SON DƏQİQƏ

Vahid Əhmədov: 'Yoxsulluğu sıfır həddinə çatdırmaq indiki halda mümkün deyil'

Tarix:27-12-2017, 21:39

aş nazirin müavini Əli Həsənov bildirib ki, prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır: «Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq».

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, baş nazirin keçmiş müavini Vahid Əhmədov bununla bağlı suallarını cavablandırıb.

– Vahid müəllim, iki il ərzində yoxsulluğun sıfıra endirilməsi nə qədər real bəyanatdır? İndiki şərtlərdə mümkündürmü?

– Hökumətin üzvüdür, baş nazirin müavinidir, yəqin, bununla bağlı planları var ki, belə proqnoz verilir. Ümumiyyətlə, yoxsulluğun azaldılmasıyla bağlı müəyyən tədbirlər proqramı var. Hər şey asılıdır hökumətin növbəti iki ildə necə işləyəcəyindən, nə qədər iş yeri açmasından. Açığını deyim, neftin qiyməti bu səviyyədə qalarsa, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olarsa, ciddi problemlər yaranmazsa, qeyri-neft sektorunun inkişafı yüksək səviyyədə gedərsə, əlbəttə, bu problem həllini tapa bilər.

– Gündəlik gəliri 1 dollardan az olanlar ifrat yoxsul, 2 dollar olanlar isə, sadəcə, yoxsul hesab olunur. Azərbaycanda yüksəkmaaşlı iş yerləri bir yana, orta maaş verən iş yerləri yetərincədirmi?

– Yoxsulların gündəlik gəliri ilə bağlı rəqəm bir o qədər də reallığı əks etdirmir. Hər millətin özünün mətbəxi, istifadə etdiyi ərzaqlar var. Bu rəqəm 1 dollar da ola bilər, 2 dollar da. Amma 2 dollardan aşağı olmamalıdır. Hərçənd yoxsulluğu sıfır həddinə çatdırmaq o qədər də asan məsələ deyil. Problemli məsələdir. Ancaq hökumətin üzvü deyirsə, deməli, nəsə planları var.– Bəzi iqtisadçılar hesab edir ki, indiki şərtlərdə belə bəyanat absurd səslənir.

– İndiki halda mümkün deyil, əlbəttə. Azərbaycanda yoxsulluq var. Onu indi heç kim etiraf etmir. Ancaq iki ildən sonra necə olacaq, hansı inkişaf gedəcək... Bayaq qeyd etdim, hər şey asılıdır qeyri-neft sektorunun necə inkişaf edəcəyindən, insanların hamısının işlə təmin olunmasından, yəni işsiz qalmamasından və s. Burda problem çoxdur.

– Sizcə, belə bir plan varsa, hökumət onu elə indidən – iki il öncədən açıqlamalı deyilmi? Yəni, nəyə hesablayıb belə bəyanat verdiyini əsaslandırmalı deyilmi?

– Onu deyə bilmərəm vallah. Nəyə hesablayıb, niyə deyib? Amma çox da yüngül məsələ deyil. Yoxsulluğu aradan qaldırmaq üçün çox iş görülməlidir.

– Yoxsul olmayan ölkələr varmı?

– Nə qədər olmasa, bütün ölkələrdə yoxsul var. Ola bilər birində az olsun, birində çox. Elə ölkə ola bilər, yoxsulların sayını göstərməsin, düşünsün ki, ayıbdır. Amma yoxsul olan ölkələr çoxdur.

– Vahid müəllim, sizcə, Əli Həsənovun bəyanatı şişirdilmiş bəyanat deyilmi?

– Onu siz bilərsiniz də (gülür). Bu sözün, daha doğrusu, bu prosesin həyata keçirilməsi çox ciddi işlər tələb edir. Çox ciddi. Hətta inkişaf etmiş ölkələrdə belə yoxsulluq var. Yenə deyirəm yəqin hökumətin müəyyən planları var. Nə plandır onu deyə bilmərəm.

Nemət Əliyev
Nemət Əliyev

 

«İctimaiyyəti bu dərəcədə aldatmaq ayıbdır»

İqtisadçı Nemət Əliyevsə ölkədə yoxsulluğun iki ilə sıfıra endirilməsi haqda açıqlamanı reallıqdan uzaq hesab edir. Onun qənaətincə, bu deyilənlər Ə.Həsənovun iqtisadi biliklərinin az olduğunu ortaya qoyur və «elementar iqtisadi biliyi olan bir adam bu cür iddialar səsləndirməz». İqtisadçı belə güman edir ki, bu fikirlər dövlət başçısına xoş gəlmək üçün söylənilib.

«Hər bir halda, baş nazirin müavini olaraq, onun bu cür fikir söyləməsi yolverilməzdir. Çünki reallıqdan çox-çox uzaqdır. Faktiki olaraq, son illərdə Azərbaycanda yoxsulluğun səviyyəsi mütəmadi artıb. Baxmayaraq ki, hökumət ictimaiyyətin gözünə kül üfürərək aldadıb. 2000-ci ildən üzübəri Dövlət Statistika Komitəsinin işsizliklə bağlı açıqladığı rəqəmlərə əsasən apardığımız hesablamalar göstərir ki, son 16 ildə, bir qayda olaraq, işsizlərin sayı artıb. Ölkədə minimum 1 milyondan çox işsiz var. Bu adamlar işsizdirsə, deməli, birmənalı yoxsuldurlar. Amma yoxsulluğun səviyyəsi işsizlik səviyyəsindən də yüksəkdir. Yoxsulluğun səviyyəsi gəlirlərin səviyyəsi ilə müəyyənləşir. Azərbaycanda gəliri olan insanların da alıcılıq qabiliyyəti 2015-ci ildən, milli valyutanın devalvasiyasından sonra kəskin azalıb. Ona görə ölkədə yoxsulların səviyyəsi daha yüksəkdir», – iqtisadçı deyir.

N.Əliyevin fikrincə, bu sadalananlardan sonra Ə.Həsənovun açıqlaması əvvəla gülüş doğurur, «ikincisi də, indiki hökumətin yoxsulluğu ləğv etməyə nə qabiliyyəti, nə hazır proqramı, nə də imkanları var» deyə əlavə edir:

«Bütün dünyaya örnək ölkələrdə belə yoxsul var. Ona görə də ictimaiyyəti bu dərəcədə aldatmaq, yalan danışmaq ayıbdır. Ağıllarına gələni danışırlar. Baş nazirin müavini kimi ona baş ucalığı gətirməyən bir açıqlamadır».

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: «Bizdə kağız üzərində yoxsulluq aşağı düşüb»

İqtisadçı Natiq Cəfərli isə Facebook səhifəsində yazır ki, bu açıqlamanı oxuyanda tipik sovet şüarları yada düşür və onun fikrincə, «sovetdənqalma məmur tayfasının beyni də, yanaşması da əsl «kolxozvaridir».

«Dünyada rəsmən yoxsul olmayan tək bir ölkə var - Şimali Koreya, «Kim qardaş» BMT-yə arayış verib ki, bizdə yoxsul yoxdur.

Bizdə yoxsulluğu rəqəmlərlə «rəqs edərək» azaldıblar. Məsələn, Almaniyada aylıq qazancı 900 avrodan az olanları yoxsul kimi qəbul edirlər, bizdə 900 avro, yəni 1800 manat maaş alana camaat qızını ərə vermək istəyir. Ya da, ABŞ-da ildə 20 min dollardan az qazananı yoxsul hesab edirlər, bizdə ilə 34 min manat, aya 2835 manat qazanana oliqarx-zad deyib, onunla qohum olmaq istəyirlər. Yəni, bizdə yoxsulluq səviyyəsini o qədər aşağı salıblar ki, ona uyğun da kağız üzərində yoxsulluq aşağı düşüb.

Almaniya, ABŞ qalsın bir qırağa, Avropanın ən kasıb ölkəsi Bolqarıstanda aya 190 avrodan az qazanan kasıb sayılır, bizdə isə aya 380 manatlıq iş tapmaq üçün camaat tanış-qohum məmur axtarır ki, zəng edib onu tapşırsın», – N.Cəfərli yazır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ