SON DƏQİQƏ

Çobanının yaylaqda bir günü - REPORTAJ

Tarix:27-08-2018, 11:43

Azərbaycanın dağlıq rayonu olan İsmayıllı çobanları hər il may ayında mal-qaranı yaylağa çıxarır.

Küpüc dağının ətəyində yerləşən Cülyan kəndindən olan Tamerlan da hər il may ayında, təxminən 600 baş qoyunu ilə yüksəkliyə - istidən qorunmaq üçün yaylağa çıxır.

Dağa yol asan deyil – daşlı, qayalı cığırları yuxarıya doğru, xüsusilə də qoyunlarla qalxmaq olduqca çətin olur.

Hətta baytar da yuxarıya çıxmaqdan imtina edir. Buna görə də bir neçə xəstələnmiş qoyuna iynə vurulması üçün Tamerlan məcbur bütün sürünü aşağı endirməli olub.

Yaylaqda yeganə çətinlik qoyunlarla yüksəkliyə qalxmaqdan ibarət deyil. Çobanlar qoyunlarını yırtıcı heyvanlardan da qorumalıdır.

Burada, sıx meşələrlə örtülü yüksəkliklərdə, ayı, canavar, vəhşi pişik və bir sıra başqa yırtıcı heyvanlarla rastlaşmaq mümkündür.

Çobanın ən yaxın dostu

Qoyunları onlardan qorumaq üçünsə çobanlar bir neçə it saxlayır. Tamerlanın sözlərinə görə, bu itlər çobanın ən yaxın dostudur.

Image captionQoyunlarla daşlı-qayalı cığırları yüksəkliyə qalxmaq çətin görünsə də, çobanlar buna vərdiş edib

Onun sürüsünü dörd çoban iti gecə-gündüz həm yırtıcılardan, həm də mümkün digər oğrulardan qoruyur.

Burada əsas nəqliyyat vasitəsi isə atdır. Atlarsız buralarda müntəzəm hərəkət mümkünsüz olardı.

Tamerlanın sözlərinə görə uşaqlıqdan bu işlə məşğul olduğundan, artıq bütün çətinliklərə vərdiş edib.

Image captionQoyunları yırtıcı heyvanlardan qorumaq üçün çobanlar bir neçə it saxlayır

21 yaşı olan Tamerlanın özündən başqa üç qardaşı da onunla birgə çobanlıq edir. Növbə ilə yaylağa qalxırlar. Ayda isə təxminən 10 günlük dincəlmək üçün kəndə enir.

Onun sözlərinə görə, yaylaqdan istifadə üçün icra hakimiyyətinə icarə haqqı ödəyirlər.

Yaylaq fəsli bitəndə, havaların soyuqlaşmağa başladığı sentyabr-oktyabr aylarında isə onlar qoyunları qışlağa, Kürdəmirə aparırlar. Qışlağa yol isə təxminən 5 gün çəkə bilər.

Adətən qoyunları toy edən şəxslər alır. Ən çox qoyun isə Qurban bayramı zamanı satılır.

Alaçıq və elektrik mühərriki

Bu gün Tamerlan təxminən 2000 metr hündürlükdə olan yaylaqda tək gecələməli olur.

Image captionAlaçıqda ilk işimiz tüstüdən qaralmış çaydanı doldurub ocağın üstünə qoymaq olur

Bura yeni köçdüklərindən alaçıq qurmağa da imkan tapmayıblar.

Buna baxmayaraq alaçığa yaxın elektrik mühərriki quraşdırılıb. Tamerlan mühərriki yaylağa atla gətirib və ondan əsasən telefonları yükləmək üçün istifadə olunur.

Axşam düşənə yaxın o, qoyunları yatmaq üçün hələ tam hazır olmayan alaçığın yanına gətirir.

Burada onlar ərzaq və su ehtiyatlarını da saxlayırlar. Suyu isə yaxınlıqdakı bulaqdan gətirirlər.

Çatar-çatmaz ocaq qalanır və Tamerlan, tüstüdən qaralmış çaydanı doldurub ocağın üstünə qoyur. Yeməyə isə pendir-çorəklə yanaşı, dünən kəsilmiş qoyunun ayağı var.

Çay dəmləndikdən sonra ət tikələri ilə dolu tavanı ocağın üstünə çəkirik və söhbət etmək üçün imkan yaranır.

Tamerlan deyir ki, əgər öz qoyunları olmasa, heç bir gün də bu işlə məşğul olmaz. "Mən uşaqlıqdan çobanlıqla məşğulam. Bütün çətinliklərə öyrəşsəm də, adam hərdən yorulur”.

"İndi hələ havalar açıqdır, təsəvvür edin yağış yağanda, məcbursan yağışın altında oturub qoyunları güdəsən, çox çətindir,” Tamerlan deyir.

Image captionTamerlan (solda) öz qoyunları olmasa bircə gün də çobanlıq etməyəcəyini deyir

Lakin o, çobanlıqdan başqa nə işlə məşğul olacağını da bilmir.

Çox keçmir ki, yemək də hazır olur. Yenicə süfrəni qururuq ki, arxadan "əllər yuxarı, tərpənməyin” səsi gəlir.

Bu, qonşu yaylaqdan gələn digər çobanın - Aslanın səsidir. O, oğlu Rahiblə Tamerlanı ziyarət etməyə gəlib.

Atdan düşüb yaxınlaşırlar süfrəyə. Əvvəlcə yeməkdən imtina etsə də, sonra bizə qoşulur.

Image captionMüxtəlif mövzulardan danışmağı sevən Aslan, həm də şəkil həvəskarıdır

Aslanın sanki ürəyi doludur. Uşaqlığından, yaylaqda başına gələn əhvalatlardan, atından və hətta ölkədə baş verənlərdən danışır.

Oğlu Rahib isə, dediyinə görə, iki yaşından yaylaqlardadır. Onlar İsmayıllının Hacıhətəmli kəndindən gəliblər.

Söhbətimiz gecə yarısına qədər uzanır. Aslan həm də şəkil həvəskarı olduğunu bildirir və telefonunda çəkdiyi bir neçə bəyəndiyi şəkli bizə göstərir.

Daha sonra isə ata minib öz yaylaqlarına doğru geri qayıdıralr.

Açıq havada yatmaq

Qonşu olan çobanlar hərdən bir-birlərini ziyarət edirlər. Bəzən nəyəsə ehtiyacları olanda da bir-birlərinə əl tutmağa çalışırlar.

Gecə düşdükcə havanın da soyuduğunu hiss etmək mümkündür. Belə yüksəklikdə bu adi haldır.

Image captionYaylaqda havalar gecə keçdikdən sonra kəskin soyuyur

Gecəyə doğru havanın belə kəskin dəyişəcəyini gözləmədiyim üçün özümlə qalın heç nə götürmədiyimdən, üşüdüyümü görən Tamerlan qalın pencəklərindən birini mənə təklif edir.

Artıq yatmaq vaxtıdır, Tamerlan yerləri hazırlayır. Heç vaxt açıq havada yatmamışdım.

Xüsusən də ətrafda yırtıcı heyvanların olduğunu bilmək adamı daha da həyəcanlandırır. Hərdən itlərin səsi ətrafı bürüyür. Tamerlanın sözlərinə görə, bu zaman onlar hansısa yırtıcı heyvanın yaxınlaşdığını hiss edirlər.

Sakitlik çökəndə isə qoyunların öskürək səslərini eşidirsən. Qoyunların çox maraqlı öksürəyi var, sanki insan asqırır.

Açıq havada, arxası üstə uzanıb ulduzlara baxa-baxa yuxuya getməyə çalışıram.

Səhər tezdən isə artıq yaxınlıqdakı Küpüc zirvəsinə çıxmağa çalışacağıq.

Tamerlan və digər çobanları isə öncəki günlərdə olduğu kimi, yenədə qoyunları otlağa aparmaq, onları güdmək və yenidən yatmaq üçün geri gətirmək gözləyir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ