www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » SOS: narkoman qadınların sayı sürətlə artır


SOS: narkoman qadınların sayı sürətlə artır

Bölmə: Sosial
Uşaq və qadın narkomanların sayı hər il durmadan artır. Ötən il 28656 narkoman qeydiyyatda olub. Onlardan 5 nəfəri 15-17 yaş, 1403 nəfəri 18-24 yaş, 3999 nəfəri isə 25-29 yaş arasındadır.

Son 1 ildə yeniyetmə və gənclər arasında bu bəlaya düçar olanların sayı 80 nəfər artıb. Ötən ilin rəsmi statistik hesabatında 152 nəfərin toksikoman olduğu göstərilir. 2013-cü ildə isə narkomaniya kimi bəlaya düçar olanların sayı isə 28376 nəfər təşkil edib. Onlardan 4 nəfəri 15-17 yaş, 1324 nəfəri 18-24 yaş, 3850 nəfəri isə 25-29 yaşlılar olub.

Qeydiyyatda olan 15-17 yaşlı narkomanların 20 nəfəri, 25-29 yaşlıların isə 43-ü qadın olub. Beləliklə, qeydiyyatda olanların 63 nəfəri qadınlardır.

Virtualaz.org saytı xəbər verir ki, bu rəqəmləri Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov açıqlayıb. O, bu barədə nazirliyin rəsmi mətbu orqanında - “Tibb” qəzetində narkomaniya haqda məqaləsində məlumat verib.

SOS: narkoman qadınların sayı sürətlə artır

T.Məmmədhəsənov bildirib ki, narkomaniya təkcə küçə uşaqlarının deyil, həm də firavan ailələrin bəlasıdır. Belə ki, narkotikdən asılılıqla təkcə küçə uşaqları deyil, həm də ilk baxışdan ideal, uğurlu ailələr də rastlaşırlar: “Sosioloji rəy sorğularının nəticələrinə əsasən, uğurlu ailələrdən olan yetkinlik yaşına çatmayan narkomanların 82 faizi öz narkogen “karyeralarına” böyüklərin məclisini dəstəkləməklə ev şənliklərindən başlayıb”.

Qadınlarda isə narkotiklərdən psixi və fiziki asılılıq daha tez formalaşır. Rəsmi statistikaya əsasən, 2013-cü ildə narkoman qadınların ümumi sayı 539, ötən il isə 554 nəfər olub.

Mərkəz rəhbərinin sözlərinə görə, narkoman qadınların sayı ildən-ilə artır: “Təəssüf ki, onların əksəriyyəti narkomaniyanın ən ağır formalarından olan infeksion narkotik istifadəçiləridir. Belə ki, 2013-cü ildə 393, ötən il isə 409 qadın infeksion narkotik istifadəçisi olub. Qadın narkomaniyasının xüsusiyyəti ondadır ki, qadınlar bioloji və psixoloji cəhətləri sayəsində narkotikdən istifadəyə kişilərdən 10-15 dəfə sürətlə qurşanırlar. Buna görə də qadınlarda belə bir xəstəliyin aşkar edilməsinin hər bir halı ciddi həyəcana səbəb olmalıdır.



Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı kəskinləşmələr yaranır. Məsələn, qanaxmalar, vaxtından əvvəl doğuşlar, yeni doğulan körpələrdə erkən ölüm halları baş verir”.

Qadınların narkotiklərə aludə olmasında kişilərin rolu ayrıca qeyd olunmalıdır. Mütəxəssis yazır ki, bu “müəllimlər” bir qayda olaraq “tələbələrindən” yaşda böyük olurlar: “Nisbətən daha az səviyyədə müstəqil olan qadınlar öz narkotika təcrübələrinin əvvəlində narkotiklərini kişilərdən alırlar. Qadınlarda narkotik asılılığının yaranmasına təkan verən amillər bunlardır: dost və tanışlar arasında narkomanların olması, narkomanlarla ünsiyyət, narkotikanın əlçatan olması, erkən siqaret çəkmə və alkoqoldan istifadə, antisosial davranış, düşmənçilik, özünüqiymətləndirmənin aşağı olması.

Belə qrupa daxil olan qadınlar müvafiq təhlükə qruplarına daxildilər”.

T.Məmmədhəsənovun fikrincə, narkomanlıq meyllərinin ilkin profilaktikası üçün təhsil müəssisələrində seçmə yolla ardıcıl profilaktik baxış keçirmək lazımdır. Plofilaktik baxışın məqsədi narkotik maddələrdən asılığa düçar olan gənclərin mümkün qədər erkən müəyyən olunması və davranışlarının tənzimlənməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasıdır.