SON DƏQİQƏ

Hökumət Azərbaycanda 600 min yoxsul olduğunu hesablayıb

Tarix:22-08-2022, 21:14 | Oxunub: 561

Dövlət Statistika Komitəsi (DSK) ötən ilin sonuna ölkədə yoxsulluq səviyyəsini açıqlayıb. Rəsmi rəqəmlərə görə, indi ölkə əhalisinin 5.9 faizi yoxsuldur. Bu il yanvarın birinə ölkədə 10 milyon 156 min nəfər yaşadığı bildirilir (yerli əhali sayı). Bu o deməkdir ki, hökumətin hesablamalarına görə, Azərbaycanda 600 min yoxsul şəxs var. Bu rəqəm 2020-ci illə müqayisə aşağı olsa da, hələ də pandemiyaöncəsi göstəriciləri aşır. 2019-cu ildə ölkədə yoxsulluq göstəricisi 4.8 faiz idi. Pandemiya məhdudiyyətlərinin yayıldığı 2020-ci ildə yoxsul sayı təxminən 30 faiz artaraq 6.2 faizə yüksəlmişdi. Həmin göstərici 2011-ci ildən bəri ölkədə qeydə alınan ən yüksək yoxsulluq göstəricisi idi.


Cədvəl: 2001-2021-ci illərdə Azərbaycanda yoxsulluq göstəricisi
Kimlər yoxsul sayılır?
Rəsmi bölgüyə görə, yoxsulluq fərdin və ya sosial qrupun bəlli iqtisadi durumunun xarakteristikasıdır. Belələri yaşamaq üçün zəruri azuqə, qeyri-ərzaq və xidmətlərin minimum toplusuna əli çatmır, eləcə də iş qabiliyyəti yetərsizdir.

Hökumətin hesablamasına görə, 2000-ci illərin başından bəri ölkədə yoxsulluq göstəricisi kəskin azalıb. Ancaq müstəqil iqtisadçıların çoxu metodologiyanı manipulyativ, yəni yönləndirici və yanıldıcı sayır. Azərbaycanda yoxsulluğu hesablamaq məqsədilə 1992-ci ildə "Minimal istehlak büdcəsi haqqında" Qanun qəbul edilmişdi. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ölkə üzrə istehlak büdcəsinin məbləği orta əməkhaqqı səviyyəsindən yüksək idi. Bu isə əhalinin mütləq əksəriyyətinin yoxsul olması anlamına gəlirdi. Dünya Bankının 1995-ci ildə apardığı hesablamada Azərbaycanda əhalinin 62 faizinin yoxsul olduğu üzə çıxmışdı. Kəskin yoxsulluqdan əziyyət çəkənlərsə ölkədə hər beş nəfərdən biri, yəni əhalinin 20 faizi idi.
205 manat
2000-ci illərin əvvəllərində ölkədə yoxsulluğun ölçülməsinə yanaşma dəyişdi. Bu dövrdən sonra artıq hökumət yoxsulluğu ölçməkdən ötrü DSK-nın hazırladığı "Ev təsərrüfatlarının müayinəsi" sənədinə istinad edirdi. Bu yanaşmaya görə, rifah göstəricisi kimi adambaşına düşən istehlak xərclərinin həcmi götürüldü. Belə hesablama əsasında 2001-ci ildə ölkə üçün yoxsulluq səviyyəsinin 49 faiz olduğu müəyyənləşdirilmişdi.

Hazırda istifadə edilən yanaşmaya görə, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün öncə ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali sayılır. Rəsmi açıqlamada bildirilir ki, 2021-ci ildə yoxsulluq həddi 204 manat 70 qəpik müəyyən edilib. Yəni ayboyu gəliri 204 manat 70 qəpikdən az olan şəxslər yoxsul sayılıb. Müstəqil ekspertlər elə bu rəqəmin reallığı əks etdirib-etdirməməsini dartışır.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ