SON DƏQİQƏ

QHT-lərə bir ilə 6 milyon 500 min manat azdır

Tarix:14-12-2017, 12:48

Bu il 500-dən çox layihəyə 6 milyon 500 min manat qrant ayrılıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev AzadlıqRadiosuna belə deyir. Amma əlavə edir ki, bu rəqəm də QHT sektorunun ehtiyacını tam ödəmir. Ə.Nuriyevin sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Şurasına edilən müraciətlərin həcminə baxdıqda, bu tələbat 20 milyon manata yaxındır. Buna görə də o, vətəndaş cəmiyyətinin maliyyə imkanlarının genişləndirilməli olduğunu qeyd edir:

«Amma, eyni zamanda, bu il Avrasiya Əməkdaşlıq Fondu Azərbaycanda genişmiqyaslı layihələrə dəstək verdi. Bu, xüsusilə qeyd olunmalıdır. 30-dan artıq layihə maliyyələşdirildi. Bunlar açıq hökumətin təşkili, korrupsiya ilə mübarizə, könüllülük institutunun daha da dərinləşdirilməsi ilə bağlı layihələrdir. Bu il həmçinin, BMT vətəndaş cəmiyyətinə üst-üstə 2 milyon dollardan çox vəsait ayırdı. Avropa İttifaqı vətəndaş cəmiyyətinə geniş dəstək verdi. Səhv etmirəmsə, üst-üstə 6 milyon avro civarında qrant ayrılıb. Eləcə də Azərbaycanda milli donorlar fəaliyyət göstərir: Gənclər Fondu, Bilik Fondu, Elm Fondu və s. Bir sözlə, həm daxili, həm də beynəlxalq dəstək nəticəsində bu sektorda çoxsaylı layihələr gerçəkləşdirilib».

Şura üzvü 2017-ci ildə vətəndaş cəmiyyəti üzvlərinin ölkədən çıxışına məhdudiyyətlərin aradan qaldırıldığını, cinayət işlərinə xitam verildiyini, bəzilərinin azadlığa buraxıldığını, QHT-lərin əlavə yoxlamalara məruz qalmadığını bildirir.

Ə.Nuriyev bu ilə yekun vurarkən prezidentin xarici donorların qrant verməsi üçün bir pəncərə sisteminin tətbiqi haqda fərmanını və Nazirlər Kabinetinin bununla bağlı mühüm qərarlar aldığını, bu yöndə proseslərə yeni təkan verildiyini də qeyd edir:

«Bu gün QHT-lər istər xidməti müqavilə əsasında, istərsə də digər üsullarla qrant ala və fəaliyyətlərini genişləndirə bilirlər».

«Bir fərman durumu necə dəyişə bilər?»

Bu, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Ə.Nuriyevin 2017-ci ildə vətəndaş cəmiyyətində gedən proseslərə verdiyi qiymətdir. Amma vətəndaş cəmiyyətində heç də hamı onun kimi düşünmür. Məsələn, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanovun fikrincə, bu il sözügedən sektorda durğunluq müşahidə olunmaqdadır.

«Çox təəssüf ki, 2017-ci ildə biz vətəndaş cəmiyyətinin dirçəldilməsi tendensiyasını görə bilmədik. Əksinə, Azərbaycanın beynəlxalq təşkilatlarda, təşəbbüslərdə üzvlüyü dayandırıldı. Öncə «Şərq Tərəfdaşlığı» proqramında Azərbaycan qeyri-aktiv üzv elan edildi, ardınca Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə ölkənin üzv kimi fəaliyyəti dayandırıldı. Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirmədi. Bundan açıq imtina yolunu tutdu. Vətəndaş cəmiyyətinə basqılar da davam etdi. Qanunvericiliyə heç bir müsbət dəyişiklik olunmadı, donorlara çıxış yenə məhdud olaraq qaldı. Bu dediklərim müstəqil vətəndaş cəmiyyətinə aiddir. Hökumətin yanında olan, onunla əməkdaşlıq edən təşkilatlarsa bu problemlərlə, demək olar, üzləşmirlər».

O ki qaldı prezidentin xarici donorların qrant verə bilməsi üçün bir pəncərə sisteminin tətbiqi haqda fərmanına, O.Gülalıyev bu sənədin vətəndaş cəmiyyətində təsirini hiss etmədiklərini söyləyir.

«Ölkədən donorlar çıxarılıbsa, QHT-lər Dövlət Şurasından asılı hala gətirilibsə, seçim imkanı, bu təşkilatların başqa yerdən gəlir əldə etmək imkanı yoxdursa, qanunvericilik bərbad haldadırsa, bircə fərman durumu necə dəyişə bilər?», – deyə hüquq müdafiəçisi sual edir. Onun qənaətincə, qanunvericiliyə dəyişiklik edilməli və beynəlxalq qurumlarla əməkdaşlıq bərpa olunmalıdır.

«Müəyyən yumşaltma yaratmağa çalışsalar da...»

Akif Qurbanov da hesab edir ki, bu il vətəndaş cəmiyyəti üçün 2014-cü ildən başlayan ağır vəziyyət davam edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevsə bu sektorun böhran yaşadığı qənaətindədir. O, son bir neçə ildə siyasi hakimiyyətin apardığı kursun – vətəndaş cəmiyyətinin sıxışdırılması siyasətinin davam etdiyini, dəyişiklik niyyətinin görünmədiyini bildirir:

«2016-cı ildə müəyyən yumşalma yaratmağa (bir neçə həmkarımız azadlığa buraxıldı, bank hesablarına qoyulan həbslər götürüldü) çalışsalar da, sonrakı proseslərdə ümumən durumun dəyişmədiyi bəlli oldu. 2017-ci il həmin dövrdə başlanmış repressiv prosesin nəticələrini üzə çıxardı, toplumda depressiv ovqatın hökm sürdüyünü ortaya qoydu. Bu ilin əvvəlində biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü prosesi çərçivəsində aktiv fəaliyyət göstərsək də, sonradan ölkə rəhbərliyi götürülən öhdəlikləri yerinə yetirmədiyindən oradan da uzaqlaşmalı olduq. Bu durum vətəndaş cəmiyyətinə də neqativ təsirini göstərməkdədir», – A.Qurbanov deyir.

Amma o, hər şeyə rəğmən ayrı-ayrı qrupların və ya fərdlərin monitorinqlər, maarifləndirmə işləri apardığını, bununla da cəmiyyətə pozitiv mesaj ötürməyə çalışdıqlarını da bildirir.

«Köhnə hamam, köhnə tas vəziyyəti davam edəcək»

Əliməmməd Nuriyevsə Azərbaycanda vətəndaş cəmiyyətinin çətinlikləri, problemləri olduğunu etiraf etsə də, onun böhran yaşaması haqda deyilənlərlə razılaşmır, 2014-2015-ci illərdə üzləşilən çətinliklərin artıq geridə qaldığını söyləyir. Əksinə, bu sektorda bəzilərinin «tamam başqa işlərlə» məşğul olduqlarını, xarici donorlardan qrant alaraq fərdi maraqlarını təmin etdiklərini, hətta bir sıra hallarda ölkənin milli təhlükəsizliyinə təhdid yaratdıqlarını iddia edir.

«Onların bəzisi bir sıra beynəlxalq təşkilatlarla əlaqəyə girərək, ölkənin milli maraqlarına zidd fəaliyyət göstəriblər, korrupsiyada, çirkli pulların yuyulmasında adları hallanıb. İndi elə təəssürat yaratmaq istəyirlər ki, guya onlar vətəndaş cəmiyyətini təmsil edən qurumlardır. Bu, belə deyil. Azərbaycanda müstəqil qurumlar var», – Şura üzvü belə söyləyir.

QHT sektorunun təmsilçisi Akif Qurbanov növbəti ildən xüsusi gözləntisi olmadığını bildirir. Onun sözlərinə görə, 2018 seçkilər ili olsa da, «hökumətin siyasi kursu, vətəndaş cəmiyyətinə münasibəti dəyişmədiyindən, yenə köhnə hamam köhnə tas vəziyyəti davam edəcək».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ