SON DƏQİQƏ

Bakının kanalizasiyasına ayrılan pullar hara axıb?

Tarix:25-09-2018, 00:04

Necə oldu ki, payız gəlib çıxmamış, yağış yağan kimi yenə Bakının küçələri sel suları ilə doldu, evləri su basdı?

Hökumətin bir neçə qurumu buna təbii fəlakət deyir - yağışın normadan artıq yağdığını bildirir. Bakı icra hakimiyyəti sentyabrın 24-də, açıqlamasında deyir ki, son dövrlərdə paytaxtın mərkəzində çoxlu yeni bina tikilir, "Azərsu”nun kollektorları isə fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam gələ bilmir.

Həmin gün Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyə xətlərinin çox gec açılması da əlavə problem yaradıb. Sonradan bu problem aradan qaldırılıb və suyun səviyyəsi kəskin azalıb.

Azərsu isə Bakı şəhər icra hakimiyyəti ilə razılaşmır. Bildirir ki, ki, qurum öz işinin öhdəsindən tam gəlib, kollektorlar Sovet dövründən çəkilmiş olsa da, 2015-ci ildə Almaniyadan gətirilmiş robotlarla yoxlanıb, subasmanın səbəbi yağıntının normadan iki dəfəyə qədər çox düşməsidir.

Təndiqçilər isə subasmanı pis idarəetmənin nəticəsi sayır, hətta ayrılan vəsaitin mənimsəndiyini önə çəkirlər.

Məsələn, 2009-2010-cu illərdə Bakının kanalizasiya xətlərinin təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin sahibi Ridvan Köse, 2012-ci ildə AzadlıqRadiosuna deyib ki, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə gedib:

"Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Halbuki mən bu işi daha az pula görməyə razı idim. Mən maliyyəmi bilirəm, amma görmədiyim məsrəflər olurdu, bunları bilə bilmirdim. Hər önünə gələn bir şey istəyirdi, bunu çatdıra bilmirdik”.

Ridvan Kösə bildirmişdi ki, 3-5 milyon ayrılsa, Bakının kanalizasiya problemini həll etmək olardı, amma ona işləməyə şərait yaratmadılar, getdi. Bu iddiaya o vaxt Azersu cavab verməmişdi.

Bəs indiyə qədər dövlət büdcəsindən Bakının kanalizasiya dərdinə ayrılan pullar hara axıb?

Real Partiyasının icra aparatının rəhbəri Natiq Cəfərli deyir ki, 1990-cı ildən bəri beynəlxalq maliyyə institutları Bakıda kollektorların, su və kanalizasiya sistemlərinin yenilənməsinə və təmirinə azı 1,6 milyard dollar ayrılıb, dövlət büdcəsindən müxtəlif illərdə bu sahəyə ayrılan vəsait isə 7 milyard manata qədərdir.

İqtisadçı deyir ki, bu qədər pula baxmayaraq, Bakının hər il yağış yağanda sulara qərq olması şübhələnməyə əsas verir ki, bu sahədə pis idarəetmə və korrupsiya var. Onun sözlərinə görə dövlət qurumu olan Azərsu daha hesabatlı olmalıdır:

"Azərsu vətəndaşa da hesabat verməlidir, Hesablama Palatasına da . Hesablama Palatasının bu günə qədər Azərsu ilə bağlı geniş auditi olmayıb. Xırda pozuntularla bağlı formal qeydlər olub, amma köklü pozuntularla bağlı audit hesabatı olmayıb. Əgər köklü audit aparılmırsa, köklü islahatlar getmirsə və problemlər həllini tapmırsa, bizim də bunu deməyə əsasımız yaranır ki, deməli ayrılan vəsaitlər korrupsiyaya yem olur”.

Azərsu-nun mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədiyi üçün korrupsiya ilə bağlı iddialara cavab ala bilmədik.

2016-cı ildə, Bakıya yağış yağıb, şəhəri su basanda, prezident İlham Əliyevin sərəncamı ilə yağış kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı işçi qrup yaradılmışdı. Bu qrupa prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik edir. Ötən iki ildə bu işçi qrupun əldə etdiyi nəticələr barədə ictimaiyyətə hansısa məlumat verilməyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ