SON DƏQİQƏ

Rusiyada yaşayan azərbaycanlı: “Gedirsən banklara pul çıxartmağa, limit qoyublar”

Tarix:4-03-2022, 00:30

Rusiya Ukrayna ilə mübaribəyə görə Qərbin sərt sanksiyaları ilə üzləşib.

Bazar ertəsi rubl dollar və avroya nisbətdə sürətlə ucuzlaşıb.

Rusiya Bankı "mövcud vəziyyətlə əlaqədar" səhmlərin ticarətini başlatmamaq qərarına gəlib.

Rusiyada yaşayan azərbaycanlısınızsa, vəziyyətiniz barədə bizə yaza bilərsiniz. Bu linkdə yazın.

Rublun sürətlə ucuzlaşması, maliyyə sanksiyaları uzun illərdir ki, Rusiyada yaşayan azərbaycanlılara necə təsir edib?

"Olduğum şəhərə 4-5 əsgər cənazəsi gətirildi"

28 ildir Nijni-Novqorod şəhərində yaşayan azərbaycanlı Anar Quliyev:

- Mən topdan kələm alıb-satıram. Kələmi Qırğızıstandan alırdım 37 rubla, indi qalxıb olub 50 rubl. Əvvəl alırdım 37 rubla, satırdım 49 rubla, ancaq indi 50 rubla yerindədir. Mən onu alıb 49-a sata bilmərəm axı.

Bu dəqiqə gedirsən banklara pul çıxartmağa, limit qoyublar. Qabaq kartla 100 min rubl çıxara bilirdinsə, indi 5-10 mindən artıq pul vermir.

On gün əvvələ kimi kredit ala bilirdik, ancaq 10 gündür ki, tamamilə dayandırıblar. Çox çətinlikdir. Bilmirik, dünyanın axırı hara gedir. Əvvəllər pulu göndərirdilər, mən o pulu bir faizlə çıxarda bilirdim. Ancaq indi göndərirlər, çox [faiz] olur, dəqiq məbləği deyə bilməyəcəm, ancaq sərf etmədi. Fərq çox oldu, ona görə bir az çətinliyə düşdük.

Mənim olduğum şəhərdə 4-5 əsgər cənazəsi gətirildi. Əlbəttə ki, bizim olduğumuz şəhərdə də etirazlar keçirilir. Ruslar da narahatdırlar. Burdakı bizim azərbaycanlılardan da etirazlara qatılanlar var. Mağazası olan dost-tanışlar var. Pulun düşməyi onlara da ziyan edib.

"Adi insanlar arasındada təşviş var"

Həştərxan vilayətində çalışan, adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamı:

- Hələki hadisə təzə baş verib. Ona görə də ətraflı nəsə demək çətindir. Lakin bu gün tikinti materiallarının, avtomobil ehtiyat hissələrinin qiymətində ciddi artım olub. Maşınların da qiyməti bahalaşıb. Rubl ucuzlaşdığı üçün, biznesimizdə nağd pul dövriyyəsinin xərci artıb. Tərəfdaşlar rubl götürmürlər, onlar artıq rublla işləmək istəmirlər.

Maliyyə çatışmazlığı səbəbindən banklar kredit verə bilmir. Bankların özündə pul çatışmadığı üçün, depozit faizlərini artırıblar ki, camaat gətirsin pulunu banklara qoysun. Rusiyanın böyük biznesmenləri proqnoz verir ki, mövcud vəziyyət 2014-cü ildəki kimi olmayacaq. Bu dəfə iqtisadi çətinliklər daha uzun çəkəcək.

Bazarda hər gün hər şey bahalaşır. Dünən bir qiymət idi, bu gün bazara gedəndə, görürsən, qiymət yüksəlib.

Müharibə başlayandan bəri artıq ipotekanın da qiyməti qalxıb. Ev almaq istəyənlər ipoteka kreditlərinin faizi yüksəldiyi üçün ev almaq istəmirlər. Bu isə daşınmaz əmlak bazarına da artıq ciddi təsir göstərir. Mən olduğum rayonda insanların ən çox məşğuliyyəti fermer təsərrüfatı və restoran xidməti sektorudur. Bu sahədə də ciddi durğunluq yaşanır.

Rusiya daxilində biznes fəaliyyəti ilə məşğul olan insanların müəyyən mənada öz işlərini qorumaq şansı var. Çünki onlar alqı-satqıları rublla aparırlar. Lakin kimlər ki, işlərini digər ölkələrdə fəaliyyət göstərən müəssisələrlə müştərək qurublar, onların itkiləri çox olacaq.

Böyük zavodlar artıq bağlanma təhlükəsi ilə üzləşiblər. VAZ zavodu var, orda əsasən Fransanın Reno şirkəti işləyirdi. Sanksiyadan sonra o da artıq çıxıb, daha işləmir. Maşınların ehtiyat hissələri ilə bağlı problemlər ortaya çıxıb.

Faiz dərəcələri də qalxdığı üçün banklardan pul götürmək də şirkətlərə sərf etmir. Dövlət artıq banklara 18 faizlə pul verirsə, onlar da kreditləri müştəriyə daha böyük faizlə verəcəklər. SWIFT sistemi də dayandığı üçün heç bir dövlət Rusiya bankları ilə işləmək istəmir.

Adi insanlar arasında da təşviş var. Onlar kartlarında olan pulları çıxardıb nağd saxlamaq istəyirlər. Əgər əvvəllər gün ərzində 500 min vəsait çıxarmaq mümkün idisə, indi həmin limiti 30 minə salıblar. Bu da dövlətdə maliyyə çatışmadığını göstərir.

Mən əvvəllər də Rusiya banklarına pul qoymurdum. Çünki banklar 6 faizlə götürürdü, amma illik inflyasiya gəlirdi 8 faiz olurdu, ona görə də banklara pul qoymaq mənasız idi.

Kənd təsərrüfatında istifadə edilən, xüsusi ilə idxal edilən dərmanların qiymətində 2-3 dəfə bahalaşma müşahidə edilir. Artıq xaricdən gətirilən məhsullarda defisit yaranıb.

"Burda hər şey yaxşıdır"

Nijni-Novqorod şəhərində yaşayan, telefon mağazasının sahibi Amid Həsənov:

- Hazırda hər şey normaldır, hər şey yaxşıdır, əksinə burda insanlar Putinin bu qərarını dəstəkləyir, orda [Ukraynada] 8 ildir insanların başına gündə bomba yağdırır. Kimsə buna cavab verməlidir də.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ