www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Biləsuvar icra başçısının prezidentə söylədiyi yalan və ya özünü ifşa edən hesabat

Biləsuvar icra başçısının prezidentə söylədiyi yalan və ya özünü ifşa edən hesabat

Bölmə: Xəbər Lenti
Biləsuvar icra başçısının prezidentə söylədiyi yalan və ya özünü ifşa edən hesabat
İcra başçılarının ənənəvi hesabat blefləri arxada qaldı. Təxminən on gün öncə Biləsuvar rayonunda da 2015-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib. Rayon icra hakimiyyətinin bu tədbirlə bağlı rəsmi məlumatında bildirilir ki, hesabat yığıncağında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər. İştirakçılarla işimiz yox. Biləsuvar rayon icra başçısının sözügedən hesabatına keçməzdən öncə onu bildirək ki, bu hesabatlar rayon ictimaiyyəti, fəallar qarşısında verilsə də tədbirdə Prezident Adminstrasiyasının həmin rayon üzrə kuratoru da iştirak edir. Bu kurator ölkə rəhbərinin rəsmi nümayəndəsi sayılır və başqa sözlə hesabat həm də prezidentə verilən hesabatdı. Biləsuvar rayonunda da 2015-ci ilin birinci yarımilliyinin yekunlarına həsr edilmiş hesabatla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmada da bu məqamı əsas götürdük. Görək icra Başçısı prezidentə və rəhbərlik etdiyi rayonun ictimaiyyətinə verdiyi hesabat həqiqətə nə qədər yaxındır…
Bildirək ki, Mahir Quliyev hesabat məruzəsini yüksək pafosla başlayıb ( bu və bundan sonrakı çıxarışlar Biləsuvar rayon icra hakimoiyyətinin rəsmi internet səhifəsindən götürülüb) və bildirib ki, “respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da son illər, eləcə də 2015-ci ilin birinci yarısında əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir”. Amma apardığımız müqayisəli araşdırma deyilənlərin gerçək olmadığını göstərir. M.Quliyevin hesabatından digər bir hissəyə nəzar salaq: “bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 106.7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 faiz çoxdur. Altı ayda ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 51.5 milyon, ticarətdə 36.2 milyon, tikinti sahəsində 8.0 milyon, sənayedə 9.4 milyon, nəqliyyatda 1.4 milyon, rabitədə 0.2 milyon manat təşkil etmişdir. Ötən ilin müvafiq dövri ilə müqayisədə bütün sahələr üzrə irəliləyişlər əldə olunmuşdur. 2015-cü ilin birinci yarısında Biləsuvar rayonunda yerli gəlirlər 8 milyon 29 min manata qarşı 7.7 milyon manat və ya 95.5 faiz yerinə yetirilmişdir. Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1082 manat, orta aylıq əməkhaqqı isə 282.5 manat olmuşdur”. İlk baxışda adi rəqəmlərdir. Amma bu rəqəmləri səsləndirərkən və iqtisadi inkişafdan danışarkən M.Quliyev ya bir il əvvəlin nəticələrini unudub, ya da ona hesabatı hazırlayanlar qəsdən təxribata yol verib. Gəlin ötən il iyulun 15-də Biləsuvar rayon icra hakimiyyətində Biləsuvar rayonunda 2014-cü ilin birinci yarısının yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında səslənən faktları yada salaq: “2014-cü ilin birinci yarımilində yerli gəlirlər 7.6 milyon manata qarşı 8.2 milyon manat və ya 108 faiz yerinə yetirilmişdir. Yerli xərclər isə 7.6 milyon manata qarşı 7.9 milyon manat və ya 104 faiz icra edilmişdir. Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 116.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 45.1 milyon, tikintidə 39.8 milyon, ticarətdə 24.8 milyon, sənayedə 5.0 milyon, nəqliyyatda 1.2 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Cari ilin birinci yarısında əsas kapitala yönələn investisiyalar 40.3 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 70.9 milyon manat təşkil etmişdir. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat, orta aylıq əməkhaqqı isə 270 manat olmuşdur”.
Rəqəmlər ortadadır və adi riyazi biliyə malik şəxs də rayondakı gerçək durum haqda təsəvvürə sahib ola bilər. Şəxsən M.Quliyev və Biləsuvar rayon icra hakimiyyəti üçün detallarla real durumu açıqlaya bilərik: 2014-cü ilin birinci yarısında ümumi məhsul buraxılışının həcmi 116.2 milyon olduğu halda, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 106,7 milyon manat, yəni 9,5 milyon manat az olmuşdur. Yaxud başqa bir müqayisəyə diqqət edək: 2014-cü ilin birinci yarısında yerli xərclər 7.6 milyon manata qarşı 7.9 milyon manat və ya 104 faiz icra edildiyi halda, bu il yerli gəlirlər 8 milyon 29 min manata qarşı 7.7 milyon manat və ya 95 faiz yerinə yetirilmişdir. Üçüncü bir müqayisəyə nəzər salaq: 2014-cü ilin ilk altı ayı ərzində Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1206 manat təşkil etmişdisə, bu il adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1082 manat olmuşdur. Bütün bunlardan sonra, yəni bütün sahələr üzrə geriləmə faktının qarşısında iqtisadi inkişafdan danışmaq gülüncdür. Bu rəqəmləri inkişaf kimi rəsmiləşdirib hesabata salmaq isə yuxarıda deyildiyi kimi, prezidentə dolayısıyla söylənilən yalandır!