www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Ərzaq dükanında yaşayan ailə də varmış [video]


Ərzaq dükanında yaşayan ailə də varmış [video]

Bölmə: Sosial
Ərzaq dükanında yaşayan ailə də varmış [video]
“İcra məmurları bizi küçəyə tökdü, kiçik mağazaya sığındıq. 8 aydır ki, mağazanın daş döşəməsi üstündə yatırıq. Bir oğlum elə bu neçə ayın içərisində astma xəstəliyi tapdı, 64 yaşlı anam bank işçiləri, icra məmurları ilə aylarla keçirdiyi əsəb üzündən ağır şəkərə tutuldu”.

Bu ailənin durumunu görmək istəyən Bərdədəki Zərifə Əliyeva adına orta məktəblə üzbəüz, 3-5 kvadratmetrlik, havasız, pəncərəsiz, döşəməsiz ərzaq dükanına baş çəksə, yetər. Getməyə yeri olmayan Təhməzovlar ailəsi bu il aprelin 24-dən bu mağazada məskunlaşıb. Səbəbindən ailənin başçısı Firdovsi Təhməzov danışır.


EV BANK İŞÇİSİNƏ SATILIB?

Deyir, elə bu mağazanı işlətmək üçün kiçik sahibkar kimi “Əmrahbank”ın Bərdə filialından iki dəfə kreditə pul götürüb. Birinci dəfə ödənişləri vaxtında edib. İkinci dəfə götürdüyü 12 min 700 manata görə ödəniş edə bilməyib. Bank da onu məhkəməyə verərək yaşadığı evi hərraca çıxarıb. Bir də xəbər tutub ki, ev hərracda alqı-satqı olunub, elə bankın bir işçisinə satılıb:

“Əlimdə evin qiymətləndirmə sənədi var. Evim hərracda su qiymətinə elə bankın hüquq departamentinin müdirinə satılıb. Vəkillərlə məsləhətləşəndə dedilər ki, bu qanunsuzluqdur. Bank işçisi alqı-satqıda tərəf ola bilməzdi. 8 aydır mağazaya sığınmışıq, beton üstündə yatmaqdan hamımız xəstəlik tapmışıq. Gündüzlər mağazaya müştərilər girib-çıxır deyə, burası bağlanana qədər ailəlikcə küçələrdə baş qatırıq. Axşam mağazanın iş vaxtı bitəndə bir yerə yığışırıq”.


Firdovsi Təhməzov deyir, məhkəmədən xahiş edib ki, şişib 20 min manata çatan borcu ayda 300 manat olmaqla ödəsin və evi hərraca çıxarılmasın. Ancaq bir gün qapını icra məmurları döyəndə xəbər tutub ki, məhkəmə onun iştirakı olmadan qərar elan edərək evi hərraca çıxarıb.

F. Təhməzov mağazada xəstə anası və bir xəstə övladıyla yaşayır. Digər övladını isə elə bu ilin oktyabrında bu mağazadan hərbi xidmətə yola salıb.

BANK DEYİR, HEÇ ÖDƏNİŞ ETMƏYİB

“Əmrahbank”ın Bərdə filialından AzadlıqRadiosu-na bildirilib ki, Firdovsi Təhməzov pulu götürəndən sonra, ümumiyyətlə, ödəniş etməyib. Bank işçiləri dəfələrlə onunla əlaqə saxlayıblar, o isə müxtəlif bəhanələrlə ödənişdən boyun qaçırıb. Bank da bağlanmış müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi və girov əmlakın hərraca çıxarılması üçün məhkəməyə müraciət edib. Bank hərracda mənzili bank işçisinin alması barədə deyiləni də təkzib edib.


Hüquqşünas Vaqif Alıyev deyir, əgər həqiqətən də hərraca çıxarılmış mənzilin bank işçisinə satıldığı təsdiqlənsə, vətəndaşın hələ də məhkəmədə iddia qaldıraraq hərracın nəticəsini ləğv etdirmək imkanı var: “Həmin vətəndaş çox asanlıqla Dövlət Reyestr Xidmətinə sorğu verib, dəqiqləşdirə bilər. Hərracın nəticələrini ləğv etdirmək hələ də gec deyil”.

Firdovsi Təhməzov deyir, 1 ildən sonra əsgərlikdən dönəcək övladını dükanda qarşılamaq istəmir. O, dövlətdən kömək gözləyir.