www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Kənd klublarına kino qayıdır…

Kənd klublarına kino qayıdır…

Bölmə: Sosial
Kənd klublarına kino qayıdır…
“Kəndlərdə kino nümayişini bərpa etmək istəyirik. Kəndlərə kino qayıdır. Mədəniyyət və Turizm nazirliyinin bu barədə qərarı var. Tədbirlər sentyabr ayının 15-dən başlanır”.

Bunu Mədəniyyət və Turizm nazirliyinin Astaradakı nümayəndəsi Şadoğlan Bayramov deyir. Onun sözlərinə görə, kəndlərdə 15 mədəniyyət müəssisəsində kino nümayişinin aparılması nəzərdə tutulub:


Əvvəlcə pulsuz, sonra...

“Kinoya maraq böyükdür. Keçmişdən fərqli olaraq indi klublarda kino nümayiş etdirmək asandır. Rəqabət də böyükdür. İnternet klubları, hər evdə televiziya var. Lakin ayrıca kino nümayiş etməyin üstünlüyü də çoxdur. Sənədli filmlərə və milli kinomuza üstünlük veriləcək. Əvvəlcə filmlər pulsuz nümayiş etdiriləcək, sonra isə pullu xidmətə keçəcəyik”.

“Hind kinoları xalqın xoşuna gəlirdi”

Astara sakini, 40 ildən çox kinomexanik işləmiş 80 yaşlı Məmməd Əliyev deyir ki, rayonda kino nümayişinə ötən əsrin ortalarında başlanıb:


“Kinoya 1953-cü ildə gəlmişəm. Stalinin dövrü idi. Motorçu işlədim. Sonra kinomexanik oldum. Astara rayonunda 1 kinoklub var idi. Qış klubu idi. Əhali kinoya yenilik kimi baxırdı. Kinoya böyük maraq vardı. Camaat axışıb gələrdi. Bir kinonu gündə 4-5 dəfə nümayiş etdirərdik. Xüsusən hind kinolarına daha çox baxardılar. Sovet filmlərinin heç də hamısına maraq olmazdı. Uzaqbaşı 2 dəfə nümayiş etdirərdik. Hind kinoları xalqın xoşuna gəlirdi. Orada pis səhnələr yox idi. Xalqın dərd-sərindən bəhs edirdi”.

At arabası ilə mədəniyyətə xidmət...

Məmməd Əliyev deyir ki, onda əsas nəqliyyat vasitəsi at arabası idi:

“At arabası ilə kəndlərə gedirdik. Fermaları, kolxozları gəzirdik. Bizim işimizə rayonun partiya katibləri müdaxilə edərdilər. Yerli hökumət kino nümayişinə böyük önəm verərdi. O vaxtları elektrik enerjisi yox idi. Balaca aqreqat var idi, onunla işləyirdik. Rayonun özü, kəndlər zülmət içində idi. Yalnız 60-cı illərin ortalarında evlərə işıq, radio xətti çəkdilər. Dağ kəndlərinə getmək çətin idi, yol pis idi. Hətta at arabası da yoldan keçə bilmirdi. Onda sırf atdan istifadə edirdik...”


Antisovet təbliğatda ittiham

Məmməd Əliyev deyir ki, kinodan əvvəl xüsusi buraxılışlar təqdim ediblər. Bu “jurnal” adlanıb. Orada əsasən Kommunist Partiyası təbliğ olunub:

”Film nümayişi iki hissədən ibarət idi. “Jurnal” və bir də kinodan. Rəhbərlik “jurnal”ın nümayiş etdirilməsində maraqlı idi. Əhalinin marağı isə kinoya idi. Bir kənddə olduq, sakinlər bizdən xahiş etdilər ki, birbaşa elə kinonu verək. “Jurnal” qurultaydan idi. Kinonu verdik. Buna görə başımız ağrıdı. Bizi məhşər ayağına çəkdilər. Mən cavan idim, məni bağışladılar. Bir nəfəri həbs etdilər. Adını da qoydular ki, antisovet təbliğatı aparıb. Çətin illər idi...”

Yeni texnikalar...


Məmməd Əliyev deyir ki, ötən əsrin 60-cı illərindən yeni texnikalar alıblar:

“Əvvəl çox çətin idi. Kino lentini əl ilə fırladırdıq. Sonra balaca generator verdilər. 60-cı illərdən sonra sistemli şəkildə yeni kino aparatları gəlməyə başladı. Kino nümayişinin üstündən qadağanı götürdülər. Harda gəldi kino verirdik. Kəndlərdə kinoklublar yox idi. Hansı binanın divarı geniş idisə orda kino verirdik. Sonra rayonda 35 yay və qış klubları inşa etdilər. Göstərişə əsasən əhalisi çox olan kəndlərdə kino klublar tikdilər. Kinoya ehtiyac var. Klublar yenidən bərpa edilməlidir”.

Kinoteatrın yerində şadlıq sarayı tikilib

İndi rayonlarda az sayda kino klubları qalıb. Bu klubların da baxımsızlıq ucbatından dağılmaq üzrə olduğu bildirilir. Kinoteatrların da sayı azalıb. Bir çox kinoteatr binaları yerli tarixi abidə kimi qeydə alınsa da onları saxlamaq mümkün olmayıb. Lənkəranda Nizami Gəncəvi adına kinoteatr binasını kimi. Tarixi abidə olsa da həmin binanı söküb yerində şadlıq sarayı inşa ediblər.