www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'

Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'

Bölmə: Sosial
Qar təmizləyən: 'Xanım-xatın arvad idim, indi əlimə bel almışam...'
“Saat 7-dən işə başlamışıq. Əvvəlcə kanalizasiyaların yolunu, sonra dayanacaqlar olan yerləri təmizləmişik ki, camaat sürüşüb yıxılmasın. Soyuq olsa da, işlədikcə bədənimiz qızışır. Bu dəqiqə tər içindəyik... İşə başlamazdan əvvəl əyin-başımızı dəyişirik. Burda yerimiz var, hökumət geyinməyə xalat, qaloş, çəkmə, jilet, əlcək verir. Olur ki, özümüz də alırıq”.

“Texnikamız var, ancaq nə olsun, istifadə eləmirlər”

Yaşlı qadın ağır beli qaldırıb var gücü ilə buza çırpır. Köhnə belin buzlu yolları qaşıdıqca çıxardığı səsə, ara-sıra, qadının “ah”ı da qarışır...

Dekabrın 15-də paytaxt Bakıya yağan qarı, gecədən buz bağlayan yolları, həmişə olduğu kimi, əllərində belə və süpürgə, yaşlı qadınlar kürüyürlər. Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri yollardadır. Ayağında qaloşu, çəkməsi olanı da var, əlcəkli-əlcəksiz olanı da. Əyinlərində hansı rayonu təmsil etdiklərini göstərən jilet –yelək var. Yeləyin altından nimdaş yun jaketləri “işarır”...

“Kişi işi də deyil, texnika işidir”

Küçələrin qarını təmizləyənlərdən biri - Hənifə Məmmədova 15 ildir bu işdə çalışır. Deyir ki, bu işi həmişə qadınlar görürlər:

“Bilmirəm niyə belədir... Zəmanəmizdən, ya ölkəmizdəndir, bilmirəm. Neyləyək, Allah bizə də çörəyi belə qismət eləyib. 300 manat maaş alırıq. Mən özüm Hövsanda oluram. Səhər saat 5-dən evdən çıxıb işə gəlmişəm. 7-nin yarısı işə başlamışıq. Kanalizasiyaların ağzını açmışıq ki, tutulmasın, dayanacaqları, yolları təmizləmişik. Gedib bir tikə çörək yeyib, yenə qayıdır, qarı kürüyürük. Bu bellə işləyirik, ancaq süpürgəmiz də var. Bu heç kişi işi də deyil, texnika işidir. Bizim texnikamız var, ancaq nə olsun, istifadə eləmirlər”.

Qadın özünə başqa iş tapa bilmədiyindən bu işi gördüyünü deyir. Bir də gözünü açıb ki, ömrünün 15 ilini eyni işə xərcləyib: “Dolanmaq mümkün deyil, ona görə bu işi görürük”.

Onun digər həmkarları danışmağa meylli deyillər. Tək-tük sözlərindən ürəklərinin dolu olduğu, ancaq danışmaqla nə iş, nə də güzəranlarının düzəlməyəcəyi anlaşılır. Arada biri özünü saxlaya bilmir, əlindəki beli göstərib dillənir:

“Bununla işləyirik, gündə xəstələnirəm, bütün həftəni çalışırıq. Yol süpürgəçisinin istirahəti də yoxdur. Mən özüm xanım-xatın arvad idim, indi əlimə bel almışam.

Bu işdə ancaq qadınlardır. Hər qrupda 15-20 qadın olur, nə bilim e!..”. Əlini yellədib işinə davam edir. Bəlkə də yenə nə isə deyir, ancaq söylədikləri buzu parçalayan belin səsində itib-batır...

Bakıda texnikanın görməli olduğu bu ağır işləri illərdir qadınlar görürlər. Səhər saat 7-dən axşam 6-dək küçələrdədirlər. Arada evdən gətirdikləri çay-çörəklə kiçik köşklərində nahar fasiləsinə çıxırlar.

“İsti geyimlə, çayla təmin olunmalıdırlar”

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, belə işlərdə çalışanlar, özəlliklə soyuq havalarda isti çay və geyimlə təmin olunmalıdırlar:

“O ki qaldı bu işləri qadınların görməsinə, sabah o qadınların yerinə həmin işləri texnika görsə, onda da sual çıxacaq ki, onları niyə işdən çıxardılar? İşçi qüvvəsi çox olanda əl əməyindən daha çox istifadə edirlər, nəinki kapital tutumlu texnikadan. Həmin işlərdə qadınlar könüllü işləyirlərsə, onların ixtisara salınmasını, gördükləri işi bahalı qurğuların görməsinin tərəfdarı deyiləm. Azərbaycanda əhalinin sayı iş yerlərindən daha çoxdur. Ölkədə təqaüd də yüksək deyil. Ona görə kommunal təsərrüfat sahələri onları işə qəbul edir. Əlbəttə, hamısı isti geyimlə təmin olunmalıdır. Soyuq havalarda isti çay verilməlidir, işdə fasilələr olmalıdır. İşlərini nisbətən asanlaşdırmaq mümkündür. Əl alətləri müasirləşdirilməlidir, iş müddətləri azaldıla bilər”.

Bakı şəhər İcra Hakimiyyəti: “Qarı qadınlar yox, texnika təmizləyir”

AzadlıqRadiosu-nun əməkdaşı günboyu Mənzil Kommunal Təsərrüfat Birliyinin bir neçə rayon şöbəsi ilə əlaqə saxlayaraq, təmizlikçi qadınlara soyuq havalarda hansı iş şəraitinin yaradılmasını öyrənmək istəyib. Birliyin Yasamal, Xətai, Nəsimi rayon şöbələrində bu haqda danışmalı olan şəxslərin ərazilərdə olduqlarını bildiriblər.

Bakı şəhər İcra Hakimiyyəti təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov AzadlıqRadiosu-na deyib ki, qarı küçələrdən qadınlar yox, texnika təmizləyir:

“Qarı maşınlar təmizləyir, heç bir problem yoxdur. Qadınlar, axı qar təmizləmir. Şəhərdə maşınlar, texnika, hər şey qaydasındadır. Səhərədək bütün kommunal xidmətlər növbətçilik edib. Heç yerdə bir dənə də problem yoxdur”.

...Küçələrdə qar təmizləyən qadınlarsa indidən havaların istiləşməsini, yayın gəlməsini arzulayırlar:

“Yayda işləmək daha asandır, üşümürük, isti olur”.