SON DƏQİQƏ

Status gorbagor olub - ABŞ və Fransa reallıqla nə zaman barışacaq?

Tarix:14-09-2021, 10:27

Ekspert: "Əsas şərt Xankəndi və digər ərazilərimizdə suveren hüquqlarımızın bərpası ilə bağı işlərin gücləndirilməsidir”

ABŞ və Fransanın İrəvandakı səfirləri "status” deyib durur. Bu dəfə çeynənmiş ifadəni Amerika səfiri Linn Treysi dilə gətirib. ABŞ-dakı məlum 11 sentyabr teraktının ildönümü tədbiri çərçivəsində xanım diplomat deyib: "Dağlıq Qarabağın statusu həll edilməyib, bu məsələ ATƏT-in Minsk Qrupunun gündəliyindədir”.  

Təbii ki, rəsmi Bakının sərt cavabı gecikməyib. Azərbaycan XİN-in yaydığı açıqlamada bildirilir: "ABŞ səfirinin ”Dağlıq Qarabağın statusu məsələsinin həll olunduğunu hesab etmirik. Bu məsələ Minsk Qrupunun gündəliyindədir", - deyə açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır. Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir".

Ancaq rəsmi Bakı öz mövqeyini hər dəfə qətiyyətlə ortaya qoysa da, Minsk Qrupunu israrla diriltməyə və ermənidən çox erməni olmağa çalışan ABŞ və Fransa yenə öz dediklərində qalırlar. Bununla onlar nəyə ümid edirlər? Belə ritorika, dirəniş daha nə qədər sürəcək və bu iki ölkə yeni reallıqla nə vaxtsa barışacaqmı?

elshen.JPG (54 KB)

 Elşən Mustafayev

Politoloq Elşən Mustafayev "Yeni Müsavat”a bildirdi ki, istər 44 günlük müharibənin gedişində, istərsə də 3 tərəfli sazişin imzalanmasından sonra Azərbaycan Dağlıq Qarabağın status məsələsinin gündəlikdə olmamasını və bu ifadənin tarixdə qaldığını dəfələrlə bəyan edib. Bu mövqe  məsələyə Azərbaycanın rəsmi yanaşması kimi qəbul olunmalıdır. Amma nəzərə alınmalıdır ki, dünya siyasətində bu konfliktin qalmasını və davam etdikcə ondan müxtəlif siyasi dividentlər götürməyi planlayan güclər də az deyil. Məhz həmin qüüvvələrin ötürməsi ilə problemin yenidən ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə çağırışlar var: "Təbii ki, Azərbaycan tərəfi bu fikirdə olanların cavabını dərhal verməlidir və ATƏT-in 30 ilə yaxın dövrdə fəaliyyətsizliyini fakt kimi daim gündəmə gətirməlidir. Amma əminəm ki, bunlardan sonra da belə cağırışlar dayanmayacaq və məlum güclər, təşkilatlar Azərbaycana yuxarıda söylədiyim səbəblər üzərindən təzyiqlərini davam etdirməyə çalışacaqlar. Onların bu fikirləri söyləyərkən ortaya qoyduqları arqumentləri də sıradan fikir kimi qəbul etmək olmaz. Təəssüf ki, həmin güclər status məsələsini ortaya atarkən problemin həll olunmadığını, rəsmi Bakının hazırda separatçıların mövcud olduğu ərazilərdə  nəzarəti təmin etmədiyini əsas gətirirlər. Sözsüz ki, bu, problemin beynəlxalq miqyasda mövcudluğunu saxlamaq üçün bəhanədir. Amma düşünürəm ki, bu bəhanələri onların əlinə istəmədən biz vermişik. Həqiqətən də Dağlıq Qarabağın bir hissəsində bizim qanunlarımız işləmir və həmin ərazilərə kimlərin gəlib getdiyini, nə işlərlə məşğul olduqlarını dəqiq müəyyənləşdirə bilmirik. Üçtərəfli sazişə görə bu işlərə nəzarəti həyata keçirməyə qarant olmuş Rusiya isə son vaxtlar açıq şəkildə sülhməramlı missiyasından daha çox başqa işlərlə məşğul olur. Azərbaycanın indiyədək Rusiyaya göndərdiyi etiraz məktubları, notalar situasiyanın yaxşı olmamasından xəbər verir. Ona görə də düşünürəm ki, ilk öncə Azərbaycan tərəfi status məsələsi ilə bağlı olan cağırışlara dərhal reaksiya verməklə bu çağırışları edənlərin cavablarını maksimum kəskin verməlidir”.

 
 

 

Ekspert qeyd etdi ki, eyni zamanda nəzarətimizdə olmayan ərazilərimizdə qanunlarımızın işləməsini bərpa etmək məqsədilə işlər gücləndirilməlidir. İlk növbədə nə yolla olursa-olsun Laçın koridoruna nəzarəti rus sülhməramlıları ilə birgə bizim sərhədçilər həyata keçirməlidir. Əraziyə  silahlıların, kənar insanların gəlişinin qarşısı alınmalıdır: "Təbii ki, belə addımlara ilk növbədə Rusiya mane olmağa çalışacaq. Amma əsas odur ki, dirəniş göstərilsin və Rusiya üçtərəfli sazişdə göstərilən öhdəlikləri yerinə yetirməklə məşğul olsun. Yəni ”Azərbaycanın ərazi bütövlüyü təmin olunub" deyilirsə, bundan irəli gələn əsas şərt Xankəndi və digər ərazilərimizdə suveren hüquqlarımızın bərpası ilə bağı işlərin gücləndirilməsidir. Bu istiqamətdə bizim fikrimizin dəyişməz olduğunu mütəmadi dünyaya çatdırmaqla onların planlarının qarşısını almaq olar. Yox, əgər həmin ərazilərlə bağlı fəaliyyətimiz, tələblərimiz zəif olacaqsa, nəinki ayrı-ayrı səfirlər, hətta dövlətlər də tez-tez belə fikirlərlə çıxış edəcəklər".

Akif Nağı Süleymaninin qətlini pislədi » Şəfəqə Doğru

 Akif Nağı 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, ABŞ, Fransa, qismən də Rusiya Minsk Qrupu həmsədrləri institutunu yenidən gündəmə qaytarmağa çalışırlar. Ermənistan da bu məsələdə canfəşanlıq edir. Ermənistan danışıqların bərpasına yeganə çıxış yolu kimi baxır ki, bu müstəvidə nəyəsə nail olsun: "Ermənilərin istəyi aydındır, Qarabağın hələ Azərbaycana qaytarılmayan hissəsində özlərinin hansısa ”siyasi mövcudluqları"nı saxlamağa çalışırlar. Həmsədr ölkələr isə birlikdə bu erməni "arzusu”nu reallaşdırmağa çalışırlar. 30 il ermənilərə xidmət etdilər, Azərbaycan güc yolu ilə prosesi dayandırdı, haqqını bərpa etdi. Fransa zatən bütün gücü ilə ermənilərin istəyinin yerinə yetirilməsinə cəhd göstərir, bunun üçün hətta Azərbaycanla yaxınlaşmağa da çalışır. ABŞ-ın Ermənistandakı səfiri də son açıqlaması ilə tam ermənipərəst mövqedə olduğunu göstərdi. Rusiya  müharibədən dərhal sonra status məsələsinin üzərinə gəlmir, Azərbaycanı qıcıqlandırmaqdan çəkinirdi. Amma son vaxtlar Putin və Lavrov statusdan danışır, sadəcə, bu məsələnin sonra müzakirə olunacağını deyirlər. Rusiya XİN sözçüsü Zaxarova isə bir neçə gün əvvəl məsələni bir az da yaxına çəkərək bildirdi ki, onlar "statusu müəyyən edəcək sülh müqaviləsi” variantlarının Azərbaycan və Ermənistanda müzakirə olunmasını diqqətlə izləyirlər. Bütün bunlar Azərbaycana dost olmayan ölkələrin düşmən Ermənistanla birgə planlarıdır. Deməli, hələ ağır işlərimiz qabaqdadır. Azərbaycan prinsipial mövqeyində qalmalı, danışıqların hər hansı ad altında bərpa olunmasına imkan verməməlidir. Hər kəs bilməlidir ki, danışıqlar başlayan gün Qarabağın yeni qara günləri başlayacaq. Buna yol verilməməlidir. Torpaqlarımız işğalda olan vaxt bizə sülh yolunu  təklif edənlərlə bağlı dediyimiz ifadəni bir qədər dəyişərək deyirik ki, danışıqların bərpasını təklif edən hər kəs düşmənimizdir. Fransa və ABŞ-ın reallıqla barışması üçün danışıqlara yox, yeni hərbi əməliyyatlara hazırlaşmalıyıq. Daha bir təkanla Xankəndi və Laçın dəhlizinə çıxacağıq. Onda reallıqla barışmalı olarlar".

Etibar SEYİDAĞA,

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ