SON DƏQİQƏ

Müqəddəs Valentin - Sevgililər günü barədə maraqlı faktlar

Tarix:14-02-2019, 10:49

Fevralın 14-də dünyanın bir çox ölkələrində, xüsusilə də Qərbdə ən kommersiyalaşmış bayramlardan biri – müqəddəs Valentin günü qeyd olunur. Bir sıra müsəlman ölkələrində qadağan olunmuş bu bayramın bir adı da "sevgililər günüdür”.

The Telegraph yazır ki, hazırda bu bayram Britaniyada və başqa Avropa ölkələrində son dərəcə kommersiyalaşsa da, qədim vaxtlarda bu, insanların bir-birlərinə sevgilərini ifadə edə bildikləri azsaylı günlərdən biri idi.

İndiyədək gəlib çıxmış ən qədim Valentin şeiri 1415-ci ildə o vaxt həbsxanada olan Orlean hersoqu Charles tərəfindən yazılıb.

Hersoq Aginkot döyüşündə ingilislərə əsir düşdükdən sonra London qalasında məhbus saxlanırdı.

Lakin tarixi mənbələr bu günün daha qədimlərdə qeyd olunduğunu göstərir.

Fevralın 14-də bütün dünya boyunca sevgililər bir-birlərinə gül dəstələri, təbrik açıqçaları və şirniyyat kimi hədiyyələr göndərirlər.

Niyə müqəddəs?

Avropadakı bir çox bayramlar kimi Valentin günü də kilsə tərəfindən inhisara alınmışdı. Bayram bundan sonra müqəddəs Valentin günü olmuşdu.

Bu günün müqəddəs bayram kimi qeyd olunması 496-cı ildə Roma papası I Gelasi (Gelasius) tərəfindən başlanıb.

Papa Valentini müqəddəslər siyahısına "müqəddəsliyə layiq, lakin əməlləri təkcə Allaha bəlli olanlar” kateqoriyası ilə daxil etmişdi.

Valentin kim olub?

Elə isə müqəddəs Valentinin şəxsiyyəti haqqında nələr məlumdur?

Bu məlumatlar çox vaxt bir-biri ilə ziddiyyət təşkil etsə də, məlum olan bir fakt var. Valentin fevralın 14-də edam edilərək Romadan Riminiyə gedən Via Flaminiya yolunun üstündəki məzarlıqda dəfn olunub.

Bu da ola bilər ki, Valentin adı əslində özündə bir yox, iki müqəddəsin adını birləşdirir. Buna görə də müqəddəs Valentinin bir neçə tərcümeyi-halı məlumdur.

Məxfi keşiş

Bunlardan ən məşhur olanı romalı keşiş müqəddəs Valentindir. Rəvayətə görə o xristian cütlərin məxfi kəbinlərini kəsərmiş, çünkü III əsrdə bu din hələ qadağan idi və xristianlar imperator II Klavdi (Clavdius) tərəfindən təqib olunurdular.

Az sonra müqəddəs Valentin elə bu məxfi kəbin mərasimlərinə görə həbs edilir və işgəncələrə məruz qalır. Deyilənə görə o hətta həbsxanada olarkən imperatorun özünü də Xristianlığa cəlb etməyə çalışır. Buna görə də keşişi ölüm cəzasına məhkum edirlər.

Onu əvvəlcə daşqalaqla və dəyənəklərlə öldürür, sonra isə şəhərin Flaminia qapısı önündə başını kəsirlər.

Həbsxana keşikçisinin qızı

Bir sıra başqa rəvayətlərə görə müqəddəs Valentin məhbəsdə ikən həbsxana keşikçisinin qızına aşiq olur və ona sevgi məktubu göndərir.

O bu məktuba "Sənin Valentinin” imzasını qoyur.

İndi hardadır?

Hazırda müqəddəs Valentinin gül çələngi ilə bəzədilmiş kəllə sümüyünün Romanın Həqiqətin ağzı meydanındakı(Piazza Bocca della Verità ) müqəddəs Məryəm (Santa Maria in Cosmedin) kilsəsində saxlandığına inanılır.

Dublin kilsəsində müqəddəs Valentinin heykəli
Dublin kilsəsində müqəddəs Valentinin heykəli

 

Onun sümüklərindən bir hissəsinin və içində qanı olan flakonun isə 1936-cı ildən Dublindəki Uaytfrayer kilsəsində (Whitefriar Street Church) saxlandığı məlumdur.

Bu kilsə sevgililər və ailə həyatı qurmağa hazırlaşanlar arasında çox populyardır.

Kommersiyalaşma və kütləviləşmə

Bayram ilk dəfə 18-ci əsrdə İngiltərədə kommersiyalaşıb. Həmin vaxtdan etibarən sevgililər bir-birlərinə şirniyyat, üstündə gül-çiçək, cənnət quşları, oxlanmış ürək və mələklər olan açıqçalar göndərirlər.

Sonralar bu açıqçaların kütləvi istehsalına başlanıb.

İndi hər il Valentin günündə 1 milyarddan artıq təbrik açıqçası göndərilir. Bayram göndərilən təbriklərin sayına görə yalnız Miladdan geri qalır.

Bu bayramda hər il 50 milyon qızılgül hədiyyə olunur.

Cülyettaya məktub

Amma açıqçaların heç də hamısı kiminsə tərəfindən oxunmaq üçün göndərilmir.

1916-cı il Romeo və Cülyetta filmindən kadr
1916-cı il Romeo və Cülyetta filmindən kadr

 

Hər il fevralın 14-də Verona şəhərinə Cülyettaya (Jiluet) ünvanlanmış minlərlə məktub yazılır.

Şekspirin sevgili qəhrəmanları Romeo və Cülyetta məhz Verona şəhərinin sakinləri kimi təqdim olunublar.

Bəs Valentin açıqçasında nə yazılmalıdır?

Ürəyinizdən nə keçirsə onu yazın. Çoxları yalnız "Səni sevirəm” yazırlar.

Amma İngiltərədə Victoria zəmanəsindən bu yana çoxları açıqçalara imza qoymurlar. Düşər-düşməzi ola bilər. Həbsxana keşikçisinin qızına məktub yazıb imza qoyan Valentinin başına gələnləri unutmayın.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ