www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Əmircanlılar Hacıbala Eyvazovun əlindən dad edirlər

Əmircanlılar Hacıbala Eyvazovun əlindən dad edirlər

Bölmə: Xəbər Lenti
Əmircanlılar Hacıbala Eyvazovun əlindən dad edirlər
İcra nümayəndəsi yerli bələdiyyə ilə birgə maxinasiyalar edir

DTV.AZ - Redaksiyamıza daxil olan məlumatlarda Bakının Suraxanı RİH başçısının Əmircan qəsəbə nümayəndəsi Hacıbala Eyvazovun davamlı olaraq törətdiyi özbaşnalıqlara dair müxtəlif faktlar öz əksini tapmışdır. Xatırladaq ki, bu məmurun yol verdiyi qanun pozuntularına dair əvvəllər də redaksiyamıza Əmircan sakinlərindən çoxsaylı şikayət məktubları daxil olmuşdu. Belə məlumatlardan birində Hacıbala Eyvazovun RİH-nin Ərazi İdarəetmə şöbəsinin rəisi və Əmircan bələdiyyəsinin sədri ilə cinayətkar işbirliyinə gələrək birgə törətdikləri maxinasiyalardan bəhs olunurdu. Bildirilirdi ki, bu cinayətkar üçlük fəaliyyətlərini əsil iş bölgüsü əsasında həyata keçirirlər. Bu bölgüyə əsasən torpaqların qeyri qanuni satışını bələdiyyə sədri, qanunsuz tiklilərin inşası üçün saxta sənədlərin tərtibatını isə qəsəbə nümayəndəsi həyata keçirir. Şöbə rəisinin əsas vəzifəsi isə bütün bu əməllərin ört-basdır olunmasıdır. Qəzetimizin ötən saylarında biz bu üçlüyün bəzi əməllərinin ifşa olunması məqsədilə konkret faktlar əks etdirən materiallar dərc etmişdik.Qeyd edək ki, Hacıbala Eyvazov indinin özündə də Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun adından sui-istifadə edərək bir çox ciddi qanun pozuntuları və vətəndaşların hüquqlarının tapdanması hallarına geniş yer verir, rayon rəhbərliyini isə biri digərini sığortalayan yalan məlumatlarla aldadır. Məlumdur ki, ölkə rəhbərliyinin 2009-cu ildə verdiyi müvafiq qərarla bələdiyyələrin balansında olan torpaq sahələri artıq yalnız hərraclar vasitəsilə satılır. Bu məqsədlə yaradılmış hərrac komissiyalarına isə digərləri ilə yanaşı icra orqanlarının nümayəndələri də daxildirlər. Torpaq satışının hərrac yolu ilə həyata keçirilməsində əsas məqsəd bu sahədə rüşvət və korrupsiya hallarının qarşısının alınmasıdır. Lakin Suraxanı RİH başçısının Əmircan qəsəbə nümayəndəsi yerli bələdiyyə ilə “razılığa” gələrək yenə də hərracdan kənar torpaq satışları həyata keçirə bilir. Maraqlıdır ki, bu korrupsioner məmurun uzun müddətli cinayətkar fəaliyyətinə baxmayaraq, hələ də heç bir hüquq-mühafizə orqanı və ya digər aidiyyatı olan qurum onun törətdiyi əməllərin araşdırılmasına başlamamışdır. Bu vəziyyət isə Əmircan sakinlərinin ciddi narahatlığına və haqlı narazılıqlarına səbəb olur. Vəzifədə olduğu müddət ərzində isə Hacıbala Eyvazov artıq həm hüquqi, həm də fiziki şəxslərdən müəyyən “vergilərin” yığılması üsullarına mükəmməl yiyələnib. Bu gün RİH-nin qəsəbə nümayəndəliyinə hər hansı bir arayış üçün müraciət edən vətəndaşlara ilk növbədə konkret qiymətlər əks olunan tariflər təqdim olunur. Məsələn, ailə tərkibini təsdiq edən 2 saylı forma arayışına görə Hacıbala müəllim sakindən 50 manat tələb edir. Əks halda bu arayışın verilməsi qeyri-müəyyən müddətə təxirə salınır. Eyni zamanda da məlumatlarda qeyd olunur ki, hər hansı arayış və ya digər sənədin alınması üçün müəyyən məbləği ödəməyə hazır olan vətəndaşlar belə öz məqsədlərinə bu tezliklə çata bilmirlər. Məsələ bundadır ki, hətta günün iş saatlarında da istər Hacıbala Eyvazovu, istərsə də onun müavini Faiq müəllimi öz iş yerlərində tapmaq olduqca müşkül məsələdir. Bu vəziyyət hələ də icra strukturlarında fəaliyyət göstərən bəzi məmurların mütərəqqi islahatlar anlayışından kifayət qədər uzaq olduqlarını bir daha isbat edir. Ümid etmək istərdik ki, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbərliyi vəziyyətin tam nəzarətdən çıxmasını gözləmədən bu şəxslər barədə lazımi ölçülər götürəcəkdir.