www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

Bölmə: Sosial
İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin sakinləri ölkə prezidentinə müraciət ünvanlayıblar.

Sakinlərdən verilən məlumata görə, müraciətdə adıçəkilən ərazidə yaşayan sakinlər qarşılaşdıqları problemlə bağlı dövlət başçısından kömək istəyiblər.

Müraciətdə deyilir:

“Cənab Prezident! Bildiririk ki, dörd yüzə yaxın ailənin yaşadığı 2-ci Yeni Yasamal 1 və 2 saylı binaların yeganə giriş-çıxışı olan və komunikasiya xətləri keçən böyük bir ərazinin, piyada yolu da daxil olmaqla daha bir obyekt tikintisi üçün hasarlanması sakinlərin ciddi narazılığına səbəb olub. Bu ərizədə daha bir obyektin tikintisi sakinlərə əlavə narahatlıq yaratmaq, baş verə biləcək fövqəladə hadisələr zamanı binalara girişi və piyadaların təhlükəsiz hərəkətini çətinləşdirmək, mənzillərə düşən işıq və havanın qarşısını kəsmək və başqa problemlər yaradacaq.

Sizin xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün gördüyünüz bütün işləri bəyənirik. Son müşavirədə “Bütün məmurlar xalqın qulluqçusu olmalıdır və xalqa xidmət etməlidir” kimi ciddi tapşırığınız hamıya ümid verib. Yəqin ki, iki minə yaxın darısqallıqdan əziyyət çəkən sakinin rahat yaşamaq hüququnu kiminsə biznes maraqlarına qurban verən məmurların bundan xəbəri yoxdur. Budurmu xalqa xidmət?

Onlardan biri kifayət qədər problemləri olan bu binalarda yaşasaydı, buna razı olardımı? Möhtərəm Prezident! Hər iki binanın sakinləri adından Sizdən xahiş edirik ki, qeyd olunan problemlərimizin həlli üçün öz səlahiyyətlərinizdən istifadə edəsiniz”.

Xatırladaq ki, AzNews.az-ın fevralın 13-də verdiyi məlumata görə, Yasamal rayonu, Yeni Yasamal 2, ev 1 ünvanında 9 mərtəbəli binanın qarşısında inşa işlərinin aparılması üçün ərazini hasara alıblar. Sakinlər bildirib ki, ərazidə yeni hündür mərtəbəli yaşayış binası tikilir ki, bu zaman da bütün tikinti qaydaları kobudcasına pozulur.

Binanın bloku ilə yeni inşa edilən tikilinin arasında cəmi 6 metr məsafə var. Sakinlər deyib ki, hazırda hərəkət etmək mümkün deyil, bina tikildikdən sonra isə vəziyyət daha da dözülməz olacaq. Bununla əlaqədar sakinlərlə ərazini hasarlayan şirkətin əməkdaşları arasında mübahisə yaranıb. Tikinti şirkətinin nümayəndələri isə ərazinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrıldığını bildirərək, onları təhqir də ediblər. Bundan sonra sakinlər İcra Hakimiyyətinə yürüş ediblər.

Dünən isə sakinlərin bir neçəsi rayon icra başçısı İbrahim Mehdiyevin qəbulunda olublar. Başçı bildirib ki, həmin ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir şirkətə satılıb. Bundan sonra isə bina sakinləri Prezidentə müraciət etməyə məcbur olublar.