www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Ağdaş icra başçısı RİH-ə ayrılan 7,8 milyon manat necə "yedi"

Ağdaş icra başçısı RİH-ə ayrılan 7,8 milyon manat necə "yedi"

Bölmə: Xəbər Lenti
Ağdaş icra başçısı RİH-ə ayrılan 7,8 milyon manat necə "yedi"
Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, bölgələrdə quruculuq-abadlıq işlərinin görülməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bu gün əksər rayonlarda təmir-bərpa işləri görülür, əhalinin rahat yaşayışı üçün şərait yaradılır. Bölgələrimizin müasirləşməsi, gözəl görkəm alması çox yaxşı haldır. Buna baxmayaraq, bəzi yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri dövlətin qayğısından başqa məqsədlər üçün istifadə edirlər. Son zamanlar mətbuatda ən çox müzakirə olunan məsələlərdən biri də büdcədən bölgələrin inkişafına ayrılan vəsaitlərin təyinatı üzrə sərf olunmaması ilə bağlıdır.

Etiraf etmək lazımdır ki, bu gün bəzi icra başçıları, həmçinin onların ətrafında olan nisbətən xırda rütbəli şəxslər büdcə vəsaitlərinin vayına oturublar. Etibarlı mənbələr tərəfindən redaksiyamıza ötürülən məlumatlara görə, Ağdaş rayonunda da büdcə vəsaitləri məqsədyönlü şəkildə istifadə olunmur. Adının çəkilməməsini xahiş edən rayon sakininin sözlərinə görə, icra başçısı Tofiq İbrahimov səlahiyyətlərinin böyük hissəsini şəhər icra nümayəndəliyinin rəhbəri Azər Paşayevə həvalə edib: «Bəzən başçı günlərlə işə çıxmır. Vaxtının çoxunu doğulub boya-başa çatdığı Qəbələ rayonunda keçirir. Ağdaşda əsas işləri icra nümayəndəsi Azər müəllim aparır. Başçı rayonun «açar»ını icra nümayəndəsinə verib. Məndə olan məlumata görə, icra nümayəndəsi əvvəllər Bakıda yaşıllaşdırma sistemində çalışıb. İşində yol verdiyi nöqsanlara görə vəzifədən uzaqlaşdırılıb. Bir müddət işsiz qalandan sonra icra başçısının himayəsi ilə Ağdaş şəhər icra nümayəndəliyinə rəhbər qoyulub. Həmin gündən rayonun ən əlverişli yerlərindəki boş torpaq sahələri sürətlə satılmağa başlayıb. Başçı ilə razılaşan icra nümayəndəsi rayonun mərkəzində onlarla obyekt inşa etdirib. Rayonun məşhur obyektlərindən sayılan Ağdaş hoteli ona məxsusdur. Sakinlərin icra nümayəndəsinə qarşı münasibəti heç də yaxşı deyil. Ağdaşda abadlıq işləri çox ləng gedir. Yerli sahibkarlar öz maliyyə vəsaitləri hesabına yollara asfalt çəkir və küçələri abadlaşdırırlar. Qaz, su və elektrik xətlərinin çəkilişini də bəzi hallarda iş adamları öz üzərlərinə götürürlər. Buna məcburdurlar, əks halda rayon rəhbərliyi onlara təsir göstərir. İcra Hakimiyyəti və icra nümayəndəliyi heç bir iş görmür». Mənbə deyir ki, prezidentin keçən il və bu ilin aprel ayının əvvəlində Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı sərəncama istənilən səviyyədə əməl olunmur: «Həmin sərəncama əsasən 2013-cü ildə iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 4 milyon manatı Ağdaş Rayon İcra Hakimiyyətinə ayrıldı. Yolun tikintisinin davam etdirilməsi məqsədi ilə 2014-cü ilin dövlət büdcəsindən əlavə olaraq 3,8 milyon manat ayrıldı. İki il ərzində ümumilikdə yol tikintisinə 7,8 milyon manat ayrılıb. Bu vəsaitlərin bir hissəsi məlum şəxslər tərəfindən mənimsənilib. Əlaqədar qurumlar bu faktın izinə düşməlidir». Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Hesablama Palatası keçən il Ağdaşda yoxlamalar aparıb. Məlum olub ki, Rayon İcra Hakimiyyəti və Ağdaş şəhər İnzibati Ərazi Vahidi Nümayəndəliyi üzrə bağlanılan müqavilələr üzrə podratçı tərəfindən yerinə yetirilmiş yolların əsaslı təmiri və abadlıq işlərinin dəyəri artırılıb. Vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılarkən də qanunsuzluqlar ortaya çıxıb. Əldə etdiyimiz başqa bir məlumatda isə qeyd olunur ki, Ağdaş RİH Şəhər İcra Nümayəndəliyinə çörəyin satın alınması üçün 20240 manat pul ayırıb. «Qala-S» MMC tərəfindən həyata keçirilən satın almaişlərinin plana uyğun nəzərdə tutulmuş dükanlardan aldığı bildirilir. Həmçinin İcra Nümayəndəliyi üçün ərzaq mallarının satın alınmasına daha 70248 manat pul ayrılıb. «QRO-010» MMC tərəfindən həyata keçirilmiş prosesin bəzi sirli məqamları da var. İddialara görə, ərzağın alınmasının sənədləşməsində göstərilən dükan icra başçısının yaxınlarına məxsusdur. Hətta o da qeyd olunur ki, həmin pula heç nə alınmayıb, sadəcə, silmək üçün sənədləşdiriblər. Qarşı tərəfin mövqeyini öyrənmək üçün Ağdaş RİH-in 0202355212 nömrəli telefonuna zəng vursaq da, dəstəyi qaldıran olmadı. Buna rəğmən, qarşı tərəf yazıya münasibət bildirmək istəsə, şərait yaradarıq.