SON DƏQİQƏ

Bakıda nömrəsiz maşınları kimlər sürür?

Tarix:25-11-2017, 23:19

Son günlər Bakı küçələrində yenə də nömrəsiz idarə olunan "Oka” və "Lifan” avtomobilləri çoxalıb. Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə dövlət qarşısında xidmətlərinə görə paylanan bu maşınlara nömrə vurmadan yollarda sərbəst idarə edir, hətta DYP əməkdaşlarının qarşısından rahatca keçirlər.

Bu günlərdə oxucularımızdan biri Heydər Əliyev prospektində, hava limanına gedən yolda belə nömrəsiz avtomobilin fotosunu çəkərək redaksiyamıza göndərib. Avtomobilin həm ön, həm də arxa hissəsindən nömrə nişanı çıxarılıb. Həmin yolun bütünlüklə radar və kameraların nəzarətində olmasını nəzərə alsaq, niyə polis tərəfindən xətdən kənarlaşdırılmaması təəccüb doğurur.

 

"Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar”

Virtualaz.org bu mövzunu dəfələrlə ekspertlərin, DYP rəsmilərinin mövqeyini araşdıraraq işıqlandırsa da, hələ də problemin həll olunmaması bizi təkrarən bu mövzuya qayıtmağa məcbur etdi. Əlbəttə, bu hal bütün müharibə əlillərinə şamil olunmasa da, nömrəsiz maşın sürənlər ən birinci uğrunda canlarını qoyduqları dövlətimizin qanunlarına hörmətsizlik edirlər. Digər tərəfdən isə, əgər belə nömrəsiz avtomobillə qəza törədib adam öldürülsə və ya digər cinayət törədilsə, həmin şəxsi polis necə tapacaq, harada axtaracaq?


Əslində, bütün avtomobillər dövlət qeydiyyatına alınmalı, onlara nömrə verilməlidir. Nömrəsiz avtomobillə heç bir sürücü yola çıxa bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi hallarda müharibə əlilləri onlara verilən avtomobilləri başqalarına, yaxın və ya qohumlarına verirlər: "Nəticədə isə belə avtomobilləri əlilliyə aidiyyəti olmayan, müharibədə iştirak etməmiş şəxslər sürürlər. Bilirlər ki, polis əlillərin xətrinə dəyməyəcək. Əslində isə, belə şəxslərə güzəşt edilməməlidir. Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar”, - deyə ekspert bildirir.

 

Bu il 1145 nömrəsiz maşın sürən sürücü saxlanılıb - DYP

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da belə halların olması ilə razılaşır. Lakin bölmə rəisinin virtualaz.org-a bildirdiyinə görə, polis belə hallarla mübarizə aparır və belə şəxslər inzibati məsuliyyətə cəlb olunurlar: "2017-ci ilin yanvar ayının 1-dən noyabrın 11-ə qədər dövlət nömrə nişanı olmadan avtomobili idarə etməyə görə Bakı şəhəri üzrə 1145 sürücü saxlanılıb və bunların arasında Qarabağ əlilləri də var. Yol polisi dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət apararkən belə avtomobilləri görürsə, təbii ki, reaksiya verir. Belə avtomobillər saxlanılır və yol hərəkətindən kənarlaşdırılır. Onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Ola bilər ki, ərazidə xidmət aparan əməkdaş bir nömrəli tədbirdə olar və ya həmin ərazidə yol polisi olmaz. Bu o demək deyil ki, nəzarət olunmur”.

Vaqif Əsədov deyir ki, DYP əməkdaşı yoxdursa belə, vətəndaş dövlətin ona yaratdığı şəraitdən sui-istifadə edib avtomobili nömrəsiz idarə etməməlidir. Bölmə rəisi deyir ki, belə şəxslər cəzalandırılır, bu öz yerində, amma ölkədə belə avtomobillərin olması özü yaxşı hal deyil: "Çünki ölkəmizə çoxlu qonaqlar gəlir və onlar ölkəmiz haqqında hansı fikirlərlə ölkələrinə qayıdar? Doğrudur nömrəsiz avtomobil idarə edənlər çox deyil, 1-2 nəfər əlillik dərəcəsindən istifadə edib belə hərəkət edə bilər. Amma biz çalışırıq, belə halları tamamilə aradan qaldıraq. Əlillərlə görüşlər keçiririk və bildiririk belə hallara yol verilməməlidir. Dövlət onlara pulsuz avtomobil verib, onların vətəndaş kimi qanunlara əməl etmək, həmin avtomobilləri nömrə ilə sürmək borcudur”, - deyə V.Əsədov bildirir.

Məlumat üçün bildirək ki, qanunvericiliyə görə, əgər hər hansı avtomobilə nömrə verilməyibsə, bu qeydiyyatdan keçməmiş nəqliyyat vasitəsinin idarə edilməsi hesab olunur və buna görə İnzibati Xətalar Məcəlləsinin 154-cü maddəsinə görə 50 manat cərimə tətbiq olunur. Əgər avtomobilin nömrəsi varsa və sürücü onu çıxararaq avtomobili nömrəsiz idarə edirsə, buna görə 155-ci maddəyə əsasən 40 manat cərimə oluna bilər. Əgər nömrə varsa və onu maşından kənara qoyubsa, belə avtomobil cərimə meydançasına aparılır, sürücüyə 4 cərimə balı verilir və 60 manat cərimə olunur. Həm də sürücü yalnız nömrəni gətirib yerinə taxdıqdan sonra onu idarə edə bilər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ