www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » 'Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayır'

'Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayır'

Bölmə: Sosial, Araşdırma
ƏRZAQ 5 FAİZ BAHALAŞA BİLƏR
'Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayır'

Ekspert Nəriman Ağayev qəzetə deyib ki, hazırda bahalanma daha çox özünü ətin, meyvə-tərəvəzin qiymətlərində göstərir.

O, bir sıra KİV-lərdə Qurban bayramı günlərində qoyun ətinin qiymətinin 5.59 manata enəcəyi barədə informasiyaları ciddi qəbul etmədiyini bildirib:

«Hazırda sümüklü qoyun ətinin qiyməti ən aşağısı 7.50 manatdır. Amma yenə də belə qiymətə alınan ət keyfiyyətli olmur. Keyfiyyətli ətin qiyməti 10 manatdan başlayaraq artır».

Ekspert hesab edir ki, ölkədə qiymət bahalaşmasının qarşısını inzibati üsullarla almaq mümkün deyil:

«Bu ilin üçüncü rübündə ərzaq mallarının qiymətləri 5 faizdən çox artacaq. Mövsümlə əlaqədar ucuzlaşma ancaq meyvə-tərəvəzdə ola bilər. Gələn aydan xiyar, pomidor, şaftalı və armud da bahalaşacaq. Bazarda bu məhsulların həcmi azalır və bahalaşma bu səbəb üzündən baş verəcək».

N.Ağayev təxmin edir ki, bundan başqa konserv, makaron məmulatlarının, günəbaxan, kərə yağlarının, pendir və balığın qiymətləri də artacaq. Üstəlik, o, ərzaq ilə yanaşı, qeyri-ərzaq mallarının da qiymətlərində artım gözləyir.

Ekspert vurğulayır ki, manatın sabitləşən məzənnəsi fonunda qiymət artımı dayanmalı idi. Amma bu baş vermir.

N.Ağayev diqqəti daha bir məqama yönəldir. O hesab edir ki, daxili bazarda məhsulun keyfiyyətinə aidiyyəti dövlət qurumları pis nəzarət edirlər.