www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Bakı Baytarlıq İdarəsinin fəaliyyəti bərbad haldadır

Bakı Baytarlıq İdarəsinin fəaliyyəti bərbad haldadır

Bölmə: Xəbər Lenti
Bakı Baytarlıq İdarəsinin fəaliyyəti bərbad haldadır
Aslan Aslanov ət kəsimi məntəqələrində, kolbasa sexlərində mövcud olan problemləri görməzdən gəlir

Adı müxtəlif qanunsuzluqlarda çəkilən rəis hələ ki, Heydər Əsədovun etimadını doğrulda bilməyib

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bakı Şəhər Baytarlıq İdarəsinin fəaliyyəti yarıtmaz vəziyyətdədir. Paytaxtın ət kəsimi məntəqələrində mövcud olan antisanitariya, həmçinin kolbasa sexlərində və dönərxanalarda yaşanan acınacaqlı durum belə deməyə əsas verir. Xatırladaq ki, Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə keçdikdən sonra idarənin strukturunda kadr islahatları apardı və Aslan Aslanov sözügedən quruma rəis təyin edildi. Apardığımız müşahidələr və mətbuatda yayılan məlumatlar isə idarə rəisinin ötən müddət ərzində etimadları doğrultmadığını göstərir. Belə ki, hazırda Bakı şəhərinin ərazisində yerləşən sallaqxanaların bir çoxunda natəmizlik, pintilik baş alıb gedir. Bundan başqa, ət bazarlarında xəstə və ölmüş heyvan ətlərinin satıldığına dair də yetərincə iddialar var. Hətta DBNX-nin əməkdaşları keçirdikləri reydlərdə bu faktları aşkara çıxarıblar. Buna baxmayaraq, qeyd olunan sahədə vəziyyət hələ də qənaətbəxş deyil. Son vaxtlar əhaliyə xəstə heyvanların ətinin satılması ilə bağlı məlumatlar mətbuatın gündəm mövzularından birinə çevrilib. Problemin əsas mənbəyi isə bazarlarda fəaliyyət göstərən ət dükanlarında vətəndaşlara xəstə, ya da mənşəyi bilinməyən ətin satılmasıdır. Bu sahəyə məsul olan Bakı Şəhər Baş Baytarlıq İdarəsinin rəsmiləri isə təəssüf ki, işlərini lazımi səviyyədə aparmırlar. Əldə etdiyimiz məlumatlara görə, idarə rəisinin bir sıra maraqları, daha doğrusu baytar həkimlərin qarşısında qoyduğu bəzi "şərtlər" ət bazarına nəzarətin aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb: "O, şəhərin bütün qəssabxanalarını və ət bazarını öz əlində saxlayır. Buna görə də xəstə heyvanların bazara çıxarılması hallarına tez-tez rast gəlirik. Baytar həkimlərin ət dükanlarına gündəlik satdıqları ətin sağlam olub-olmaması haqda verdikləri arayışlar kağız parçasından başqa bir şey deyil. Aldıqları "şirinlik" baytar həkimlərə qanun pozuntularını görməməyə imkan verir. Qəssabların əksəriyyətinə sağlamlıq kağızı birbaşa 10-20 gün müddətinə verilir. Amma qəssablar hər gün heyvan alır və bu zaman Bakı Şəhər Baytarlıq İdarəsinin verdiyi sağlamlıq arayışının heç bir əhəmiyyəti olmur. Qurumun həkimləri hər gün satılacaq heyvanın ətindən nümunə götürərək ətin sağlam olub-olmaması haqda rəy bildirməlidir. Yəni laboratoriya yoxlaması aparılmalıdır, amma buna əməl edilmir. Elə buna görədir ki, əksər ət kəsimi məntəqələrində murdar şərait hökm sürür. Ən acınacaqlı vəziyyət yarmarkalarda yaşanır. Burda satılan ətlərin görkəmi uzaqdan bildirir ki, bu ətlər xəstə və ya ölü heyvanların əti ola bilər. İdarənin laboratoriyası olsa da, bu sadəcə görüntü üçündür. Bakı şəhərinə daxil olan heç bir heyvan əti bu laboratoriyada yoxlanılmır". Başqa bir iddiaya görə isə, Bakı Şəhər Baytarlıq İdarəsinin həkimləri ictimai iaşə obyektlərində, kolbasa məmulatları sexlərində, baytarlıq müəssisələrində istənilən yoxlamaları aparmırlar: "Buna görə də ictimai iaşə obyektlərində, şadlıq evlərində, kolbasa məmulatları sexlərində istifadə olunan ətlərin mənşəyi dəqiq bilinmir. Bildiyiniz kimi, ətin sümükdən ayrılıb emal müəssisələrinə verilməsi, super-marketlərdə satışa çıxarılması qəti qadağandır. Düzdür, sümüksüz ətlərin satış obyektlərinə daxil olmasına nəzarət etmək çətindir. Amma idarənin rəhbərliyi cəhd göstərsə, bu sahədə vəziyyəti ələ ala bilər. Görünür, Aslan Aslanov hansısa maraqlarının təmin edilməsi müqabilində sümüksüz ətin satış obyektlərinə ayaq açmasına göz yumur". Paytaxtda fəaliyyət göstərən dönərxanalarda da vəziyyət normal deyil. Bizə çatan məlumatlara əsasən, dönərxanalarda mənşəyi məlum olmayan ətlərdən dönərlərin hazırlanması və satılmasının birbaşa səbəbkarı Bakı Baytarlıq İdarəsinin əməkdaşlarıdır: "Şəhər ərazisindəki bütün dönərxanaların sahibləri idarənin işçiləri ilə hər ay hesablaşır. Əks təqdirdə, onların fəaliyyətinə bir gün də olsa icazə verilmir. Dönərxanalardan yığılan qeyri-rəsmi "rüsumlar"ın kimin büdcəsinə getdiyi çoxlarına məlumdur. Ümumiyyətlə, paytaxtda fəaliyyət göstərən bütün baytarlıq obyektləri idarənin əməkdaşlarına "görüm-baxım" edirlər. Bu üzdən Aslan müəllim vəzifəyə keçdikdən qısa müddət sonra maliyyə imkanlarını xeyli yaxşılaşdırıb". Növbəti sayımızda işdən azad olunan şəxslərin yerinə götürülən insanların hansı "imtahandan" keçməsi haqda məlumat verməyə çalışacağıq. İnanmaq istərdik ki, nazir Heydər Əsədov, DBNX-nin rəisi Siyalə Rüstəmova idarədə cərəyan edən nöqsanlara biganə qalmayacaq və rəisin barəsində ciddi ölçü götürüləcək.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.