SON DƏQİQƏ

'Azərbaycanda intiharın sayı son 30 ildə üç-dörd dəfə artıb'

Tarix:1-09-2018, 13:45

Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Nadir müəllim, az qala, hər gün mətbuatda intihar və ya intihara cəhd xəbərləri oxumaqdayıq. Sizcə, Azərbaycanda intiharların həqiqətən də sayı artıb ya sadəcə, bu xəbərləri KİV tirajlayır?

- Həqiqətən də Azərbaycanda intiharların sayı son illər artıb. Bəlkə də bir neçə dəfə. Əvvəllər bizdə intihar çox az olardı. Bizdən Azərbaycanda intiharın digər ölkələrlə müqayisədə ən aşağı səviyyədə olmasının səbəbini soruşanda bunu dini amillə, xalqın mentaliteti, köhnə adət-ənənələrin yaşamasıyla izah edirdik. Ancaq son illər intiharlar artıb. Düzdür, biz qabaqcıl ölkələrə çatmamışıq. Ancaq hər halda, çoxdur, bir neçə dəfə artıb.

- O zaman intihara meyllənmənin səbəbi nədir?

- İntiharın səbəbi çoxdur. Burda xəstəlik də var, stress də var, bəzən sosial ədalətsizlik səbəb olur, ailə münaqişələri səbəb olur. Psixopatların, yəni xasiyyəti tündməzac olanların sayı artıb. Bu cür adamlar qəfləti hadisə törətməyə meylli olurlar. İntiharlar da belə insanların arasında olur.

- İntiharların bir neçə dəfə artdığını bildirirsiniz. Sizdə bununla bağlı konkret statistika var və ya nəyə söykənərək bunu deyirsiniz?

- Mənə elə gəlir, intiharın dəqiq statistikası heç Daxili İşlər Nazirliyində də yoxdur, nəinki tibb müəssisələrində. Ona görə ki, intiharın statistikası aparılmır. Ancaq müşahidələrimizə əsaslanıb təxmini deyə bilərik ki, intiharın sayı son 30 ildə üç-dörd dəfə artıb.

- İntihara səbəb olaraq bir neçə səbəb sadaladınız. Birinci sıraya hansı səbəbi qoyardınız?

- Birinci sıraya hər halda, xəstəlik və xasiyyət patologiyasını qoyardım. O adamlarda ya gizli, ya da aşkar depressiya olur, depressiya da intihara meyl yaradır. O meyl bəzən cüzi stress nəticəsində güclənir və həmin adam buna əl atır. Sonrakı yerlərdə sosial ədalətsizlik, ailə münaqişələri, iqtisadi çətinliklər gəlir.

- Bu durumda neyləmək lazımdır? Xilas yolu var?

- Biz dəfələrlə demişik ki, tədbirlərdən biri etimad telefonunun yaradılmasıdır. Sutka ərzində növbətçi psixoloqlar, psixiatrlar telefonda oturur, intihara meylli, əsəbi adamlar ora müraciət edir, məsləhətləşirlər, lazım gələndə xəstəxanalara yerləşdirilirlər və s. Həmin xidmət sahəsini biz təşkil edə bilmirik. Hələ yəqin uzun illər də təşkil edə bilməyəcəyik. O, çoxlu məsrəf tələb edir. Sutka ərzində, heç olmasa, 3-4 nəfər növbətçi həkim oturmalıdır. Onların maşını olmalıdır. Hanı səhiyyədə belə pul? Ancaq bu, çox vacib məsələdir. Bir çox ölkələrdə bu var.

 

No media source currently available

0:000:00:36 0:00
 

 

- Sizcə, bu, problemi yoluna qoya bilər?

- Xeyli önləyə bilər. Ona görə də sual qoymaq lazımdır ki, niyə qabaqcıl ölkələrdə etimad telefonu var, Səhiyyə Nazirliyinin nəzdində sutka ərzində istənilən psixoloji yardımı göstərməyə hazır olan qurum işləyir, amma bizdə yoxdur?.. Deyəcəklər: «Pul çatmır». Səhiyyədə, ümumiyyətlə, səhiyyəyə ayrılan pul azdır. Həkimin maaşından tutmuş, yeməyə, dərmana ayrılan pula qədər. Ona görə təşkilati məsələlər geri qalır.

- Söhbətin əvvəlində dediniz ki, Azərbaycanda əvvəllər intiharın az olmasının bir səbəbi də dini amillər idi. Ölkədə 30 il əvvələ baxanda din getdikcə daha çox oturuşmurmu? Bu amil indi niyə kömək etmir o zaman?

- Dindarlar var ki, Həccə gedir, Məşhədə gedir, amma hamıdan çox içki içir, qayda-qanunu pozur. Əsl mömin, dini fəlsəfənin qanunlarına tabe olan çox azdır. Formal olaraq hicab geyir, cürbəcür dona düşürlər, əslində isə dinin tələb etdiyi normalara əməl etmirlər. Əməl etsələr, bunun müsbət təsiri olar.

- Son zamanlar məişət zəminində münaqişələrin, bu zaman ölüm hadisələrinin sayının artması ilə bağlı bir təəssürat yaranır. Sizcə də belədirmi? Bunun arxasında duran səbəblər nədir?

- Cəza tədbirləri arasında əvvəl ölüm hökmü vardı. O, xeyli dərəcədə insanları qorxudurdu və qətllərin qarşısını alırdı. İndi bütün demokratik ölkələrdə olduğu kimi, bizdə də ölüm cəzası ləğv olunub. Qatil düşünür ki, uzaqbaşı həbsdə yatacam, bəlkə amnistiyaya da düşdüm. Yəni həmin adamın ölüm hökmü ilə bağlı qorxusu yoxdur. İndi Türkiyə istəyir ki, bu cəzanı bərpa etsin, elə ABŞ-ın bir çox ştatlarında da bu var. Biz də qoşulmuşuq qabaqcıl ölkələrə, vaxtilə onu ləğv etmişik. Düzdür, bu, çox demokratik addımdır, insanpərvər addımdır. Ancaq görürsünüz nəticəsi necədir?

- Siz əminsiniz ki, ölüm hökmü bərpa edilsə, bu problem aradan qalxacaq?

- Problemin 100 faiz həllindən söhbət getmir. Ancaq xeyli dərəcədə qəsdlərin, adam öldürməyin sayı azalacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ