SON DƏQİQƏ

Ət bazarında müəmmalı vəziyyət: tələbat azalır, amma qiymət düşmür

Tarix:22-07-2020, 10:11

Ekspert: "Dondurulmuş ət kolbasa məmulatlarının istehsalı üçün idxal olunur”

Azərbaycanda qırmızı ətə tələbat həmişə yüksək olub. Əhalinin elə bir təbəqəsi yoxdur ki, mətbəxində qırmızı ətdən istifadə etməsin. Ümumiyyətlə, milli mətbəximizin əsasında dayanan başlıca qida məhz qırmızı ətdir. Buna görə də əsas ərzaq məhsullarından biri kimi, ətlə özünütəminetmə səviyyəsi daim diqqət mərkəzində olur. Bu, həm də ərzaq təhlükəsizliyinin əsas tərkib hissəsini təşkil edən bir məsələdir.

Son aylarda koronavirus pandemiyasının yaratdığı böhran ət bazarında da dəyişikliklərə səbəb olub. Xüsusilə ətin ən çox istehlak olunduğu restoran, kafe, şadlıq saraylarının bağlı qalması ətə tələbatı kəskin azaldıb. Lakin maraqlıdır ki, tələbatın azalması ölkədə ətin qiymətində azalmaya deyil, əksinə, artıma səbəb olub. Mart ayından bəri mal və qoyun ətinin qiymətində hər kiloqramında 1 manata yaxın bahalaşma qeydə alınıb. Eyni zamanda ölkəyə ət idxalında da artım qeydə alınıb. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, bu ilin altı ayında ölkəyə 29 milyon 377.31 min dollarlıq diri heyvan, 45 milyon 951.91 min dollarlıq ət və qida üçün yararlı ət əlavələri idxal olunub. Ötən ilin 6 ayında bu məhsulların idxalı müavfiq olaraq 21 milyon 599.06 min dollar və 35 milyon 394.84 dollar təşkil edib.

Rəsmi məlumatlara görə, Azərbaycanda bütün növ mal-qara və quş əti ilə təminatda idxaldan asılılıq 2016-cı ildəki 12,1 faizdən 2018-ci ildə 17,5 faizə çatıb. Bu zaman mal əti idxalından asılılıq iki ildə iki dəfədən çox artaraq 6,6 faizdən 15 faizə yüksəlib. Burada nəzərə almaq lazımdır ki, xaricdən idxal olunan diri mal-qara ət idxalında nəzərə alınmır. Halbuki son illərdə diri mal-qara idxalında çox ciddi artım var.

Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanda mal əti istehlakı ildən-ilə artır: 2015-ci ildə 146 min 46 ton olan istehlak, 2018-ci ildə 164 328 tona çatıb. Bunun 158 377 tonu bilavasitə ərzaq məhsulu kimi istehlak edilib, 17 301 tonundan isə ərzaq məhsullarının istehsalında istifadə olunub. Mal əti idxalımız ümumi ət istehlakımızdan daha sürətlə artıb. Belə ki, 2012-ci ildə 12 404 ton olan idxal 2018-ci ildə az qala iki dəfə artaraq 23 833 tona çatıb.

Ət bazarında bahalaşma davam edəcək - FOTOLAR

Təxminən eyni vəziyyət qoyun və keçi əti istehlakı və idxalında müşahidə olunur. Belə ki, bu ətin ümumi istehlakı 2015-ci ildəki 73 259 tondan 2018-ci ildə 84 698 tona çatıb. İdxalımız isə 482 tondan 1700 tona yüksəlib. Qoyun və keçi ətiniin ərzaq məhsulu kimi istehlakı 2015-ci ildə 73 259 ton, 2018-ci ildə isə 81 454 ton təşkil edib.

Azərbaycanda ətə tələbatın ödənməsində xaricdən diri gətirilən heyvanların payı kifayət qədər yüksəkdir. Bu ilin 5 ayında xaricdən 27 721 baş diri iri buynuzlu heyvan, 36 825 baş qoyun alınıb. Qoyunların 35 481 başı, iribuynuzlu heyvanların isə 4 491 başı Rusiyadan gətirilib. Bu dövrdə Ukraynadan 11 933 baş, Gürcüstandan isə 10 704 baş diri iribuynuzlu heyvan idxal olunub. Maraqlıdır ki, bu ilin 5 ayında diri mal-qaranın əsas idxal ölkəsi olan Gürcüstandan idxalımız kəskin azalıb. İdxal illik müqayisədə 870,2 ton və ya 2 dəfə azalaraq 849,2 ton təşkil edib. Gürcüstan Milli Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri 1 milyon 545,4 min dollar təşkil edib ki, bu, ötən illə müqayisədə 1 milyon 071,5 min dollar və ya 41 faiz azdır.

Bəşəriyyət süni ət inqilabının astanasındadır

2019-cu ilin ilk beş ayı ərzində isə Gürcüstan Azərbaycana 2 milyon 616.9 min dollar dəyərində 1 720,7 ton canlı iribuynuzlu mal-qara ixrac etmişdi.

Əvəzində isə Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını artırıb. Gürcüstan statistika orqanının məlumatına əsasən 6 ayda oradan 6,48 milyon dollar dəyərində 1 540 ton dondurulmuş mal əti idxal edilib. İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi dondurulmuş mal ətinin çəkisi 1 530,2 ton və ya 157 dəfə artıb.

Statistika Komitəsinin məlumatına əsasən, altı ayda 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 260,4 min ton təşkil edib.

Firdovsi Fikrətzadə: Bizim üzüm istehsalı potensialımız Gürcüstan ...

Firdovsi Fikrətzadə

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin "Yeni Müsavat”a dediyinə görə, Gürcüstandan dondurulmuş ət idxalının artması Azərbaycanda ət emalı sənayesinin tələbatını ödəmək məqsədi daşıyır: "Altı ayda ət idxalımızda 1200 ton artım var. Bunun səbəbi də emal sənayesində tələbatın artması ilə bağlıdır. Altı ayda kolbasa məmulatlarının istehsalı 34,9 faiz artıb. Bu prosesdə yerli təzə ətdən deyil, dondurulmuş idxal ətindən istifadə olunur”.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında ərzaq təhlükəsizliyi məsələsinə toxunub: "Ərzaq təhlükəsizliyinin təmin edilməsində önəmli addımlar atılır və bu məsələ ilə bağlı göstəriş verilib. Ərzaq təhlükəsizliyi o demək deyil ki, biz bütün ərzaq məhsullarını, yaxud da kənd təsərrüfatı məhsullarını Azərbaycanda tam həcmdə istehsal etməliyik. Biz gərək ərzaq təhlükəsizliyinə, necə deyərlər, düşünülmüş şəkildə yanaşaq. Bu ərzaq təhlükəsizliyinin böyük hissəsi, təbii ki, Azərbaycanda formalaşmalıdır və əgər indi buğda istehsalını istisna etsək, bütün digər əsas ərzaq qida məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik”.

Ətin əhalinin istehlakında tutduğu yeri nəzərə almaqla, idxaldan asılılığın artmaması üçün hökumət tərəfindən  addımların atılması zəruridir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ