www.DOGRU.tv - Onlayn Televiziya » Xəbər Lenti » 10 Milyard Azərbaycan Üçün Çox Deyilmi?


10 Milyard Azərbaycan Üçün Çox Deyilmi?

Bölmə: Xəbər Lenti
10 Milyard Azərbaycan Üçün Çox Deyilmi?
Azərbaycanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə həyata keçiriləcək layihələrə təxminən 10 mlrd. manata yaxın investisiya qoyulacaq.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov jurnalistlərə açıqlamasında deyib ki, bu layihələrin işlənib hazırlanması, iş həcmlərinin müəyyən olunması və tətbiq olunacaq texnologiyalara görə qiymətlərin müəyyənləşdirilməsi başa çatmadığından dəqiq rəqəm söyləmək olmur.

“1997-ci ildən bu günədək bu sahəyə beynəlxalq banklar və Azərbaycan hökuməti hesabına 3 milyard manat vəsait qoyulub”, - deyə o bildirib.

Azərbaycan kimi ölkə üçün 10 milyard çox deyilmi? Su və kanalizasiya səhəsində vəziyyət necədir? Real olaraq hansı işlər görülüb və onları qənaətbəxş hesab etmək olarmı?

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, burada kifayət qədər böyük rəqəmdən söhbət gedir və Azərbaycanın bu qədər vəsait sərf etmək imkanı yoxdur:

"Əslində açıqlamasında Qorxmaz müəllim deyir ki, layihələndirilmə aparılır və bundan sonra rəqəm dəqiqləşəcək. Kifayət qədər böyük məbləğdən söhbət gedir və düşünürəm ki, Azərbaycanın dövlət büdcəsinin içməli su təminatı və kanalizasiya sistemlərinin yenidənqurulmasına bu qədər vəsait sərf etmək imkanı yoxdur. O da nəzərə alınmalıdır ki, Azərbaycan gözlənilən böyük neft gəlirlərinin çox hissəsini artıq əldə edib və bunun da əhəmiyyətli hissəsini xərcləyib".

Zöhrab İsmayıla görə bu günə qədər su sektoruna da kifayət qədər dövlət investisiyaları qoyulub: "3 milyard manatlıq investisiya bu sahədəki problemləri həll etməli idi. Çox təəssüf ki, plansız, səmərəsiz xərcləmə və pis idarəetmə nəticəsində ayrılmış investisiya xərcləri əhəmiyyətli bir nəticə verməyib".