nisbətən artımı 13.5 fazi olaraq göstərilir.

İqtisadçı Rövşən Ağayev Bakı Araşdırmalar İnstitutunda (BAİ) dərc olunan məqaləsində rəsmi statistikaya istinadən yazır ki,  son 2 ildə (2021-2022 illər) Azərbaycanda inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bu göstərici əhalinin adambaşına gəlirlərinin artım tempini az qala 5-6 dəfə üstələyib. 

Azərbaycanda inflyasiya ilə əhali gəlirləri arasında əlaqə

ŞƏKLİN MƏNBƏYİ,BAKI ARAŞDIRMALAR İNSTITUTU

Şəklin alt yazısı,

Rəsmi statistikaya əsasən 2016-2022-ci illərdə Azərbaycanda gəlirlər, yaşayış minimumunun dəyəri və inflyasiya arasında əlaqə

BAİ-nin araşdırmasına görə, zəruri qida və kommunal xidmətlər səbətinin dəyəri əsas götürüldükdə, son 6 ildə əhalinin yaşayışı 75%-dən çox bahalansa da, orta maaşlar 65%-ə yaxın artıb. Əhalinin orta gəlirləri isə daha zəif templə artıb. 

 "2016-2021-ci illərdə adambaşına nominal gəlirlər cəmi 21% artmışdı və 2022-ci il üzrə gözlənilən 13-14%-lik mümkün artım da nəzərə alınsa, qiymətlərin gəlirlərdən az qala 2 dəfə sürətlə artdığı aydın görünür”, - BAİ-nin araşdırmasında qeyd edilib.

"İndeksasiya real qiymətlərə görə aparılmalıdır"

İqtisadi məsələlər üzrə təhlilçi Toğrul Marşallı hesab edir ki, hökümətin pensiyaları orta əmək haqqının artım faizinə görə indeksləşdirməsi düzgün yanaşma deyil.

Onun sözlərinə görə, bu üsul qiymət artımı qarşılığında heç də əhalinin gəlirlərini əhəmiyyətli dərəcədə yüksəltmir.

"Hökümət oturub gözləyir ki, özəl sektor əmək haqlarını bahalaşmaya uyğun qaldıracaq, amma bu, baş vermir. Nəticə etibarı ilə insanların pensiyasının artımı qiymətlərin artımını heç bir halda əvəz etmir. Həmişə qiymət artımı daha yüksək olur", - Toğrul Marşallı deyib.

İqtisadçı deyir ki, son illərdə hökümət bir ilin sonu yeni ilin əvvəlində bu indeksləşdirilmə siyasətini aparır, amma bu, əhalinin gəlirləri baxımından heç də uğurlu deyil.

Cənab Marşallı təklif edir ki, hökümət ildə azı iki dəfə indeksləşdirilmə aparsın. O izah edir ki, hazırkı halda əhalinin gəlirlərinin artımı qiymət artımlarından dəfələrlə geri qalır.

"Bizim ölkədə pensiyanı daha çox həssas qruplar alır, yaşlılar, ahıllar və s. Onların isə xüsusi xərcləri var, dərman, ərzaq, kommunal ödənişlər. Onların qiymətləri isə daha çox artır. Bunları nəzərə alaraq onların indeksləşdirilməsi real qiymətlərə əsasən baş verməlidir, amma bizdə bu orta əmək haqqına görə aparılır, bu, düzgün deyil. Artımlar elə olmalıdır ki, ən azı inflyasiya səviyyəsini üstələsin", - cənab Marşallı deyib.

Nazirlik yeni ildə pensiyalara "yüksək artım" proqnozlaşdırır

Yeni ildən pensiyaların artımı gözlənilir

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hesab edir ki, bu il orta aylıq əmək haqqı ciddi artıb, ona görə də növbəti il üçün indeksasiya faizinin daha yüksək olacağını proqnozlaşdırırlar, amma qurum hələ ki, bu gözləntini rəqəmlə ifadə etməyib.

Yeni ildən indeksləşdirilmə hər iki növ pensiyaçılara, ümumi pensiya alanlara və qulluq stajına görə təqaüd alanlara şamil ediləcək. 

Nazirlik Prezidentin bu ilin fevralında verdiyi sərəncamına əsasən, qulluq stajına görə təqaüd alan dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər, ədliyyə işçiləri kimi şəxslərin pensiyalarının indeksləşdirilməklə artırılması barədə təkliflər hazırlayıb. Yeni mexanizmlər bu gün Milli Məclisin komitə iclasında müzakirə olunaraq plenar iclasa təklif edilib. 

Ötən il pensiyaçılara ayrılan 200 manatlıq maddi yardım qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilməyib, amma  yeni təkliflə həmin ödəmə onlara da aid ediləcək. 

Rəsmi məlumata görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqa şəxslər bu kateqoriyaya aid edilirlər.

Bundan başqa, təkliflər Milli Məclis tərəfindən təsdiq edilsə, qulluq stajına görə pensiya alan şəxlərin də təqaüdləri hər il orta illik əmək haqqının artım fazinə görə indeksləşdiriləcək. 

Növbəti ildən bu indeksləşdirilmənin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulub. Yəni, indiyə kimi həmin şəxslər pensiyalarında indeksləşdirmə aparılması üçün təqaüdə çıxdıqları qurumlardan həmin qurumda əmək haqqının artması barədə sənəd gətirməli olublar, artıq buna ehtiyac qalmayacaq. Nazirlik elektron qaydada bu işləri həll edəcək.

Nazirlik deyir ki, yeni dəyişiklər bu sahədə inzibatçılığın yüngülləşdirilməsinə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyinin aradan qalxmasına imkan yaradacaq.

"Qiymət artımının real gəlirləri dəfələrlə üstələməsi faktdır"

Millət vəkili Vahid Əhmədov da düşünür ki, hökümətin pensiyaları orta aylıq əmək haqqında artım faizinə uyğun artırması ölkədəki qiymət artımını qarşılamır, əhaliyə müəyyən qədər yardım etmiş olur.

Vahid Əhmədov deyib ki, ölkədəki qiymət artımının real gəlirləri dəfələrlə üstələməsi faktdır və bahalaşma çox sürətlə gedir.

Onun sözlərinə görə, hökümətin siyasəti rəsmi inflyasiyaya əsaslansa da, qeyri-rəsmi inflyasiya kifayət qədər yüksəkdir.

Vahid Əhmədov BBC News Azərbaycancaya deyib ki, o Milli Məclisdə inflyasiya və əhalinin gəlirləri məsələləri ilə bağlı bir neçə təklif verib.

"Biz çoxlu mal idxal edirik. Xüsusilə bahalaşan ərzaq məhsullarında idxalın payı kifayət qədər böyükdür. Ərzağı idxal etdiyimiz Ukrayna, Rusiyada vəziyyət pis olduğu üçün qiymət artımı böyükdür. Digər tərəfdən Avropada, Baltikaynı ölkələrdə də enerji qiymətləri bahalaşıb deyə orda da bahalaşma var. Azərbaycanda da süni qiymət artımı var", - Vahid Əhmədov deyib.

Hökümətə təkliflər verilib...

Cənab Əhmədov bildirib ki, hökümət bəzi işlər görür, amma bu işləri sürətləndirməyə ehtiyac var.

O izah edir ki, idxal olunan mallar kəmiyyətcə böyükdür, ona görə də burada güzəştlərə getmək lazımdır.

"Məsələn: ƏDV 18 faizdir, mən təklif edirəm ki, gəlin, bunu diferensiallşdıraq. Ərzaq mallarında əlavə dəyər vergisi 18 faizdən 1-2 faizə endirilsin. Digər mallar misal üçün avtomobillər, mebel məhsulları, eletronik cihazlar üçün ƏDV-ni 30-35 faiz edək. İnsanlar bu məhsulalri uzun illərdə bir dəfə alırlar, amma ərzaq, gündəlik tələbat malların hər gün alırlar", - Vahid Əhmədov deyib.

O deyib ki, hökümətin dövlət rüsumlarını da azaltmaq səlahiyyəti var, bu da təsir edə bilər.

Millət vəkili bildirib ki, bahalaşmanı da azaltmaq olar, bunun üçün isə ölkədə rəqabət məcəlləsi qəbul edilməlidir.

"Bu məcəllə hazırdır, Nazirlər Kabineti bu məcəlləyə baxıb, problem yoxdur. Amma hələ gəlib bizə çatmayıb", - cənab Əhmədov deyib.

Onun fikrincə rəqabət məcəlləsi Azərbaycanda azad rəqabəti təmin edər və bu müəyyən qədər qiymət siyasətinə təsirini göstərər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ