SON DƏQİQƏ

8 saatdan artıq və ya əlavə gün çalışanda işçinin pulu ödənilirmi?

Tarix:30-08-2018, 11:20

"İstirahətim ayda iki-üç dəfə, iş saatım 10-11 saat, maaşım isə 250 manat idi", böyük marketlərdən birində çalışan satıcı Ümidə Əzimova deyir.

"Əlavə işləyəndə bizə ödəniş olunmur, işçilər narazılıq edir ki, istirahətsiz çalışanda işin keyfiyyəti də aşağı düşür", inşaat sektorunun ofis hissəsində çalışanlardan biri BBC News Azərbaycancaya danışır və əlavə edir ki, ustalar və fəhlələr iş saatından çox çalışanda onlara bunun üçün ödəniş edilir.

Azərbaycanda işçilərin iş saatından əlavə işlədilməsi halı "kütləvi xarakter" daşıyır, təhlilçi, hüquq müdafiəçisi Sahib Məmmədov deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, "hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunvericiliyə uyğun olaraq, Dövlət Əmək Müfəttişliyi müəssisələrdə yoxlama aparmır".

"Aylıq 250 manat maaş və gündə 10-11 saatlıq iş"

Satıcı Ümidə Əzimova deyir ki, əvvəlki iş yerində "ayda iki-üç dəfə" onlara istirahət günü verilib, iş günü isə 10-11 saat olub.

"250 manat maaşla işə düzəlmişdim. Bir müddət işlədim, üç aydan sonra maaşımı 290-a qaldırdılar. İşdən çıxma səbəblərim arasında maaşın azlığı, iş saatının çoxluğu da var idi", o danışır.

Ümidə Əzimova deyir ki, onlarla daha çox formal müqavilə bağlanıb: "Bu, əmək müqaviləsi deyildi, daha çox işçinin üzərinə öhdəliklər qoyurdu. Bir bənd var idi, orada yazılırdı ki, 6 aydan tez işdən çıxsam, məni məhkəməyə verəcəklər".

Keçmiş satıcı deyir ki, işini itirmək istəməyib, ancaq şərtlərə görə bu addımı atmağa məcbur olub. Hazırda 9 saatlıq rejimlə çalışır.

"Həftədə bir gün istirahət götürə bilərəm. Ayda iki-üç dəfə gecə növbəsinə qalıram, vəssalam. Yenə yorulur adam, ancaq əvvəlki iş yerimlə müqayisədə, burada şərtlər yaxşıdır", Əzimova söyləyir.

"İşə qəbul zamanı bizə deyilib ki..."

"İşə qəbul zamanı bizə deyilib ki, həftənin yeddi günü işləyəcəyik. İki həftədən bir istirahət günümüz olacaq". Bunu BBC News Azərbaycancaya 3 ilə yaxındır ki, inşaat sektorunda çalışan, adının açıqlanmasını istəməyən layihə icraçısı deyib.

O bildirir ki, işlədikləri hər 14-cü gün onların istirahət günüdür, bu hesabla ayda cəmi iki gün istirahət edə bilirlər.

Müsahibimizin iddiasına görə, tikintidə çalışan fəhlələr, ustalar "bu iş rejimindən narazı deyillər, çünki onlara saatbaşı" ödəniş edilir: Biz ofis işçilərində isə konkret maaşdır və əlavə işlədiyimiz günlərə görə pul almırıq", o qeyd edir.

Amma narazı olsalar da, şikayət etməyi düşünmürlər: "İşçilər arada öz aralarında narazılıq edirlər. Deyirlər ki, istirahətsiz işləyəndə işin keyfiyyəti aşağı olur, kiməsə şikayət etməyi düşünmürük, çünki maaş yaxşıdır və kimsə maaşını itirmək istəmir", müsahibimiz deyir.

"Bu, Azərbaycanda kütləvi haldır"

Azərbaycanda Konstitusiyaya görə, bir gündə 8, həftədə 40 saatdan artıq işləmək olmaz.

"Əmək qanunvericiliyinə uyğun olaraq, işçi iki gün dalbadal 4 saatdan çox olmayaraq, əgər iş şəraiti ağırdırsa, 2 saatdan çox olmadan əlavə işlərə cəlb oluna bilər", Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BBC News Azərbaycancaya deyir.

Amma bu o halda ola bilər ki, işəgötürənin işçi ilə razılaşması olsun, həm də bunun haqqı ikiqat ödənilməlidir.

Cənab Məmmədov iddia edir ki, Azərbaycanda bir çox yerdə işçilər iş saatından artıq işlədilir və az qala "kütləvi hal" alıb.

Sahib Məmmədov hesab edir ki, iş yerini itirmək qorxusu işçilərə "bu qanun pozuntudsunu məhkəməyə daşımağa" mane olur.

Əmək Məcəlləsi deyir ki...

Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda, gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Amma Əmək Məcəlləsi müxtəlif yaş və kateqoriyalar üçün də ayrı-ayrı hədlər müəyyənləşdirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, "hazırda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında qanunvericiliyə uyğun olaraq, Dövlət Əmək Müfəttişliyi müəssisələrdə yoxlama aparmır.

Nazirlikdən deyirlər ki, hər hansı müəssisədə işçilərin iş saatından artıq və qeyri-iş günlərində işlədilməsilə bağlı şikayətlər olduqda araşdırma aparırlar.

Amma nazirlik ötən il və bu ilin ilk 7 ayında onlara belə bir şikayət gəlib-gəlməməsi ilə bağlı sualı cavabsız buraxıb.

BBC News Azərbaycancaya yazılı cavab verən nazirlik qeyd edib ki, pozuntu halları aşkar edildikdə, "İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən barədə inzibati məsuliyyətə cəlb edilmə tədbiri görülür, eyni zamanda işçinin pozulmuş hüququ bərpa edilir".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ