www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Kommunal borcu olmayanların diqqətinə


Kommunal borcu olmayanların diqqətinə

Bölmə: Sosial
Bir neçə abonentin borcuna görə, digərlərinin işığı, suyu və qazı kəsilə bilməz.
Kommunal borcu olmayanların diqqətinə

“Mənim və 10-dan çox abonentin nə aylıq, nə də debitor borcu olmadığı halda Hacıqabul rayon Elektrik Təchizati Şöbəsinin əməkdaşları tərəfindən işıqlarımız dəfələrlə kəsilib. Səbəb isə bizim istifadə etdiyimiz transformatorun üzərində olan 16 abonentdən bir neçəsinin borcunun olmasıdır”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Hacıqabul rayonu Kolani kənd sakini İlham Əsgərov deyib. O bildirdi ki, borcları olmadığı halda günlərlə işıqsız qalıblar.

Məsələ ilə bağlı “Azərişığ”ın Hacıqabul rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkə rəisi Cəlal Kərimov bildirdi ki, əməkdaşları xəbərdarlıq etdikdən sonra fərdi qaydada borcu olan abonentlərin işıqlarını kəsiblər.

“Amma ola bilər ki, transformator səhər söndürülsün və borclu abonentlərin işığları kəsilsin. Həmin vaxt digər sakinlər etiraz edir ki, mənim borcum olmadığı halda niyə işığım söndürülür? Bizim təhlükəsiz iş aparmağımız üçün transformator söndürülməlidir. İş başa çatandan sonra sakinlərə elektrik enerjisi verilir. Həmin ərazidə smart-kart tipli sayğacalar yoxdur”,- deyə “Azərişıq” əməkdaşı bildirdi.

Cəlal Kərimovun sözlərinə görə, bir neçə abonentin borcuna görə, digərlərinin işığı kəsilə bilməz. “Azərişıq”la yanaşı əhalini “mavi yanacaq” və su ilə təmin edən “Azəriqaz” və “Azərsu” ilə əlaqə saxladıq. Hər iki qurumdan bildirildi ki, kommunal xidmətlərin ödənilməsinə nəzarət edən əməkdaşları abomentləri borclarının olmadığı təqdirdə, digər borcu olanlara görə xidmətlərdən məhrum edə bilməzlər.



Hər bir abonentin hüquqları Azərbaycan Respublikasının müvafiq qanunları ilə qorunur.

Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, işığı, suyu, qazı və başqa kommunal xidmətlərin qanunsuz dayandırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsində xüsusi cərimələr nəzərdə tutulub: “Əgər abonentin borcu varsa, fərdi qaydada ona bildiriş göndərməlidir. Bildirişdə göstərilən müddət ərzində abonent borcunu ödəməzsə, o zaman işığı, suyu və ya qazı kəsilə bilər”.



Belə mübahisəli məsələlərin baş verməsinin səbəblərindən biri də Azərbaycanın kommunal xidmət abonentlərinin hamısının smart-kart tipli sayağaclarla təmin edilməməsidir. “Azərsu” ASC-dən verilən məlumata görə, il ərzində Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 52359 smart tipli su sayğacı quraşdırılıb. Smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların sayı 404702-ə çatdırılıb.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev ANS PRESS-ə bildirdi ki, Bakı, Abşeron və digər iri şəhərlərdə abonentlər smart-kart tipli sayağaclarla təmin edilib. Amma bəzi dağlıq bölgələr var ki, ödəniş terminalları olmadığı üçün mexaniki qaz sayğacından istifadə edilir.