SON DƏQİQƏ

Azərbaycanda metroseksual kişilər

Tarix:3-04-2019, 16:49

Azərbaycanda xarici görünüşünə diqqət yetirən kişilərin sayı yavaş-yavaş artmaqdadır.

Model kimi dəfilələrdə iştirak etməklə bu kişilər - Azərbaycanın metroseksualları cəmiyyətdə maskulinizm və kişi gözəlliyinə yanaşmanı dəyişdirməyə çalışırlar.

Azərbaycan kimi mühafizəkar cəmiyyətdə metroseksual olmaq asan iş deyil. Xarici görünüşünün qayğısına qalan, dəbə uyğun geyimə və saç düzümünə meyl edən, qaşlarını səliqəyə salan kişiləri ya xoş qarşılamırlar, ya da başa düşmürlər

"Biz baxımlı kişilərə metroseksual deyirik. Deyəndə gülürlər, gülməli gəlir, bu nə sözdü - soruşurlar", 29 yaşlı model Nuru Əhmədov deyir.

"Sözün özünü belə cəmiyyət hələ qəbul etməyib. Qaldı, baxımlı kişi ola", - o, təəssüf keçirir.

Nuru ƏhmədovFotonun müəllifiNURLAN BABAZADE
Image captionSon illərdə Azərbaycanda keçirilən gözəllik yarışlarının sayı artıb. Nuru Əhmədovun da iştirak etdiyi Miss & Mister Grand Azerbaijan müsabiqəsi 2017-ci ildən bəri keçirilir.

"Metroseksual kişilərlə bağlı cəmiyyətdə ən böyük stereotip onların gey olması barədədir. Bu da ondan irəli gəlir ki, cəmiyyətdə "əsl kişi" anlayışı var və metroseksuallar bu anlayışa cavab verə bilmir", gender aktivisti Gülnarə Mehdiyeva deyir.

Cəmiyyətdəki "əsl kişi" konsepsiyasına görə, "kişi öz romantik və həssas tərəflərini gizlətməyə çalışır", - o deyir.

"Ənənəvi Azərbaycan kişisi özü üçün az şey satın alır (geyim, qulluq vasitələri). Odur ki, reklamlarda, jurnallarda biz onlara az rast gəlirik. Metroseksuallar isə bu rolu tam şəkildə yerinə yetirmirlər.

Onlar evlənməyə, uşaq sahibi olmağa və məişət qayğıları ilə yüklənməyə tələsmirlər. Öz vaxtlarını və resurslarını özlərinə sərf etməyi sevirlər", - Gülnarə Mehdiyeva əlavə edir.

"Bu qəliblər onlara uyğun gəlməyən insanlar üçün əngələ çevrilir", 28 yaşlı metroseksual Amin Nəzərli belə düşünür.

"Bizim cəmiyyətin adətidir, onsuz da onlar bir şey tapıb ona pis baxacaqlar. Məsələn, lazerə gedənlərə pis baxırlar.

Halbuki üzdəki artıq, səliqəsiz tüklərdən qurtulmağın nəyi pisdir ki? Vaxtilə yanlış təraş olunmanın nəticəsidir ki, bu gün bir çoxlarımızda üz tükləri az qala gözün içinə girir.

Bunu səliqəyə salmaq üçün lazerdən yaxşı vasitə tanımıram. Ancaq cəmiyyət, təbii, buna da pis baxır. Hətta "kişi də üzünü aldırarmı?" deyənlər olur" - cənab Nəzərli bildirir.

Amin NəzərliFotonun müəllifiNURLAN BABAZADE
Image captionAmin Nəzərli insanların komplekslərdən uzaq, istədikləri kimi geyinməkdə, özlərinə baxmaqda sərbəst olmalarını istəyir.

Amin Nəzərli deyir ki, bunlar hamısı cəmiyyətdəki əsl kişi anlayışının onların üzərinə qoyduğu yükdən qaynaqlanır.

"Bizdə əsl kişi ailənin yükünü çiyinlərində daşıyan adama deyirlər. Biz bunun əksini demirik. Yenə ailəsinə baxsın, onları qorusun, çalışsın, onları yaxşı yaşatsın.

Amma bununla yanaşı, həm də baxımlı olsun. Özünə, görünüşünə fikir versin. Burada pis heç nə yoxdur. Ya da eyni zamanda baxımlı adamlara "heç qızlar belə etmir", "bəlkə də geydir", "bütün günü saç-saqqalıyla oynayır, adını da kişi qoyub" və s. düşüncələri ilə yanaşmasınlar".

Model Nuru Əhmədov isə bu məsələyə münasibətdə "incə bir dəyişiklik" hiss edir, lakin paytaxt Bakıda.

Məsələn, üzdəki artıq tükləri təmizləmək üçün lazerə getməkdən danışanda heç kəsin onu başa düşmədiyi vaxtları xatırlayır. İndi isə bu kimi digər xidmətlər də kişilər üçün təklif olunur.

Bundan başqa, metroseksual kişilərin meydana gəlməsi gözəllik sənayesinə da təsir edib.

Kişilər üçün xüsusi məhsullar, qulluq vasitələri, dəb aksesuarlarının istehsalı xeyli artıb. Buna müvafiq olaraq, gözəllik müsabiqələri də ərsəyə gəlməyə başlayıb.

KişiFotonun müəllifiNURLAN BABAZADE
Image caption"Bütün günü saç-saqqalıyla oynayır, adını da kişi qoyub" - bu, metroseksual kişilərin tez-tez eşitdiyi fikirdir.

Amin Nəzərli də razılaşır ki, yavaş-yavaş bu sahə inkişaf yoluna qədəm qoyur.

"Məncə, bütün bu təzyiqlər zaman keçdikcə aradan qalxacaq. Özünə baxmaq, təmiz olmaq və s. pis iş deyil".

O düşünür ki, insanlar başqalarının fikri ilə oturub-durmamağı öyrənməlidirlər.

"Saçımı belə darasam valideynlərim nə deyər", "bunu geyinsəm, universitetdə necə baxarlar" , "qırmızı geyinsəm, qonşular nə düşünər" düşüncələrindən qurtulmaq lazımdır. Bunları boş verin. Kim nə deyir, desin. Əsas olan sizin nə istədiyinizdir, sonda hamının gözü öyrəşəcək", cənab Nəzərli əlavə edir.

Azərbaycanda gözəllik yarışmalarının ortaya çıxması cəmiyyətdə metroseksualların və kişi gözəlliyinin qəbul olunmasını daha da asanlaşdırıb.

Ölkədə keçirilən "Miss & Mister Grand Azerbaijan" yarışının rəhbəri və təsisçisi Elxan Paşayev deyir ki, gözəllik müsabiqəsinə müraciət edən kişilərin sayı gözlədiyindən qat-qat çox olub. Özü də keçmişdə model kimi fəaliyyət göstərmiş Paşayev hesab edir ki, müsabiqələr ölkədə modellik sahəsinin, xüsusən də kişi modellərin inkişafına aparan yoldur.

O qeyd edir ki, bəzi azərbaycanlı modellərin populyarlığı çoxaldıqdan və yerli dizaynerlərlə işləməyə başladıqdan sonra ictimaiyyətdə kişi modelliyinə maraq artmağa başlayıb.

Sənaye böyüdükcə gözəllik yarışları və modellik sahəsi yeni mərhələyə keçib.

Nuru Əhmədov gözəllik dəfiləsinə qatılmağa 6 il əvvəl dostlarının təkidi ilə qərar verib. İştirak etdiyi müsabiqədə birinci yeri tutmağı isə onun bu sahəyə marağını artırıb. O qeyd edir ki, əksər insanlar model kimi fəaliyyət göstərməyi ciddi iş hesab etmir. Buna baxmayaraq, o öz işini sevir və əldə etdiyi nailiyyətlərə görədir ki, ailəsi də onun model kimi işləməyinə pis baxmır.

"Bizdə milli mentalitet deyilən bir şey var və bu, kişilərin üstünə gərəksiz xeyli yük yığır", Əhmədov vurğulayır.

Nuru Əhmədov deyir ki, formada qalmaq üçün qidalanmaqdan tutmuş idmana qədər hər şey vacibdirFotonun müəllifiNURLAN BABAZADE
Image captionNuru Əhmədov deyir ki, formada qalmaq üçün qidalanmaqdan idmana qədər hər şey vacibdir.

Onun fikrincə, əslində metroseksualların təqdim etdiyi şey heç də mürəkkəb deyil.

Nuru Əhmədov deyir ki, formada qalmaq üçün qidalanmaqdan tutmuş idmana qədər hər şey vacibdir.

"Məncə, hər bir kişi özünə baxmalıdır. Necə ki, qadınlar özlərinə baxır. Gündə bir dəfə duş qəbul etmək, saqqal saxlayanda daim ona nəzarət etmək, dırnaqlara həftədə bir dəfə baxmaq vacibdir. Mənim saçlarım biraz uzundur, bərbərə tez-tez getmirəm. Amma azı ayda bir dəfə getmək lazımdır.

Üzdəki istənilməyən tüklərin təmizlənməsi də normal haldır. Mən hər gün idmanla məşğul oluram, yeyib-içdiyimə diqqət edirəm. Əslində bunlar qeyri-adi şeylər deyil. Hamının etməsi lazımdır", - Əhmədov sadalayır.

Elxan Paşayev optimistdir - Azərbaycanda kişi gözlliyi ilə bağlı klişelərdən xeyli uzaqlaşmış gənclər onu gələcəyə pozitiv baxmağa sövq edir.

"Əvvəllər valideynlər övladlarının model olmasına isti baxmırdı. Ancaq indi çoxu övladını dəstəkləyir. Qınayan da ki, həmişə olur. Modelliyi hamının normal qarşılaması mümkün deyil onsuz da", - cənab Paşayev vurğulayır.

Chai-Khana layihəsininBBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Gülər Mehdizadə hazırlayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ