SON DƏQİQƏ

"Səsindən bilirik ki, mərmi hansı kəndə gedir"- Tovuz sakini 5 günlük döyüşlər barədə

Tarix:26-07-2020, 12:17

Maşın qəlpələrdən deşik-deşik olmuş darvazanın qabağında dayanır. Həyətə keçirik. İlk gözə dəyən dəmir çərçivəli pəncərəsiz aynabənd, divardakı oyuqlar və bir kənarda yığılıb topalanmış şüşə, taxta qırıntılarıdır. "Mərmi düz bura düşüb, zərbədən pəncərələr qırılıb, qəlpə hər yeri deşik-deşik edib,"- Tərlan Əzizova deyir.

O, Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən Ağdam kəndində iyulun 12-də başlayan döyüşlərin 3-cü günündə həyətinə düşən mərmi partlayışında həlak olan 75 yaşlı təqaüdçü Əziz Əzizovun qızıdır.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonun Ağdam kəndində, şahidlərin dediyinə görə, ilk öncə hərbi postlarda kiçik çaplı silahlardan başlayan atışmaları sonradan ağır silahlar əvəz edib. 5 gün fasilələrlə davam edən döyüşlər nəticəsində Azərbaycan biri general-mayor olmaqla 12 hərbçisini, Ermənistan 4 hərbçisini itirib.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən Ağdam kəndində iyulun 12-də başlayan döyüşlərin 3-cü günündə həyətə düşən mərmi 75 yaşlı təqaüdçü Əziz Əzizovun həyatına son qoyub

"Bazar günündən atmağa başlayanda biz də kənddə idik. Əvvəl avtomatlardan, pulemyotlardan atırdılar. Biz də atamla oturmuşduq, heç bir narahatlıq-filan yox idi. Birdən ağır silahlara keçdilər. Onda atam başını qaldırıb dedi: "Bunlar, deyəsən, gerçəklədilər,"- qızları danışırlar.

Hər yay Bakıdan atalarına baş çəkməyə gələn Əziz Əzizovun qızları atışmaların başladığı ilk iki gündə onunla olublar: "Bazar günü postlara atırdılar. Amma sonrakı gün başladılar kəndə atmağa. Onda biz uşaqlar var idi deyə kənddən çıxdıq, amma atam gəlmədi. Nə qədər desək də gəlmədi ki, evimi, gəncləri burda qoyub heç yerə getmərəm,"- Tərlan Əzizova deyir.

Əziz Əzizov yerli sürücü məktəbinin müəllimi olub. O, həm də Qarabağ müharibəsində hərbçilərə silah daşıyıb. "Çıxmırdı evindən. Deyirdi, o vaxt od-alovun içində mənə heç nə olmadısa, indi də olmayacaq. Evim mənə sipərdi, deyirdi. Gülü-çiçəyi, bağı-bağçası vardı, onlara qulluq edirdi,"- qızı Zərnişan Gözəlova deyir.

O, bizi evin arxasında salnmış bağa aparır, atasının becərdiyi gülləri, ağacları göstərir. Hündür kollarda qızılgüllər pardaxlanıb, qollu-budaqlı ağaclar bar gətirib. Ətrafa çökən sakitliyi quşların səsi pozur.

"Borunun gözü tutulmuşdu, ayağını soyunub girib onu düzəldib ki, bağını sulasın, su da soyuq idi. Dedim, papa, yağış yağanda sulanar da, gərək xəstələnəsən. Papa dedi, nə danıışırsan, ağaclarım susuz qalsa, ürəyim partlayar," - deyən Zərnişan Gözəlovanı qəhər boğur.

Tovuz, müharibə
 

Qızları döyüşlərin qızışdığı vaxtda onu özləri ilə aparammadıqlarına görə yanıb-yaxılırlar. "Nə qədər elədik, yalvardıq, bizimlə gəlmədi. Atışma olanda da gizlənib eləmirdi,"- o, köks ötürür.

"Baxın bu divara. Qəlpə bura qədər yayılıb. Əgər əmim bircə an otaqdan geç çıxsaydı, ayağını bircə addım irəli atmasaydı, indi sağ idi. Mərmə qəlpələri sağ tərəfini tutub,"- həmin gün kənddə öz evində olan Pərvanə Əzizova deyir.

Həyətinə mərmi düşən an Əziz Əzizov otaqdan çıxa-çıxa mobil telefonla nəvəsinə zəng edirmiş.

Qardaşı uşaqları əmisinin evinə mərmi düşdüyünü görüb, atışma azca səngiyən kimi ora qaçıblar ki, nəsə olubmu? "Qardaşım gəlib əmimi qan içində görüb,"- Pərvanə Əzizova həmin anları xatırlayır və onu da əlavə edir ki, atəşkəs dövrü boyu silahlar susmasa da, daha çox hərbi postlara atıblar, bu dəfə isə həm də kəndə sarı mərmilər atılıb.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Döyüşlərin birinci günü həlak olan iki hərbçidən biri 25 yaşlı Elşad Məmmədov idi.

"Niyə gizlədim? İstəmirdim hərbçi olsun"

Ağdam kəndinin daha bir evində yas məslici qurulub. Döyüşlərin birinci günü həlak olan iki hərbçidən biri, 25 yaşlı Elşad Məmmədov bu kəndin sakinidir.

Əsgərlikdən sonra orduda fəaliyyət göstərmək üçün Azərbaycan Müdafiə Nazirliyi ilə 3 illik müqavilə imzalayıb. Müqaviləsinin bitməsinə az qalırmış. "Uzatmaq fikrindəydi. Niyə gizlədim, tək oğlumuydu. İstəmirdim. Amma bu onun seçimiydi,"- atası Dönməz Məmmədovun gölzəri dolur, səsi titrəyir.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Elşad Məmmədovun atası: "Anasına dedim ki, oğlumuzu vurdular".

Hər gün evindən onun olduğu posta baxdığını, döyüşlər başlayanda gözünü ordan çəkmədiyini deyən Dönməz Məmmədov o istiqamətə mərmi düşdüyünü görüncə ürəyinə xal düşüb: "Anasına dedim ki, oğlumuzu vurdular".

Elşad Məmmədovun işi ilə evinin arasında çox az məsafə olsa da o, həftədə bir dəfə ailəsini görməyə gəlirmiş. Epidemiyaya görə isə 1 ay imiş ki, evə gələmmirmiş.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Elşad Məmmədovun anası Nuriyyə Məmmədova 6 aylıq nəvəsi Məhəmmədi sinəsinə sıxıb "balamın yadigarıdır" deyir.

Elşad Məmmədovun anası Nuriyyə Məmmədova 6 aylıq nəvəsi Məhəmmədi sinəsinə sıxır, öpür, "balamın yadigarıdır" deyir.

Hər şeydən xəbərsiz olan balaca Məhəmməd nənəsinin qucağına sığınıb sakitcə həyətə toplaşıb aram-aram söhbət edən kişilərə, qadınlara baxır.

"İnanmıram, o şəhid olub... həm inanıram, amma həm də inanmıram,"- Dönməz Məmmədov çarəsiz-çarəsiz deyir.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Bir neçə il əvvəl bu kənddə Ermənistan hərbçilərinin postlarından nişana gələ bilən kənd sakinlərinin evlərinin, həyətlərinin, elə sakinlərin özlərinin qorunması üçün istinad divarları çəkilib.

Kəndin istinad divarları

Əlibəyli Tovuzun sərhəddə yerləşən kəndlərindən biridir. İyunun 12-dən 16-na kimi davam edən atışmalar digər sərhəd kəndi Ağdamda getsə də, Əlibəyli də bu atışmalardan kənarda qalmayıb.

Bir neçə il əvvəl bu kənddə Ermənistan hərbçilərinin postlarından nişana gələ bilən kənd sakinlərinin evlərinin, həyətlərinin, elə sakinlərin özlərinin qorunması üçün istinad divarları çəkilib.

Döyüşlərin 5-cü günündə Əlibəyliyə düşən mərminin qəlpələrini də istinad divarları saxlayıb.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Tovuzun Əlibəyli kəndinə düşən mərminin zərbəsindən otaqların pəncərələri qırılıb-tökülüb

Ev sahibi Əziz Quliyev deyir ki, atışma başlayan kimi evin arxasına keçib. Bir də görüb ki, gurultu qopdu. Sakitlik yarananda çıxıb ki, həyətindəki istinad divarının arxasındakı tövləsinə mərmi düşüb:

"Toyuq-cücəm vardı, çoxu məhv oldu. Yaxşı ki, heyvanları örüşdəydi, tövlədə deyildi. Evin pəncərələri də çilik-çilik olub tökülüb,"- deyə Əziz Quliyev süpürüb yığdığı şüşə qırıqlarını göstərir.

"Bu istinad divarı olmasaydı, mərminin zərbəsindən bəlkə ev də dağılardı,"- o əlavə edir.

Acı xatirələr

İstinad divarı kəndin içində bir sərhəddir sanki. Divarın açıqlıqda qalan ərazisi kənd sakinlərinin təsərrüfat sahələridir. Əsasən yonca əkirlər. Amma sahədə hava qaralandan sonra işləyirlər. Gün işığında nişana gələ biləcəklərindən narahatdılar.

Kəndin yuxarısına, sərhədə doğru qalxdıqca açıq ərazilərə çıxırsan. Burdan hətta Ermənistanın bir kəndi görünür.

Keçmiş Qarabağ döyüşçüsü, yaşı 70-i ötmüş Sadıq Əliyev qabağa keçib açıq ərazidə əlini irəli uzadır, erməni hərbçilərinin postlarını sayır.

Qonşuları deyirlər ki, ötən əsrin 90-cı illərində, Qarabağ müharibəsinin qızğın vaxtlarında Sadıq Əliyev kəndin müdafiəsi üçün postlar qurub.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Qarabağ müharibəsindən qalan müdafiə postu

Yaşayış yerlərini müdafiə edən istinad divarının bitdiyi yerdə, Sadıq Əliyevin evinin yaxınlığında onun qurduğu bir post var: Qarabağ müharibəsinə şahidlik etmiş bu postun divarları uçulub-dağılıb, avtomat silahlar üçün nəzərdə tutulan dəmir qurğular paslanıb.

Sadıq Əliyev deyir ki, vaxtilə bu post kəndin müdafiəsi üçün böyük rol oynayıb.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Güllə atılanda Sadıq Əliyevin arvadı və qızı otaqda olub

75 yaşlı Sadıq Əliyevin daha bir acı xatirəsi evindədir. "Gəlin, sizə bir şey göstərəcəm" deyə bizi evinin ən arxa, üzü sərhədə baxan otağına aparır. Divar və pəncərəni göstərir.

Divarda iri bir oyuq, pəncərə şüşəsində çiliklənmiş bir dəlik var.

Tovuz, müharibə
 

"Bax, o postdan- yenə əlini təxminən 200 metrlik məsafəyə tuşlayır- atdılar. 4 il əvvəl idi, həyat yoldaşımla qızım səhər tezdən nişana gedəcəkdilər, hazırlaşırdılar. İşıq yandıranda postdan görünür. Onlar da işıq yandırıblar. Atdıqları güllə yoldaşımın qulağının dibindən, qızımın böyründən ötüb bu divara girib. Çox qorxmuşdular. Yoldaşımı itirdim, qızım da qorxudan xəstəlik tapdı," - Sadıq Əliyev sakit, amma aydın və həyəcansız səslə danışır.

O, evinin çöldən divarlarını göstərir və daşların arasındakı ilişib-qalmış güllələləri sayır: "O, biri, bu, ikinci, o, üçüncü, ordakı da güllə yeridir, bu, dörd..."

Tovuz, müharibə
Şəklin alt yazısı,

"Bircə bir qulağım yaxşı eşitmir, bir də başımın arxasında ağrı var,"-yanında mərmi partlayan Arif Məmmədov deyir.

"Səsindən bilirik ki, mərmi hansı kəndə gedir"

Vahidli kəndində də bazar günündən cümə axşamına qədər kənd camaatı rahatlıq bilməyib: mərmilər başlarının üstündən o yana gedib, bu yana gəlib.

"Səsindən bilirik ki, gələn mərmi bizim kəndəmi düşəcək, yoxsa başımızın üstündən keçib o biri kəndəmi düşəcək. Bizə düşəcəksə guruldaya-guruldaya gəlir, amma daha uzağa atılıbsa, puşuldaya-puşuldaya uçur,"- bunu ölümün ağzından qurtulan Arif Məmmədov deyir.

Cümə axşamı günü qoyunu örüşdən gətirən Arif Məmmədov ot tayasına yaxınlaşanda gurultu eşidir, tez yerə uzanır, "amma zərbə məni atıb-tutdu, nəfəs ala bilmədim" deyir. Ot tayasına düşüb oranı yandırıb-yaxan mərminin qəlpələri 500 metr radiusda yayılır.

Arif Məmmədov ordan necə çıxdığını xatırlamır. "Yoldaşım da həyətdəydi. Bircə cığırdığı yadımdadı, amma ayağa necə qalxmışam, xatırlamıram. Tozun-torpağın, alovun içindən çıxanda qonşular məəttəl qaldı. Əlimi üstümə-başıma apardım, dedim yaralanmamışam. Bircə bir qulağım yaxşı eşitmir, bir də başımın arxasında ağrı var. Ordan ki mən salamat çıxdım... bundan sonra artıq nə yaşasam, qazancdır".

Kəndə düşən mərmi sakinlərə zərər vurmasa da, bir it yaralanıb: "Ordakı ot tayasını görürsüz? - Arif Məmmədov əlini uzağa uzadır, - bax, orda bir itə dəydi".

O, yanmış ot tayasının yerindən tapdığı qəlpə qırıqlarını göstərir: "Adama girəndə məhv edir bu. Güllə nədir ki, bunun yanında".

Elə həmin gün atılan mərmilərdən biri də elektrik dirəklərinə, naqilərə zərər verdiyindən Vahidli və Ağdam kəndində bir neçə saat elektrik enerjisi olmayıb.

Tovuz, müharibə
Şəklin alt yazısı,

Keçmiş döyüşçü, Qarabağ müharibəsi əlili Elbrus Abdullayev deyir, illərdir bu bölgədə belə intensiv atışma yaşanmayıb.

"Hərbçilər atdıqları mərminin hara düşəcəyini bilirlər"

Keçmiş döyüşçü, Qarabağ müharibəsi əlili Elbrus Abdullayev deyir, illərdir burda belə intensiv atışma yaşanmayıb. O xatırlayır ki, bazar günü Ermənistan hərbçiləri əvvəlcə kiçik çaplı silahlardan atmağa başlayıblar, getdikcə toplara, tanklara keçiblər. "Həm bizim hərbçilərin mövqelərinə, həm də mülki əhaliyə atırdılar".

Elbrus Abdullayev deyir ki, ümumiyyətlə, hərbçilər atdıqları mərminin istiqamətini bilirlər:hərbi obyektimi vuracaq, yoxsa mülki əhalinin yaşadığı yerəmi düşəcək. Ona görə də yerli əhali bazar günündən çümə axşamına qədər susmayan silahlardan atılan mərmilərin kəndlərə düşməsini təsadüfi saymır.

Ermənistan Müdfafiə Nazirliyi isə silahlı qüvvələrin yalnız Azərbaycanın hərbi mövqelərini hədəf aldığını iddia edib.

Vahidli kəndində bizə Azərbaycan ordusunun hərbi mövqelərini və Qara qaya adlanan yüksəkliyi göstərdilər. Yerli əhalinin fikrincə, erməni hərbçiləri o yüksəkliyi ələ keçirmək istəyiblər.

Bu döyüşlərdə həlak olan general-mayor Polad Həşimov və digər yüksək rütbəli zabitlərin və əsgərlərin vurulduğu yer də Qara qaya yüksəkliyi yaxınlığındadır, sakinlər deyirlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ