Savadlı kadrların hazırlanması üçün hansı ali məktəblər daha əlverişlidir kimi sualların cavabını ekspert Etibar Əliyev AzNews.az-a açıqlamasında verib.

"Son illər ixtisas seçimlərinə maraq çox kəskin şəkildə dəyişib.Hazırda abituriyentlərin əksəriyyəti tibb ixtisasına, iqtisadi yönümlü ixtisaslara maraq göstərir ki, şübhəsiz bunun obyektiv və subyektiv tərəfləri var. Bu da ondan irəli gəlir ki, Bu ixtisaslarda işlə bağlı şaxələnmələr çoxdur. Amma digər ixtisaslarda müəyyən dərəcədə durğunluq var. Məsələn, müəllimlik peşəsinə əvvəlki illərdə olduğu kimi maraq yoxdur. Xüsusilə oğlanlar tərəfindən maraq azalıb. Nazir Mikayıl Cabbarovun təxminən 2 tədris ili əvvəl verdiyi əmrə əsasən 500-dən yuxarı bal toplayaraq pedeqoq ixtisası seçən abituriyentlərə əlavə olaraq 100 manat təqaüd verilir. Bu hal nisbətən müəllimliyə olan marağı artırmışdı. Ən aşağı səviyyədə maraq isə Kənd Təsərrüfatı ixtisaslarınadır. Buna səbəb bu ixtisas üzrə əmək bazarında iş yerlərinin az olmasıdır. Kənd Təsərrüfatı ixtisaslarını ümumiyyətlə abituriyentlərlə yanaşı valideynlər də prestijli saymır. Ən aşağı bal toplamış abituriyentlər belə Aqrar Universiteti seçmir.

Aşağı ballı abituriyentlər daha çox ali məktəblərin ödənişli ixtisaslarına üz tutur. Özəl universitetlərdə hər il yerlər təxminən 50-60 %boş qalır. Bir tərəfdən ödənişlə bağlıdırsa digər tərəfdən isə özəl universitetlər dövlət unversitetlərinə nisbətən rəqabət mühiti yarada bilmir. Hal-hazırda elə ixtisas qrupu var ki, orada bəzi ixtisaslar dominantlıq edir. IV qrup üzrə tibb fakültəsi birincilik edir. Bal aşağı olduqda həmin qrupun abituriyentləri BDU-nun kimya,biologiya fakültələrini seçməyə məcbur olurlar. II ixtisas qrupu üzrə isə prestijli, kifayət qədər inkişaf etmiş İqtisad Universiteti ilk pillədə yer tutur. III ixtisas qrupunda hüquq ixtisası yüksək ballı abituriyentlərin seçdiyi sahədir.

Neft sənayesi ilə bağlı ixtisasları yazan şəxslər BANM-ı seçirlər. Hətta bu ali məktəbdə keçid balı 670-dən yuxarı ixtisaslar da var. Bu ölkədə rekord göstəricidir. Belə ki, BANM-da tədrisin göstəricisi mükəmməl səviyyədədir və ciddi şəkildə reytinq qazanıb. Bu gün üçün orada ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi dövlət üçün böyük uğurdur.”

Qeyd edək ki, universitetlərə ixtisas seçimi avqust ayının 13-nə kimi davam edəcək.