www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » Qusarın çala-çuxurlu yolları...

Qusarın çala-çuxurlu yolları...

Bölmə: Xəbər Lenti
Qusarın çala-çuxurlu yolları...
İki kəndin sakinləri sosial problemləri haqda ANS-ə yazıblar

Həyat tərzi Xaçmazla sərhəddə yerləşən Torpaq körpu və Qaratoba kəndlərinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətlidirlər.
Qusarın rayon mərkəzindən 45 km aralıda, Xaçmazla sərhəddə yerləşən Torpaq körpü və Qaratoba kəndlərinin sakinləri ANS-ə ünvanladıqları şikayət məktubunda bir sıra sosial problemlərinin illər boyu həll edilməməsindən yazıblar.

Torpaq körpü kəndinə yol Şirvanovka-Yalamadan keçir. Bir dəfə bu yolu getmək bəs edər ki, sakinlərin hansı əziyyətlər çəkdiyini anlayasan. Hər tərəf iri gölməçə və çala-çuxurla dolu idi. Hələ havanın yağmursuz olması vəziyyəti bir qədər qabarıq göstərmirdi. 4 km yolu çətinliklə qət edib gəlib çatdıq kəndə.

255 nəfər sakini olan Torpaq körpü kənd əhlinin ürəyi dolu idi. Bərbad yol, kənddə təbii qazın olmaması, odun materialının baha qiymətə almaları, gənclər üçün stadionun olmaması...

Torpaq körpü kəndinin 77 yaşlı sakini Həsənbəy Nurəhmədov deyir ki, sizə ona görə yazmışıq ki, yağış yağan kimi buralar gölməçəyə dönür, yağış suları səbəbindən xəstə olan şəxs maşınla gedib-gələ bilmir.

Kəndin digər sakini Rəhman Bədəlov isə bildirir ki, yağış yağan vaxtı gölməçələr əmələ gəlir: “Şikayətimiz ondandır, mən şəxsən özüm icra nümayəndəsinə demişəm ki, mən şikayət edəcəyəm, deyir kimə istəsən şikayət et, bu yol sovet dönəmindən qalma yoldu, nə qreyder var, nə də...”

Kənd cavanları da yolsuzluqdan, stadionun tam hazır olmamasından danışdılar.

Qurban Qurbanov: “Yol bizim ən qlobal problemlərimizdən biridir. Ona görə ki, biz qış vaxtı bu yoldan istifadə edə bilmirik, hətta uzunboğaz çəkmə belə işimizə yararlı deyil, bu kənddə o qədər palçıq var”.

Ravid Orucov: “Bizə söz veriblər, amma sözə əməl edən olmayıb. Artıq dərəcədə sizdən xahiş edirik, bizə də kömək etsinlər”.

Torpaq körpü kəndinin yaxınlığında yerləşən Qaratoba kənd sakinləri də yol sarıdan çox gileyli idilər. 378 sakinin yaşadığı məntəqədə də yol problemi aktual idi.

Qaratoba kənd sakini Arazxan Muradxanovun sözlərinə görə, bu kəndin camaatına baxan yoxdu: “Yoldu, odundu, qazdı, məktəbdi, bunların hamısı kənd camaatı üçün problemdi”.

Kəndin növbəti sakini Şahbuz Bəybalayev deyir ki, bu qışda bir xəstə aparmışdım, 3 saatdan sonra Qusara çatdıq.

Qusar İcra Hakimiyyətindən ucqar kəndin problemlərinə Şirvanovka icra nümayəndəsinin münasibət bildirməsini məsləhət bildilər. Nümayəndəlikdən bildirdilər ki, 2 kənddin yolu problemi həqiqətən qlobaldır.

İcra nümayəndəsi Yavər Mürsəlov: “Yolun 4 km-lik hissəsi qum-çınqılla örtülüdü. O yol əsaslı təmir istəyir, yolda çala-çuxurlar ola bilər. Yağışlı havalarda, eyni zamanda qışda su yığıla bilər, yoxsa palçıq, o yolda yoxdu. Ancaq yamalar var, ona görə də ora əsaslı təmir lazımdır.

Sonda Yavər Mürsəlov cavanların stadion məsələsinin tezliklə həll ediləcəyinə söz verdi.