www.DOGRU.tv - Onlayn Televiziya » Sosial » Bağçaları 10 illik vergidən azad edən qanun ləğv olunur?


Bağçaları 10 illik vergidən azad edən qanun ləğv olunur?

Bölmə: Sosial
Bağçaları 10 illik vergidən azad edən qanun ləğv olunur?
Milli Məclisin mayın 16-da keçiriləcək iclasında “Körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunun ləğv edilməsi müzakirə ediləcək. Xatırladaq ki, adı keçən qanun layihəsi ötən ilin dekabrında qəbul olunub.

Qanuna əsasən qeyd olunan qurumlar 2014-ci ilin yanvarın 1-dən etibarən 10 il müddətinə vergi ödəməkdən azad edilirlər. Bu qanun özəl sektorun yeni bağçalar açmasını stimullaşdırmalı idi. Növbəti plenar iclasın gündəliyində sözügedən qanunun ləğv ediləcəyi xeyli maraq doğurub.

Virtualaz.org bildirir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxlayıb. Millət vəkili bildirib ki, sözügedən qanun ləğv edilmir: “Körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanun layihəsi cənab prezident tərəfindən Milli Məclisin plenar iclasının gündəliyinə təqdim edilmişdi. Biz də Komitənin iclasında ona baxdıq. 10 il müddətinə həmin müəssisələr sadələşdirilmiş vergidən azad edilirlər. Bu da həmin qurumların maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün atılan müsbət addımdır. Biz həmin qanuna səs verdik. Mayın 16-da keçiriləcək iclasda buna bir daha baxacağıq”.

Millət vəkili vurğulayıb ki, Vergilər Məcəlləsində dəyişilik edilərək qəbul olunub: “Bütün bu dəyişikliklər Vergi Məcəlləsi ilə müəyyənləşdirilir. Bu qanuna da dəyişilik edilməsi Vergilər Məcəlləsinin tələbidir və o cümlədən qanunun Azərbaycan Respublikası qanunlarına uyğunlaşdırılması nəzərdə tutulur. Yəni fakitiki olaraq qanun qəbul edilib, sadəcə onu Vergilər Məcəlləsinə uyğunlaşdırırıq”.