SON DƏQİQƏ

"Adamlar yeni doğulan uşaqlarına köhnə soyadlarını verməməyə çalışırlar”

Tarix:2-08-2018, 13:48

Artıq 27 ildir sovet işğalından azad olub, müstəqilliyimizi elan etmişik. Lakin hələ də toplum olaraq milli soyadımızı tapa bilməmişik. Bəzilərimizin soyadında  -lı, -li, bəzilərimizdə -zadə şəkilçiləri, amma əksəriyyətimizdə -ova, -ova, -yev, -yeva sonluğu var. 91-ci ilədək doğulanları anladıq, bəs 2018-ci ildə doğulan uşağın soyadının sonluğu niyə -ov,-ova, -yev, -yeva olsun ki? Bu, milli təfəkkürün zəif olması iləmi bağlıdır?

Deputat Aqil Abbas hesab edir ki, bu, milli təfəkkürlə bağlı məsələ deyil: "Xalq yazıçısı Anarın familiyası Rzayevdir. Anarın milli təfəkkürü yoxdur? Ən çox milli təfəkkürü olan adamdır. Məsələyə bu cür yanaşmayaq. Bəzən insanlar öz familiyasına öyrəşir, onu dəyişmək istəmirlər. Məsələn, Abbasov. Abbas olanda ona elə gəlir ki, babasına hörmətsizlik elədi. Belə şeylər də var. Mənim soyadım 3 il bundan əvvələ qədər Abbasov gedirdi. Düzdür, indi şəxsiyyət vəsiqəmdə Abbas gedir, amma diplomat pasportumda Abbasov gedir. Yox, milli təfəkkürlə bağlı deyil bu. Bəzi adamlar var soyadını dəyişdirməyə maraqsızdılar, etinasız yanaşırlar. Amma məncə, yavaş-yavaş dəyişmə gedir. Yazıçı Əliabbasdan da bir misal çəkim. Bir dəfə onun bir yazısını oxudum. Gözəl yazı idi. Axırda yazmışdı ki, ata, Allah sənə rəhmət eləsin, adam da uşağının adını Əliabbas qoyarmı? İndi adam uşağının adını Əliabbas qoyar?”

Aqil Abbas onu da qeyd edir ki, son illər artıq adamlar yeni doğulan uşaqlarına köhnə soyadlarını verməməyə çalışırlar:"Dörd nəvəm var, hamısı da Abbasov familiyası götürməyib. Yəni ataları kimi Abbasov getmirlər. Abbas yazdırıblar. 2018-ci il ildə biz familiya sonluğu nə olub-olmamasını müzakirə edirik. Bundan böyük faciə ola bilməz. Millət özünə familiya axtarır. Bu millət bir əsrdə 3 dəfə adını, əlifbasını dəyişdirib. Millətlərin çoxu ölüb gedib, amma biz hələ özümüzə familiya axtarırıq. Necə yazaq familiyamızı? Amma bu millətin yüz il bundan əvvəl, ruslar işğal etməzdən qabaq familiyası olmayıb. Babamın sənəddə adı belə olub: Muxtar Kərbəlayi Abbas oğlu. Vəssalam. Biz hələ bu millətə ad da axtarırıq. Türk, Azərbaycan türkü, azəri və s. Bu millətin faciəsinə baxın”.(musavat.com)
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ