www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » «Kasıba bayram yaraşmır…»

«Kasıba bayram yaraşmır…»

Bölmə: Sosial
«Kasıba bayram yaraşmır…»
Bayram ərəfəsində qiymət artımının yeni dalğası başlayıb Kənd Təsərrüfatı Nazirliyi yarmarkalar keçirməyi «unudub»
“Yeni il” bayramının gəlişinə sayılı günlər qalmış dükan-bazarlardan ərzaq məhsullarının bahalaşması xəbərləri gəlir. Hər il olduğu kimi ənənəvi olaraq bayram ərəfəsində qiymətlər artır və bayramdan sonra aşağı düşmür. Hökumət nə qədər qiymət artımı ilə mübarizə apardığını desə də, son bir ildəki bahalaşma hər bir ailənin büdcəsində hiss edilməkdədir.

Yeni il yaxınlaşdığından bəzi ailələr ərzaq tədarükünü elə indidən görməyə başlayırlar. Çünki endirimlər əvəzinə həmişə bayram ərəfəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının qiyməti qalxır.

Baş çəkdiyimiz marketlərin satıcıları manatın ucuzlaşması, qaz və işığın bahalaşmasının kütləvi bahalıq yaratdığını bildirdilər. Onların sözlərinə görə, tələbatın artması və məhsul qıtlığının yaranması da qiymət artımına təsir edən amillərdəndir. Satıcılar bayramda tələbatın artdığı unun, ətin, qəndin, şəkər tozunun, yumurtanın və düyü kimi məhsulların bahalaşdığını vurğuladılar.
Yeni ilin rəmzi olan yolkaların qiyməti isə 50 manatdan başlayır. Bir ədad yolka oyunacağının ən ucuzu isə 1 manatdır.

“Bizim Yol”un “Facebook” səhifəsində izləyicilər arasında sorğu keçirib “Yeni il süfrəsi sizin üçün neçəyə başa gəlir?” sualı ünvanladıq. İzləyicilərin əksəriyyəti bahalaşma, böhran səbəbindən təmtəraqlı bayram keçirməsələr də, evlərində bayram yolkası quracaqlarını bildirdilər.

““Yeni il” bayram yox, bahalıq gətirir. Maaşlar, təqaüdlər 5 faiz artırsa, məhsulların qiyməti azı 10 faiz artır. Təəssüf ki, bu, Azərbaycanda bir ənənə halını alıb. Təbii ki, buraya mövsümi səbəblər də daxildir. Biz məhsul qıtlığından əziyyət çəkirik, amma məhsullarımızın Rusiya bazarlarına aparırlar”,-deyə Emin Əhmədov yazıb.

İzləyicilər bayramı təmtəraqlı şəkildə qeyd etmək istəyində olsalar da, bayram şənliklərinin qiymətinin baha olmasından gileyləniblər.

“İl boyu zəhmət çəkib pul qazanırıq. Amma ət yemirik, turist kimi rayonlara belə səfər etmirik. Bayramı maraqlı və yaddaqalan şəkildə keçirmək üçün müxtəlif məkanlara gedib, ortabab süfrə açmağı planlaşdırmaq istəyəndə məlum olur ki, bir nəfərin əylənməsi və qidalanması üçün ən azı 65 manat ödəniş etmək lazımdır. Bir sözlə, bayram kasıba yaraşmır”,-deyə Anar Əliyev bildirib.
Ənənəvi olaraq hər il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə dekabr ayının ikinci həftəsində yarmarkalar keçirilir. İnternetdə axtarış aparsaq da, bu barədə elana nə Kənd Təsərrüfatı Nazirliyin, nə də İqtisadiyyat Nazirliyinin saytında rast gəlmədik.