SON DƏQİQƏ

İrandakı “Z” nəsli “həyatı başqa cür yaşaya biləcəyini anladı”

Tarix:18-10-2022, 22:36 | Oxunub: 489

16 yaşlı Sarina İsmayılzadə öldürülməzdən əvvəl deyib ki, həmyaşıdlarının New Yorkdakı yeniyetmələr kimi yaşamağını istəyir

İranda dini idarəçiliyə qarşı etirazlar yeni nəsil qadın və qızlar arasında görünməmiş sürətlə yayılmağa başlayıb.

İranlı gənclər sosial media paylaşımlarında niyə hakimiyyətə qarşı çıxıb həyatlarını riskə atdıqlarını izah edirlər:
Mollalar, rədd olun”

Bu, artıq 11 yaşına qədər gənc qızların da qoşulduğu etirazçı elektoratın şüarıydı.

Sosial şəbəkələr dini lider Ayətullah Əli Xameneinin şəkillərinin divarlardan çıxarılıb cırılmasını və sonra da yandırmasını əks etdirən videolala doludur.

 

Onlar hicabı "düzgün” taxmadığına görə saxlanan və polis şöbəsində ölən gənc kürd qadına ithafən başqa bir şüar da səsləndirirlər - "Birləşməsək, növbəti Məhsa Əmini biz olacağıq”.

Rejim Əmininin ölümündən sonra başlayan aksiyalara sərt reaksiya verir, amma etirazlar səngimir.


22 yaşlı "TikTok” istifadəçisi Hədis Nəcəfi aksiya yerinə gedərkən çəkdiyi videoda daha yaxşı gələcəklə bağlı xəyallarını dilə gətirmiş, "Bir neçə il sonra geriyə baxanda hər şeyin yaxşılığa doğru dəyişmiş olmasına sevinəcəm" demişdi.

 

Ailəsi Hədisin bu videonu çəkəndən təxminən bir saat sonra güllələndiyini açıqlayıb.

Anası sosial şəbəkədə paylaşdığı videoda deyib ki, Hədisin ürəyində, mədəsində və boynunda güllə yaraları olub:

"İşdən gəldi, ac olduğunu dedi. Amma heç nə yemədi, Mahsa Əmininin ölümünə görə keçirilən aksiyaya ac getdi”.

 

İnsan haqları qruplarının məlumatına görə, aralarında uşaqların da olduğu onlarla gənc təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Ən böyük zərbə İranın "Z” nəslinə dəyir.

 

İranlı sosioloq Hüseyn Qaziyan deyir ki, etiraz üçün sosial mediadan istifadə əsas faktorlardan birinə çevrilib; eyni zamanda, dəyişiklik üçün başqa şansın olmamasının tamamən dərk edilməsi də mühüm rol oynayıb:

 

"Bu nəsil daha müasirdir, yaşadıqları dünyadan xəbərdardır. Onlar fərqinə varıblar ki, həyatı başqa cür də yaşamaq olar. Rejimdən ümidlərini kəsiblər və bu onlara cəsarət verir”.

16 yaşlı video bloqçu Sarina İsmayılzadə də "YouTube” kanalındakı paylaşımında cəsarət nümayiş etdirib:

"Biz İrandan kənardakı həyatdan xəbərsiz olan 20 il əvvəlki nəsil kimi deyilik. Özümüzdən soruşuruq ki, niyə biz New Yorkdakı və ya Los-Ancelesdəki yeniyetmələr kimi əylənə bilmirik”.

 

Bu gənc qadınlar layiqli həyat yaşaya bilmək üçün hər cür riskə hazırdırlar
Amnesty İnternational” təşkilatının məlumatına görə, Sarina aksiyaya gedib və orda başına vurulan zərbələr nəticəsində həyatının itirib. İran bu ittihamı rədd edir, bildirir ki, gənc qız binanın damından atılaraq intihar edib.

 

Sarinanın ailəsini rejimin versiyasını qəbul etməyə məcbur ediblər, onlar hadisəylə bağlı mediaya açıqlama verməyiblər.

 

Videolardan birində Sarina Hozier-in "Take Me to Church" mahnısını oxuyub.

Bu mahnıda katolik kilsəsinin İrlandiyadakı nüfuzuna etiraz edilir; o, qlobal azadlıq himninə çevrilib.

 

İnsan haqları üzrə araşdırmaçı Azadə Pourzandın fikrincə, etirazlar mühüm dəyişiklik anının təmsilçisidir.

 

Ekspert deyir ki, gənc qadınların tələblərindəki konkretlik onu heyran edir:

"Bir-birilərilə bəsit ifadələrlə danışmaları. Onlar öz tələb və ümidlərini dünyaya izah etməyi bizdən qat-qat yaxşı bacarırlar”.

 

Pourzand deyir ki, gənc nəsil rejimi daxildən dəyişmək istəyib bunu bacarmayan əvvəlki nəsillərin təcrübəsindən dərs alıb.
Pourzand gənclərin cəsarətli mövqeyini yüksək qiymətləndirir; qeyd edir ki, "Əvvəlki nəsillərin gələcəyi onlardır. Gənclər qorxmadan yaşamaq istəyirlər”.

Onun İranla şəxsi bağı da var. Anası Mehrəngiz Kar vaxtilə bu ölkənin insan haqları üzrə tanınmış vəkillərindən biri olub, sonra ordan qaçmaq məcburiyyətində qalıb. Pourzand deyir ki, anası İranda baş verənləri kədər və qürurla izləyir.

 

Nahar zamanı tətbiq olunan "qızlar ayrı, oğlanlar ayrı” qaydasına etiraz edən kollec tələbələri yeməkxananın kənarında - yerdə oturub birlikdə yemək yeyəndə anası buna çox sevinib.

"Mən mükafatımı aldım, həyatım boyu apardığım mübarizənin mükafatını aldım” – o, qızına belə deyib.

İndi İrandakı bütün nəsillər hadisələri izləyir və gözləyirlər.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ