SON DƏQİQƏ

DİN işgəncə haqda: 'Məhkəmə zamanı hər iki tərəf öz xeyrinə fikir səsləndirə bilər'

Tarix:25-01-2019, 16:26

Çirkli pulları leqallaşdırmaqda, Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) maliyyələşdirməkdə ittiham olunan keçmiş icra başçısı Saleh Rüstəmli və bir neçə partiya üzvü məhkəmədə işgəncəyə məruz qaldıqlarını bildiriblər. Onların işgəncə haqda söylədiklərinə müxalif qüvvələrin 19 yanvar mitinqində də toxunulub, eləcə də bu məsələ sosial mediada müzakirələrə yol açıb. Amma, hələlik, rəsmi qurumlar, Ombudsman Aparatı bu deyilənlərə münasibət bildirməyib.

Daxili İşlər Nazirliyindən isə AzadlıqRadiosuna deyilib ki, məhkəmənin davam etdiyi müddətdə orda səsləndirilən fikirlərlə bağlı mövqe açıqlamaları qanunsuzluq olardı.

Məhkəmədə işgəncə haqda deyilənlər

«Tok buraxan kimi yıxıldım, bir nəfər ayaqlarımın, biri də belimin üstünə çıxdı. Eyni zamanda, hərəsi təxminən 3 dəqiqə olmaqla, beş dəfə tok verdilər. Hər dəfəsindən sonra soruşurdular ki, danışacaqsan? «Yox» cavabından sonra davam etdirirdilər. Axırıncıdan sonra biri dedi ki, «toku artırın, qoy ürəyi partlasın»», – ikinci qrup Qarabağ əlili, AXCP üzvü Babək Həsənov məhkəmədə deyib.

S.Rüstəmli
S.Rüstəmli

 

Bu iş üzrə təqsirləndirilən, keçmiş icra başçısı Saleh Rüstəmli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başına gələnləri belə ifadə edib: «Döyürdülər, tüpürürdülər, ən pis söyüşləri söyürdülər».

Ondan başqa bir sitat: «Ayın 10-da birdən qardaşım oğlu Vidadinin səsini onun qışqırığından, ah-naləsindən tanıdım. Bildim ki, dediklərini eləyiblər, qohumlarımı gətiriblər. Məni idarənin rəisinin, generalın otağına apardılar. General dedi ki, bunu yaxşı danışdırmamısız, aparın. Oradan çıxandan sonra dəhşətli işgəncələr başladı. Elə çıxanda boynumun arxasından vurub, sürüyə-sürüyə apardılar. Bu zalda qohumlarım var, nələr elədiklərini danışıb, onların əzab çəkməsini istəmirəm. Elə elədilər ki, dedim, nəyə istəyirsiz, qol çəkəcəm».

DİN: «Məhkəmə zamanı hər iki tərəf öz xeyrinə fikir səsləndirə bilər»

AzadlıqRadiosu hüquq-mühafizə orqanlarından və hüquq müdafiəçilərindən məhkəmədə təqsirləndirilən şəxslərə işgəncə verilməsi haqda iddialara münasibət almağa çalışıb.

O.Mansurzadə
O.Mansurzadə

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, indiki halda sözügedən iddialara münasibət bildirmək məhkəməyə təzyiq sayıla bilər: «Məhkəmə zamanı hər iki tərəf öz xeyrinə fikir səsləndirə bilər. Buna da məhkəmə baxışı zamanı baxıla bilər, vəssalam. Məhkəmə gedə-gedə orda səslənən fikirlərə münasibət bildirməyimiz mümkün deyil. Bu, həm etik, həm qanuni baxımdan düz deyil. Məhkəmə gedişatına müdaxilə kimi qiymətləndirilə bilər».

AzadlıqRadiosu işgəncələrlə bağlı iddiaları araşdırmalı olan Ombudsman Aparatından açıqlama ala bilməyib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən isə deyiblər ki, qurum saxlanma yerlərinə baş çəkir, amma nə edilən müraciətlər, nə də müraciət edən şəxslərin kimliyi, onların bölüşdüyü məlumatlar barədə ictimaiyyətə açıqlama verir.

İctimai Komitə: «Nə təkzib, nə də təsdiqləyə bilərik»

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyevməhkəmədə işgəncə haqda söylənilənləri nə təkzib, nə də təsdiqləyə biləcəyini deyir, yalnız onlara müraciət ediləcəyi halda araşdırma aparmaq imkanları olduğunu bildirir. O əlavə edir ki, həmin şəxslər və ya vəkilləri onlara müraciət etməyiblər:

Ə.Nuriyev
Ə.Nuriyev

«İkincisi, bu şəxslərə işgəncə faktı vardısa, bəs vəkilləri hara baxırdı? Niyə vəkillər bu məsələni qaldırmırdılar? Suallar yaranır. Məlumatım olmadığı üçün danışa bilmirəm. Bu məsələ ilə bağlı araşdırmam da olmayıb. Ancaq vəkillər bu haqda məlumat verə bilərdilər, buna borcluydular».

Vəkil deyirmiş: «Cavan oğlansan, yadından çıxacaq»

Yeri gəlmişkən, təqsirləndirilən şəxslərdən biri, AXCP üzvü Aqil Məhərrəmovyanvarın 7-də məhkəmədə deyib: «Mən həbs olunanda bir «paykovoy» vəkil təyin eləmişdilər - Səfər Hüseynov. Mənə işgəncə verəndə gəlib deyir ki, «cavan oğlansan, yadından çıxacaq»».

S.Rüstəmlinin vəkili İlhamə Həsənova deyir, hüquqlarını müdafiə etdiyi şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləndən sonra ona dövlət hesabına vəkillər təyin olunub: «Saleh Rüstəmlinin müdafiəçi seçmək hüququ əlindən alınıb. Ailəsinin müqavilə bağladığı vəkil yanına buraxılmadığı halda, dövlət hesabına vəkil təyin edib, guya onun ifadəsi alınıb. Özünün dediyinə görə, Oqtay Əliyev adlı həmin vəkil ümumiyyətlə, orada olmayıb. Ona qəddar, qeyri-insani rəftar altında ifadəyə imza atdırılıb».

«Vəkil Yalçın İmanov işgəncəni ictimailəşdirdi, vəkillikdən uzaqlaşdırdılar»

Siyasi Məhbusları Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev İctimai Komitə üzvünün söylədiklərinə cavab olaraq deyir ki, vəkillər bu məsələləri ictimailəşdirdikd# belə, nəticəsiz qalır:

O.Gülalıyev
O.Gülalıyev

«Vəkil Yalçın İmanov Abbas Hüseynə olan işgəncəni ictimailəşdirdi və onun özünü vəkillikdən uzaqlaşdırdılar. Bu gün çox sayda vəkillərin bu və ya digər şəkildə cəzalandırılması, Vəkillər Kollegiyadan uzaqlaşdırılması da bu cür işgəncələri ictimailəşdirmələri ilə bağlıdır. Bir də, həmin şəxslər məhkəmədə ifadə verərkən məsələni ictimailəşdirdilər, bəs niyə ölçü götürülmür?».

O.Gülalıyev hesab edir ki, S.Rüstəmli və digər AXCP üzvlərinin məhkəməsi dayandırılmalı, onlara işgəncə verilməsi haqda deyilənlər araşdırılmalı, bunu törədənlər məsuliyyətə cəlb edilməlidir.

Azərbaycanda saxlanılan şəxslərə və ya məhbuslara işgəncə verilməsi haqda birinci dəfə deyil danışılır. Bundan öncə Nardaran hadisələrinə görə təqsirləndirilənlər də, «heykəl məhbusu» kimi tanınan Qiyas İbrahimovla Bayram Məmmədov və başqaları da üzləşdikləri işgəncələr haqda məhkəmədə və ya vəkilləri vasitəsilə açıqlamalar veriblər. Ancaq hər dəfə rəsmilər bu məlumatları ya təkzib edib, ya da susaraq münasibət bildirməyib.

Beynəlxalq qurumlar da dəfələrlə bununla bağlı Azərbaycan hakimiyyətini tənqid edib, tövsiyələr veriblər. Yanvarın 17-də «Human Rights Watch» beynəlxalq insan haqları təşkilatı son hesabatında qeyd edir ki, Azərbaycanın təcridxana və həbsxanalarında saxlananlara və məhbuslara işgəncələr verilməsi, işgəncə verənlər barədə şikayətlərin araşdırılmaması və onların cəzalandırılmaması, hökumət tənqidçilərinin oğurlanması və onlara günlərlə vəkillə görüşmək imkanı verilməməsi halları endemik xarakter alıb.

 

No media source currently available

0:000:01:32 0:00
 

 

«Cəzasızlıqdan irəli gəlir»

Hüquq müdafiəçisi O.Gülalıyev də Azərbaycanda işgəncə haqda deyilənlərin araşdırılmamasına təəssüflənir: «İşgəncə adətən həmin şəxslərdən etirafedici ifadə almaq üçün tətbiq edilir. Bu, qanunaziddir, cinayət tərkibli əməldir. Eyni zamanda, insanlığa yaraşmır. Təəssüf ki, hakimiyyətdəki şəxslər bu qanunsuz əməldən çəkinmirlər. Son günlər Saleh Rüstəmlinin və başqalarının məhkəmədəki ifadələri bunu sübut edir, eləcə də Abbas Hüseynə, Taleh Bağırzadəyə çeşidli işgəncələr verilir. Bu da cəzasızlıqdan irəli gəlir».

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesab edir ki, həbs və saxlanma yerlərində təqsirləndirilən şəxslərə, məhbuslara işgəncə verilməsi hallarına son qoyulmalı, qanunsuz hərəkətlərə yol verən şəxslər haqqında ciddi ölçü götürülməlidir, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bu əməlləri təftiş edilməlidir.

İctimai Komitənin koordinatoru Ə.Nuriyev isə bildirir ki, Azərbaycan qanunvericiliyində hər bir vətəndaşın hüquqlarının müdafiəsi üçün yetərincə imkan var və ölkə Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır. «Sadəcə, bu imkanlardan istifadə edilməlidir», – deyə fikrini tamamlayır.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Rəsmi açıqlamada onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar.

Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək «qurama iş» adlandırıb. Bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ