SON DƏQİQƏ

Deputatlar “Köçkünün kafesi olar?” deyən “Azərişıq” işçisi barədə ölçü götürülməsini istədilər

Tarix:17-09-2020, 16:42

Göygöl rayonu Toğanalı kəndində yerləşən Dəlidağ kafesini işlədən məcburi köçkünlər üzləşdikləri haqsızlıqla bağlı Modern.az-a müraciət etdikləri barədə məlumat vermişdik. 

 

Həmin şikayətin araşdırılması zamanı əlaqə saxladığımız rayonun Elektrik Şəbəkəsinin rəhbəri Vaqif Məmmədovun məcburi köçkünlər haqqında "Köçkün getsin, otursun xarabasında, köçkünün kafesi olar?” fikirləri işğal edilmiş bölgələrin deputatları tərəfindən ciddi qınağa tuş gəlib. Onlar "Azərişıq” rəhbərliyinə müraciət edərək onun barəsində ölçü götürülməsini xahiş ediblər.

 

Xocalıdan olan deputat Elman Məmmədov təəssüflə qeyd edib ki, 1990-cı illərin əvvəllərində olduğu kimi bu gün də Azərbaycanda xüsusilə vəzifəli şəxslərin bəziləri bu cür yanlış fikirdə qalırlar:

 

"Düşünürlər ki, məcburi köçkün ancaq səfalət içərisində yaşamalıdır, dilənçi olmalıdır. Bu kökündən səhv və nifrət edilməli fikirdir. Əvvəla məcburi köçkünlər ölkəmizə başqa ölkədən gəlməyiblər. Onlar yaşadıqları Azərbaycanın bir bölgəsindən digərinə köçkünlüyə məcbur olublar. Həmin sözü deyən şəxslərlə məcburi köçkünlər bərabərhüquqlu Azərbaycan vətəndaşıdırlar.

 

Biz müharibə, erməni işğalı nəticəsində köçkün düşmüşük. Nəyimiz var idisə, işğal edilən zonada qalıb. Amma biz ağlımızı, bacarığımızı, savadımızı, qabiliyyətimizi özümüzlə gətirmişik. Ulu öndər hər zaman qaçqın və məcburi köçkünlərin məsələsini diqqətdə saxlayıb və Cənab Prezident İlham Əliyev də bu təbəqədən olan insanlara xüsusi qayğı göstərir.

 

1990-cı illərin əvvəlləri olsaydı, bəlkə də bu fikir həqiqət olardı. Çünki o zaman bizim heç nəyimiz yox idi, torpağımızdan qovulmuşduq, köçdüyümüz yerdə də sıfırdan başladıq.

 

Əli, ayağı sağ, zəhmətkeş, fərasətli məcburi köçkün əlbəttə ki, özünə gün ağlamalı idi və etdi də. Bunu ilkin tələb kimi Ulu Öndər onların qarşısına qoydu. Ölkə başçısı da deyib ki, məcburi köçkünlərə bütün şəraitlər yaradılmalıdır, onlar əmək fəaliyyəti ilə məşğul olsunlar. Məcburi köçkün bütün qabiliyyətini sərf edib, özünə şərait qurur, işləyib, güzəranını düzəltməyə çalışır. Mənə belə gəlir ki, düzgün fikirləşən şəxslər əslində bununla fəxr etməlidir ki, məcburi köçkün artıq dövlətdən yardım istəmir. Öz əziyyəti, zəhməti ilə ailəsini saxlayır. Hesab edirəm ki, bu cür fikirləri səsləndirənlər bölücülüklə məşğuldur və bu, yolverilməzdir”.  

 

Ağdamdan deputat seçilən Aqil Abbas isə deyib ki, hansısa məmurun belə fikir söyləməsinə inana bilmir: "Doğrudan da hər hansı məmur, şəxs məcburi köçkünə "get, xarabanda otur” desə, həmin məmuru qabağa salmaq lazımdır ki, ay şərəfsiz, belə qoçaqsan gəl, gedək işğal altındakı kəndimizə, rayonumuza. Bu nə düşüncədir, bu nə hərəkətdir?! Bunu deyən şəxs ciddi cavab almalıdır, cəzalandırılmalıdır”.

 

Aqil Abbas xəbər haqqında ətraflı məlumatı qeyd edib, məsələni şəxsən araşdıracağını da bildirib.

 

Göygölün deputatı Elşad Mirbəşir oğlu da məcburi köçkünlərə bu cür münasibəti düzgün hesab etmir:

 

"Təbii ki, hamı bərabərhüquqludur. Hər kəsin qanunla yol verilən şəkildə bu və ya digər fəaliyyətlə məşğul olmaq haqqı var. Kiminsə hüququnun təmin olunması, başqalarının hüquqlarının pozulması hesabına olmamalıdır. Rəqabət mühitinin təmin olunması məsələsi də diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, Azərbaycan vətəndaşının hüquqları Konstitusiyamızda aydın təsvir olunub. İnsan hüquqlarının ən yüksək səviyyədə təminat verən Konstitusiyalardan birinə sahibik. Bu baxımdan hesab edirəm ki, vətəndaşlarla bağlı hər hansı ayrıseçkiliyə yol vermək olmaz”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ