SON DƏQİQƏ

Havasız və ərzaqsız evin paltarsız uşaqları -AİLƏ DRAMI

Tarix:28-12-2017, 00:53

Solmaz Məmmədovanın 27 yaşı var. 14 yaşında ailə həyatı qurub. 3 uşaq anası Solmaz yaşayış tərzindən artıq bezdiyini deyir, çünki azyaşlı uşaqlarını dolandıra bilmir. Yoxsulluq içində yaşayır. Həyat yoldaşının aylıq 250 manat əmək haqqı ailənin ehtiyaclarını qarşılamağa yetmir. Uşaqlarının nə normal geyimi, nə də normal bir yaşam şəraiti var.


Ailənin hazırda ən çox ərzağa, 3 uşağın qarnını doyurmağa ehtiyacı var: "Yeni ildir, hamının uşaqları yolka qurur, mənim uşaqlarım amma...Ərzağa çox ehtiyacım var, yalandan nə deyim. Yoldaşım 250 manat maaş alır, onu da bilmirəm nəyə çatdırım. Bilmirəm dükanın borcunu verim, bilmirəm evə əyin-baş alım. İş dəftərləri istəyir məktəb uşaqdan, çatdıra bilmirəm, ala bilmirəm, ağlaya-ağlaya gəlir. Həyətdə dəmirlər var, dəmiryığan gəlmişdi, uşaq onları verdi ki, ana, iş dəftəri alacam".


Solmaz Məmmədova deyir ki, uşaqlarının yeməyinin dərdi azmış kimi, şəraitsiz və rütubətli evdə onları xəstəlikdən qoruya bilməməsi də bir yandan üzür onu: "Deyir, ana sümüklərim, boynum ağrıyır. Mən başa düşürəm ki nəmişlikdən ağrıyır, imkanım çatmır ki, bu uşağı həkimə aparım. Çox çətindir, artıq canım boğazıma gəlib, günüm yoxdur burda. Nəfəs almaq olmur, hava gələn yer yox!"


Solmazın oğlu İlkin Quliyev də ən çox məktəb ləvazimatlarını ala bilməməsindən gileylənir: "Elə bil ki, boğuluram, nəfəs ala bilmirəm. Məktəbdən dəftər, kitab istəyirlər, almaq çətindir".


Çarəsiz qalan ailə imkanlı şəxslərdən yardım istəyir: "Xalqıma müraciət edirəm, kimin nəyə gücü çatır, paltardan-ərzaqdan kömək etsin".


Solmazın qaynanası Güli Məmmədova da imkanlı şəxslərin köməyinə ümid edir: "Xalqımdan xahiş edirəm, bu uşaqlara kömək etsinlər. Bir az bu evə əl gəzdirməyə kömək etsinlər ki, havasızlıqdan canları qurtarsın. Sabah əsgər yola salacağam bu uşağı mən. Xəstə uşağımı yola salacağam əsgərliyə".


Yeni il ərəfəsidir. Bu ailəyə yaxşılıq etmək, onları sevindirmək istəyənlər yəqin ki, tapılacaq. Çünki dünya yaxşılardan xali deyil. Yardım etmək istəyənlər 055 767 15 62 nömrəli telefonla əlaqə saxlaya bilərlər.


APA.Tv

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ