www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » 100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?

100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?

Bölmə: Sosial
100 dollar pensiya alan təqaüdçü bayramı necə sevsin?
Ekspert: “Alıcılıq qabiliyyətini ölçməyə çalışsaq, onda məlum olacaq ki, Azərbaycan təqaüdçüsü hardasa 100 dollar məbləğində pensiyanın ümidinə qalıb”

“Yeni il yaxşıdır, təzə il gəlir. Ancaq aldığım bu pensiyaya nə bayram süfrəsi aça bilərəm ki? Onu bayrama xərcləsəm, ayın qalan günləri neyləyərəm? Bir günə mağazada hamısını xərcləyərəm, o pul deyil ki? Bu pulla mən necə təzə il keçirə bilərəm?”.


Cahangir Mehdiyev: 'Bunun işığı var, qazı var, suyu var, zibilpulu var'

Yaşı 70-i haqlayan Cahangir Mehdiyev əlindəki bir neçə bir manata baxıb başını bulayır. Axırıncı təqaüdünü dekabrın 8-də alıb. O, xanımıyla birgə yaşayır. İki övladı çoxdan ailə qurub. Deyir, övladları arada əl tutmaq istəsə də, qıymırlar, ikisinin bir yerdə aldığı 300 manat təqaüdlə birtəhər keçinirlər:

“Bunun işığı var, qazı var, suyu var, zibilpulu var. Hər şeyin də qiyməti o qədər qalxıb ki, nə yeni il, nə bayram?”.

Xanımı Mirvari Mehdiyeva deyir ki, ayın əvvəlində aldığı təqaüddən bir az “gizlədib”, toyuq-plov bişirəcək. “Başqa heç nə”, - qadın sanki suçluymuşcasına pıçıldayır.


Gəzib-dolaşmaqdan, əyləncədən danışmaq istəmirlər. Deyiləsi söz yoxdur. Yeni il gecəsini də, əvvəllər olduğu kimi, televiziyada bayram proqramlarına baxmaqla keçirəcəklər.

“Bayram eləsək, qalan günlər neyləyərik?”

AzadlıqRadiosu-nun sorğusuna qatılan bir neçə təqaüdçü də bayramı ürəklərincə keçirə bilməyəcəklərini söyləyir:

– Pensiya o qədər azdır ki, onunla nə bayram?

– Bir dəfə bazara gedəndə, 70-80 manat gedir. Mən pensiya alan kimi, kommunal xərcləri ödəyirəm. Ev kirayəsi, qazpulu, işıqpulu və... pensiya qurtarır. O verilən pul ölməmək üçündür. Başqa heç nə...

– Hamı da bilir, kommunal xidmətlər də bahalaşdı, o təqaüdlə heç nə eləmək olmur, qalmışdı bayram.

Təqaüdçü: 'Bir dəfə bazara gedəndə, 70-80 manat gedir'

– Aldığım pensiyanı elə həmin gün dərmanlarıma verdim. Hər şeyi bahalaşdırıblar. Mənə uşaqlarım kömək edir.

– Yoox, bayram nədir?– Bayram eləsək, qalan günlər neyləyərik?


“Heç 100 dollar birgünlük bayram bazarlığına yetməz”

Azərbaycanda 1 milyon 300 min təqaüdçü var. Onlar, orta hesabla, ayda 200 manat alırlar. İqtisadçı ekspert Nemət Əliyev deyir ki, təqaüdçülər ən aztəminatlı təbəqə olduğundan, onların gəliri birgünlük bayram bazarlığına da yetməz:

Nemət Əliyev: 'Azərbaycan təqaüdçüsü hardasa 100 dollar pensiyanın ümidinə qalıb'

“Orta təqaüd məbləği 195 manat həddində qiymətləndirilir. Ancaq alıcılıq qabiliyyətini ölçməyə çalışsaq, onda məlum olacaq ki, Azərbaycan təqaüdçüsü hardasa 100 dollar pensiyanın ümidinə qalıb. Bu 100 dollarla nə ala bilər? İndiki şəraitdə, özəlliklə bayramqabağı qiymətlər ceyran belindədir. Meyvənin qiyməti qalxıb, ərzaq kəskin bahalaşıb. Təqaüdçülərin 100 dolları heç birgünlük bayram bazarlığına yetmir”.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyev deyir ki, sığorta pensiya sistemi ilə bağlı yeni qanunun tətbiqi gözlənilir. Onun sözlərinə görə, beləcə, “təqaüdçülərin təminatının daha da yaxşılaşmasına şərait yaranacaq”.