www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » 6 rayonun icra başçılarının məsələsi- İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyev

6 rayonun icra başçılarının məsələsi- İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyev

Bölmə: Xəbər Lenti
6 rayonun icra başçılarının məsələsi- İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyev

6 rayonun rəhbəri tezliklə tutduğu postla vidalaşmalı olacaq



İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyev məsuliyyətə cəlb oluna bilər



Hələ ötən ilin sonlarında qeyd etmişdik ki, 2014-cü ilin əvvəlində bəzi məmurların, əsasən də fəaliyyətlərində ciddi nöqsanlara yol verən icra başçılarının vəziyyəti o qədər də yaxşı olmayacaq. Budur, artıq verdiyimiz proqnozlar özünü doğrultmağa başlayıb. Belə ki, əldə etdiyimiz bilgilərə əsasən deyə bilərik ki, hazırda Xətai, Suraxanı, Xəzər, Nizami, Masallı və Goranboy rayonlarının icra başçılarının tutduqları vəzifələrdən kənarlaşdırılması istiqamətində yuxarılarda gərgin müzakirələr gedir.

Adıçəkilən rayonların icra başçılarının vurulması üçün hazırlanan planın konturları barədə redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, yaxın vaxtlarda İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyev barələrində konkret qərar qəbul olunanadək məzuniyyətə göndəriləcəklər.

Bu şəxslərin hamısının yüksək vəzifədə təmsil olunan məmurlardan biri tərəfindən idarə və himayə olunduğunu iddia edən mənbə qeyd edir ki, böyük ehtimalla onlar məzuniyyətdən sonra öz kreslolarına qayıtmayacaq, ümumiyyətlə, istefaya göndəriləcək, bəzilərinin isə yerləri dəyişdiriləcək.

Maraqlı məsələlərdən biri də odur ki, adıçəkilən rayon icra başçılarının məzuniyyətə göndərilməsi kimin tapşırığı ilə həyata keçirilir? Və bu, sonda kimə nə verəcək? Məhz bu suallar ətrafında danışan məlumatlı şəxs bildirir ki, belə bir addımın atılması Xətai, Suraxanı, Xəzər, Nizami, Masallı və Goranboy rayonlarının icra başçılarının himayədarı ilə maraqları toqquşan başqa bir yüksək çinli məmurun tapşırığı ilə həyata keçirilir: «Artıq bir müddətdir ki, İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyevin vəzifədən kənarlaşdırılması üçün müəyyən cəhdlər edilir. Lakin hər dəfəsində də onların himayədarları bunu əngəlləməyə müvəffəq olurlar. Lakin bu dəfə həmin şəxsin işi bir qədər çətin olacaq. Çünki artıq yüksək çinli məmurlardan biri Xətai, Suraxanı, Xəzər, Nizami, Masallı və Goranboy rayonlarının icra başçılarının yenisilə əvəzlənməsini qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Odur ki, yaxın vaxtlarda İlqar Abbasov, Razim Məmmədov, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyevin postları ilə vidalaşacağını demək olar. Söz yox ki, istənilən bir məmuru zərərsizləşdirmək üçün ilk öncə onun ətrafını təmizləmək lazımdır ki, proses asanlıqla baş tutsun. Bu dəfə ənənəvi taktikadan istifadə olunur. Yəni ilk öncə adıçəkilən icra başçıları, daha sonra isə onların himayədarları neytrallaşdırılacaq». Artıq sözügedən planın əsas hissəsinin hazırlandığını və qısa zaman kəsiyində işlək vəziyyətə gətiriləcəyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, həmin siyahıda ilk yerdə məhz Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dayanır. Məlumat üçün bildirək ki, 21 iyun 1966-cı il tarixdə Ermənistan SSR-nin Sisiyan rayonunun Ağudi kəndində anadan olan Razim Məmmədov ilk əmək fəaliyyətinə 1983-cü ildə «Azərittifaq»ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olan icra başçısı 1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə, yəni 38 yaşında isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, 1999-cu ildə yaradılmış «Real-İnşaat» firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış «Real Tibb Mərkəzi» MMC-nin təsisçisi və direktoru olub. 26 sentyabr 2006-cı il tarixdən etibarən birdən-birə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Razim Məmmədovun yerinə müavinlərdən birinin gətiriləcəyini deyən məlumatlı şəxsin bildirdiyinə görə, tezliklə Hesablama Palatası, Maliyyə Nazirliyi, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və digər müvafiq qurumlar Xətai Rayon İcra Hakimiyyətində ciddi yoxlamalar aparılacaq: «Məhz həmin yoxlamanın nəticəsindən asılı olaraq Razim Məmmədovun məsuliyyətə cəlb olunub-olunmaması məsələsinə də baxıla bilər».

Siyahıda ikinci yerdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının dayandığını qeyd edən mənbə iddia edir ki, İlqar Abbasovun da fəaliyyəti geniş şəkildə araşdırılacaq: «O, 2004-2005-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 dekabr 2005-cı il tarixdə isə Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq onun da məsələsi yuxarıların müzakirəsindədir və böyük ehtimalla İlqar Abbasov da məzuniyyətdən sabiq icra başçısı kimi qayıdacaq. Çünki onun adı 2005-ci ildən indiyədək Suraxanı rayon sakinlərinin dilindən düşmür. Odur ki, rayona və onun sakinlərinə olmazın əzab-əziyyət verən İlqar Abbasov da vurulacaq icra başçıları sırasında qərarlaşıb». Sonrakı sıralarda Xəzər, Nizami, Masallı və Goranboy rayonlarının icra başçılarının dayandığını iddia edən məlumatlı şəxs qeyd edir ki, Gülağa İslamov, Tahir Budaqov, Rafil Hüseynov və Nizaməddin Quliyevin də digərlərinin aqibətini yaşayacağı gözlənilir: «Hətta onlardan bir neçəsi həbs oluna bilər. Düzdür, hələ ki, bunun üçün zəruri faktlar toplanılmasa da, böyük ehtimalla baş tutacaq yoxlamalardan sonra icra başçılarının məsuliyyətə cəlb olunmaları üçün kifayət qədər bilgilər əldə olunacaq».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.