SON DƏQİQƏ

Xınalıq: 9 tələbəsi olan dağ kəndinin bir qış günü

Tarix:10-02-2019, 01:05

"Alo! Yollar necədir, vəziyyət necədir oralarda, maşın gedib-gələ bilir?"

Bu, sürücülərin Azərbaycanın paytaxtı Bakıdan 200 kilometr şimalda, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən və ölkənin ən yüksək yaşayış məntəqəsi - Xınalığa getməzdən əvvəl etməli olduqları ilk işdir.

Təxminən, 2000 nəfərin yaşadığı Xınalıq ucqar kənddir.

Uzun illər kəndə avtomobil yolu olmadığına görə, gediş-gəlişi çətin olan Xınalıq əhli öz ənənəvi həyat tərzini qoruyub saxlayıb.

Əsas gəlir mənbəyi

Burada demək olar ki, hər bir ailənin əsas gəlir mənbəyi qoyunçuluqdur. Elə buna görə də əhalinin həyat tərzi sürüyə nəzarət əsasında qurulub.

Əhalinin təxmini 80 faizi hər il sentyabr-oktyabr aylarında uşaqlarını yaşlı və ya digər ailə üzvləri ilə kənddə qoyaraq, sürünü də götürüb qışlağa köçürlər.

Bu həyat tərzi ailələrin gəlirini təmin etsə də, ənənələri qorumaq baxımından çətindir. Və burada söhbət tək maddi məsələdən getmir.

Image captionHazırda 306 şagird bu məktəbdə təhsil alır. Məktəbin nəzdində olan internatda isə 50 uşaq yaşayır.

"Elə uşaqlar var ki, məktəbə çox gec yaşda yazılır"

Kəndin orta məktəbinə rəhbərlik edən Yunis Məmmədovun fikrincə, köçəri həyat əsasən uşaqlara təsir edir. Məsələ yalnız işsizlik və kasıb həyat tərzində də deyil. Yunis Məmmədov deyir ki, bəzi valideynlərin başı təsərrüfata və maldarlığa qarışdığına görə, uşaqlarını məktəbə yazdırmağı unudurlar.

Məktəb direktoru deyir ki, hətta bəzi valideynlər uşaqları özləri ilə qışlağa aparır. Bu da öz növbəsində vəziyyəti daha da çətinləşdirir.

"Elə uşaqlar var ki, məktəbə çox gec yaşda yazılır, sonra da oxumağa həvəsi qalmır. Əsas da oğlanlar. Yetkinlik, əsgərlik yaşı çatmış oğlan oxuyarmı heç ondan sonra?!"

Image caption58 yaşlı Təzəgül nənə və 61 yaşlı həyat yoldaşı Şəmsəddin bəy nəvələri ilə. Təzəgül nənə deyir ki, uşaqlara nəzarət etmək onun üçün asan deyil. "Ancaq nə edək, kənddə iş yox, çarəmiz də yox" deyib, oğluna məmnuniyyətlə bacardığı qədər dəstək olur.

Valideynlərini görmək üçün gün sayan balacalar...

Kənddə bir az gəzdikdən sonra, Məmmədov bizi tipik Xınalıq ailəsi ilə tanış etmək üçün bir ailəyə dəvət edir: evdə yaşlı qadın, həyat yoldaşı, onların oğlu, gəlini və beş uşaq yaşayır.

Uşaqlardan üçü, cütlüyün sentyabrda qışlağa getmiş böyük oğlunun övladlarıdır.

Qışlağa hazırlıq sentyabr ayında başlayır. Uşaqlarını nənələri ilə qoyub gedən valideynlərin onlarla tez-tez zəngləşməyə də imkanı olmur. Kənd sakinləri deyir ki, uşaqların çoxu ayrılığa öyrəşsə də, balacalar çox vaxt ağlayır və bunu elə sentyabr ayında müşahidə etmək olur.

9 yaşlı Aynur, 11 yaşlı Aysən və 14 yaşlı Elnur son dəfə valideynlərini dörd ay əvvəl görüb.

Aynur nə vaxt görüşdüklərini yadına salmaq üçün bir-bir ayları saymağa başlayır.

"Tez-tez telefonla danışırıq. Dünən yox, ondan əvvəlki gün danışmışdıq. Dedim ki, tez qayıtsınlar. Ancaq zəng vurmaq bəs deyil də".

Image captionDoqquz yaşlı Gülər mahnı oxumağı və rəqs etməyi sevir. Deyir böyüyəndə müğənni olacaq.
Image captionBacılar bir yerdə vaxt keçirməyi sevir. Soyuq qış aylarında daha çox evin yeganə isti otağında oturub rəsm çəkir və ya dərs oxuyurlar.

"Heç olmasa bir bayram"

Aynur bayramları çox sevir və həmişə xəyal edir ki, heç olmasa bir bayramı bütün ailə bir yerdə toplaşıb qeyd edə bilsin.

"Yeni il günü nənəmə kömək elədik, süfrə açdıq, bacım və qardaşımla həyətdə çoxlu oynadıq. Sonra gecə olanda qardaşım fişəng partlatdı. Yaxşı keçirtdik də, bir sözlə. İstəyirdim anam da burda olsun, mən də onun sözünə qulaq asardım, ona kömək edərdim".

Aynur deyir ki, böyüyəndə rəssam olmaq istəyir. Nənəsi gülərək, onun polis olmaq istədiyini deyir.

"Rəsm çəkməyi öyrənib, qəşəng dağları, yanında ev, bir də içində bütün ailəmi çəkərdim".

Image captionƏflatun və qardaşı Kamaləddin hesab edir ki, yaxın gələcəkdə qoyunçuluq indi olduğu kimi qazanclı olmayacaq.
Image caption15 yaşlı Əflatun Xınalıqda evlərinin qarşısında

2006-cı ildən dəyişən həyat tərzi

Aysənin də, bacısı və qardaşı kimi, valideynlərinin, əsasən də anasının yoxluğunu hiss etdiyi vaxtları olur.

"Hə! Elə vaxt olub ki, bunu həmişəkindən daha çox hiss etmişəm. Bir dəfə qar yağırdı, qardaşımla bacım dərsə getmədi, mən tək idim. Yolda sürüşdüm, paltarım cırıldı, ayağım qanadı. Oturub ağlayırdım, onda anamı istəyirdim. Gəlib bunu nənəmə danışıb ağlamışdım".

Aysən üçün Xınalıqda əsas da qış aylarında həyat çətindir. O istəyir ki, məktəbi bitirib saç ustası olsun.

"İstəyirəm on birinci sinifi qutarandan sonra işləyim və çoxlu pul qazanım ki, Qubada ev alaq".

Image captionBacılar Aysən və Aynur evlərinin önündə

Bu gün Aysən və kənddə yaşayan digər uşaqların arzularını həyata keçirmək üçün daha çox imkanları var. Xınalıq yolunun bərpası ilə kənd əhalisinin həyat tərzi dəyişməyə başlayıb.

Bununla, həm yerli camaatın şəhər mərkəzinə gediş-gəlişi daha da rahatlaşıb, həm də turist axını artıb. Turizmin inkişafı əhalinin həyatına birbaşa təsir edib: bəziləri hətta öz evlərini qonaq evi kimi istifadə etməklə əlavə gəlir mənbəyinə çevirib.

Xınalıq məktəbinin direktoru danışır ki, hər şey demək olar 2006-cı ildə dəyişib.

"Həmin il Prezident gəlmişdi yol açılışına. Onda mən məktəbdə müəllim idim. Məktəbimiz də balaca taxtadan bir yer idi. Şərait yox idi deyə, kim idi məktəbə uşağı göndərən, təhsil düşünən? Biz də məktəbdə həmin gün kimlər vardısa, kəndin başına toplaşıb bərkdən prezidenti çağırdıq. Bir də eşitdik ki, o, yuxarı, bizim yanımıza gəlir".

Məmmədov həm də qeyd edir ki, bu hadisə kənddə gözlənilməz dəyişikliklərə səbəb olub.

"Həmin gün o, məktəbə gəldi. Təsəvvür edirsiniz? Onunla üzbəüz oturub problemlərimizi danışdıq. Dedi, onda mən sizə bir internat məktəb tikim də. Elə bu, kənd uşaqlarının gələcəyi üçün həlledici rol oynadı", o əlavə edir.

Bu kəndin 9 tələbəsi var

Bu söhbətdən bir il sonra, 2007-ci ilin sentyabr ayında internat-məktəb fəaliyyətə başladı.

Məktəbin direktoru Yunis Məmmədov kənddə uşaqların təhsil almaq imkanı artdığına görə, Xınalıqda həyatın daha da yaxşıya doğru dəyişəcəyinə inanır.

Məmmədov deyir ki, köçəri həyatın çətinliklərini görən uşaqlar təhsil alıb bir peşəyə sahib olmağa daha çox maraq göstərir. O, əlavə edir ki, son illər orta məktəbi bitirib ali təhsil müəssələrinə daxil olan uşaqların sayı artıb.

Yunis müəllim fəxrlə əziyyətinin bəhrəsindən danışır.

"Ötən ilin nəticələrindən tam razı qaldım. 2017-ci ildə internatdan 9 nəfər universitetə daxil ola bilib. Hələ onlardan biri də qız idi."

15 yaşlı Əflatun, 9 yaşlı Gülər və 13 yaşlı Kəmaləddin kənddə yaşayan diqər uşaqlara nisbətən daha şanslıdırlar: onların da valideynləri çox vaxtı qışlaqda olsalar da, uşaqlarının təhsil almağını dəstəkləyir. Onlar həm də, digərlərindən fərqli olaraq, vaxtaşırı kəndə gəlir və ya uşaqları Quba, Bakı kimi şəhərlərə gəzməyə, birlikdə bayram qeyd etməyə aparır.

Image captionAysən valideynlərinin yaşadığı həyat tərzini davam etdirmək istəmir, çünki onun uşaqlığı valideynlərinin qısa dövrlük də olsa geri qayıtmağını gözləməklə keçir.

"Uşaqlar bu işləri tək başına görməli deyil"

Əflatun deyir ki, valideynlərlə bir yerdə olanda daha rahat və əyləncəli yaşayırlar.

"Əslində, onlarla birlikdə qışlağa gedəndə maraqlı idi. Onda heç nə etmirdik, özümüz üçün oynayıb, əylənirdik. Burada belə tək qalanda məsuliyyət daha çoxdur da. Gərək nənəyə nəzarət edək, ona ev işlərində kömək edək".

Lakin Əflatun və qardaşı Kəmaləddin gələcəkdə valideynləri kimi köçəri həyat yaşamağı istəmir.

Image caption81 yaşlı Cəvahir nənə nəvələri ilə tək yaşayır. Deyir ki, "onlar artıq özlərinə və mənə qulluq edəcək qədər böyüyüblər".

"Əşi, həyatdır ki o? Biz oturmuşuq isti evdə, onlar isə soyuqda qalıb. Rahatlıq başqa şeydir axı. Biz oxuyub bir peşə sahibi olmaq, öz işimizi qurub şəhərə köçmək istəyirik".

Əflatun düşünür ki, onlar artıq öz qayğılarına qala biləcək qədər yetkindir. Deyir ki, indi daha çox onlar nənələrinin qayğısına qalmalı olur. Əsas da o xəstələnəndə.uşaq

"Nənə həm də pis eşidir, tez-tez xəstələnir. Bircə nənə nasaz olanda mamagil burada olsa lap yaxşı olardı. Məncə, uşaqlar bu işləri tək başına görməli deyil".


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ