SON DƏQİQƏ

“Məktəb psixi xəstəxanadır, yoxsa türmə?”

Tarix:15-04-2019, 12:11

Direktordan tutmuş, adını həkim qoyanlara kimi hamının məsuliyyətsizliyi üzündən həyatda qalması mümkün olan gül kimi qız həyata vida etdi. Görün, belə intiharların qarşısını almaq üçün "ağıllı" adamlar nə fikirləşiblər: məktəblərin pəncərələrini bağlamaq”

Bunu  açıqlamasında yazıçı Xeyrəddin Qoca Elina Hacıyevanın intihar hadisəsinə münasibət bildirərkən deyib. Yazıçı bildirib ki, pəncərələr bağlanarsa, onda məktəblilər havasızlıqdan əziyyət çəkəcəklər:

"Məktəbli qızın özünü pəncərədən ataraq intihar etməsi bütün insanları sarsıtdı! Hələ də çoxumuz özümüzə gələ bilməmişik və düşünürəm ki, bu faciə ürəyimizdə bir qara çat kimi əbədi qalacaq... Gündən-günə yeni faktlar ortaya çıxdıqca adam sarsılır, yaramaz insanlarla birlikdə vətən havasını udduğuna peşiman olursan! Görün, "müəllim" dediyimiz adamlar öz iş yerlərini qorumaq üçün kiçik qızcığazı necə bada verdilər. Direktordan tutmuş, adını həkim qoyanlara kimi hamının məsuliyyətsizliyi üzündən həyatda qalması mümkün olan gül kimi qız həyata vida etdi. Görün, belə intiharların qarşısını almaq üçün "ağıllı" adamlar nə fikirləşiblər: məktəblərin pəncərələrini bağlamaq! Əvvəla, bunun üçün "baş sındırmağa", iclas-filan çağırmağa ehtiyac yox idi. Onsuz da çox məktəblərin pəncərələrini bağlı saxlayırlar və havasızlıqdan şagirdlərin ürəkləri dayanır. Belə olsa, uşaqlar bir daha həyatlarından bezəcəklər! Bakıda böyük xəstəxanaların birinə getmişdim,10 dəqiqəyə havasızlıqdan boğulurdum. Gördüm ki, bütün pəncərələr bağlıdır və pəncərə şüşələri qara rəngli olduğundan çöl-bayır da görünmür. Kimdən xahiş etdim, açmadılar, axırda xəstəxananın rəhbərliyindən xahiş etdim ki, heç olmasa , kondisionerlə bir az hava versinlər. Cəmi 5 dəqiqə hava verib kəsdilər, gördüm bir az da keçsə, orada axırım çatacaq, xəstəmizdən ayrılıb, oranı tərk etdim! Evdə də vəsiyyət etdim ki, ölüm ayağında olsam da, məni həmin xəstəxanaya aparmayın! 


Məktəbləri də həmin xəstəxana kimi etmək istəyirlər. Məktəb axı, türmə deyil! Guya intihar etmək üçün məktəbdə başqa "imkanlar" yoxdur? Şagirdlər özlərinə xətər də yetirə bilərlər, pilləkənlərin boşluğuna da atıla bilərlər, kəndirdən də istifadə edə bilərlər və s. Hərçənd bunları əlim əsə-əsə yazdım, yol göstərmək kimi çıxmasın. Pəncərələri bağlamaq qərarını verənləri anlatmaq üçün məcbur oldum. İntihar yolları tapılmır ki? Belə gülünc qərar çıxarmaqdansa, məktəbdə qayda-qanunu, ədaləti bərpa edin! Yoxsa intihara ehtiyac qalmayacaq, uşaqları təkləyən qudurğan balalarını, yekəbaş tərbiyəsiz, ona-buna sataşan övladları, böyüklərindən "görüb-götürmüşləri" valideyinlər özləri öldürəcəklər! Görün, bəzi müəllimlər necə pozulublar ki, öz şagirdlərinin hərəkətlərini vidioya çəkirlər! Axı, bu cinayətdir! Şagird belə müəllimə necə hörmət etsin? Valideyinlər məcbur olub uşaqlarını bu məktəbdən o məktəbə keçirirlər, yenə eyni vəziyyətin şahidi olurlar. Yekə-yekə gədələr ona-buna sataşır, badalaq vurur, kimi isə qapazaltı edir, körpə ürəkləri həyatdan küsdürürlər! Həyatımızda da hansı idarəyə-təşkilata düşürsən, belə harınlamışları, qrup-pabazları görürsən! Onları məktəbdə, ailədə yetişirlər! İndidən qarşılarını alın, yoxsa cəmiyyət getdikcə dözülməz hala gəlir!
 
Deyirlər, Təhsil Nazirliyi açıqlama verərək, belə bir qərarın olmadığını bildirib. Bu başdan yazırıq ki, indi isti havalar başlayır, əksinə, pəncərələri taybatay açmaq lazımdır ki, bu da şagirdlərə dərd olmasın!”
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ