SON DƏQİQƏ

Azərbaycan ahılının pensiya arzusu - Media icmalı

Tarix:23-07-2018, 12:13

Pensiya mexanizmi nə qədər ədalətlidir?

«Yeni Müsavat» sual edir: «Azərbaycan və dünyada pensiya yaşı niyə artırılır?».

Məqalədə qeyd olunur ki, bu günlərdə Rusiyada pensiya yaşının 2019-cu ildən artırılması barədə qərar etirazlara səbəb olub. Həmin ölkədə bu yaş həddi kişilər üçün 65, qadınlar üçün 63 yaşa kimi uzadılır.

«Azərbaycanda isə pensiya yaşının artırılmasına ötən ilin yanvarından başlanıb. 2017-2021-ci illərdə kişilərin, 2017-2027-ci illərdə isə qadınların pensiya yaşı hər il 6 ay olmaqla artırılıb 65-ə çatdırılacaq. Kimsə işləyə-işləyə bu yaşa çata biləcəksə, həmən pensiya almaq hüququ əldə etməyəcək. Bu, onun Pensiya Fondunda toplanan pensiya kapitalının məbləğindən asılı olacaq», - qəzet yazır və əlavə edir ki, işlədiyi dövrdə fonda işçi üçün ödənilən sosial sığorta haqqının 85 faizini təşkil edəcək bu kapital 144 ay olmaqla 2 ilə bölünəcək, alınan məbləğ indi 110 manat olan minimum pensiya məbləğindən az olacaqsa, şəxs pensiya ala bilməyəcək. O, minimum pensiya ala bilməkdən ötrü işləməyə məcbur qalacaq.

Məqalədə bu da deyilir ki, minimum pensiyanı almaq üçün azı 25 illik iş stajı tələb olunur, bu stajı olmayanlar yalnız yaşa görə müavinət ala biləcəklər.

Qəzetin yazdığına görə, 65 yaşda pensiyanı yüksək maaş və qanuni əmək müqaviləsi ilə işləyib, özünə yaxşı pensiya kapitalı yığa bilənlərin almaq imkanı olacaq. İndi sayı 100 minlərlə ölçülən, əmək müqaviləsi bağlamadan işləyənlərin və ya aldığı əməkhaqqının cüzi bir hissəsini rəsmiləşdirənlərinsə pensiya ala bilməyəcəkləri vurğulanır.

«Yeni Müsavat» yazır ki, hökumət Azərbaycanda 65 yaşdan pensiyaya çıxan vətəndaşın rahatlıqla 12 il pensiya ala biləcəyini, yəni 77 yaşadək yaşayacağını bildirir: «Amma rəsmi statistikaya görə, ölkədə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az - 70 ildir».

Qəzet hesab edir ki, Azərbaycanda pensiya yaşını artırmaqla hakimiyyət sadəcə, yaşlı insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtina edir.

 

No media source currently available

0:000:02:43 0:00
 

 

Tərs mütənasiblik: enən uçot dərəcəsi, bahalaşan kredit faizləri

«Novoye Vremya» qəzeti «Uçot dərəcəsinə sözardı» yazır.

Qəzet qeyd edir ki, Mərkəzi Bankın faiz dərəcəsi ölkənin pul-kredit siyasətinə cavabdeh olan bu qurumun özünün, eləcə də digər dövlət orqanlarının illik hesablamalar aparmaları üçün əsaslandıqları rəqəmdir. Ancaq deyilir ki, Azərbaycanda bu mexanizm «ölü» olaraq qalır, Mərkəzi Bankın kredit faiz dərəcəsi kommersiya kredit-maliyyə təşkilatlarının dərəcələrinə heç bir təsir göstərmir: «Yəni MB kommersiya banklarına və digər maliyyə təşkilatlarına kredit verir, bu banklar isə öz növbəsində vətəndaşlara, eləcə də şirkət və təşkilatlara kreditlər verirlər. Beləliklə, burada uçot dərəcəsi və ya faiz dərəcəsi kreditin dəyərini, eləcə də iqtisadiyyata pul axınının həcmini tənzimləməyə imkan verən alət rolunda çıxış edir».

Qəzet vurğulayır ki, bu ilin əvvəlindən MB artıq üçüncü dəfədir ki, uçot dərəcəsini aşağı salır, bununla belə, yerli kommersiya banklarında kredit faizləri artmaqda davam edir: «Bu daha qəribə görünür ki, MB uçot dərəcəsini 11%-dən 10%-ə endirdi, yuxarı faiz dərəcəsi 14%-dən 12%-ə düşdü, faiz dərəcəsinin aşağı həddi 8%-ə endirildi, amma bu da kommersiya banklarını faiz dərəcələrini aşağı salmağa vadar edə bilmədi».

«Novoye Vremya» yazır ki, uçot dərəcəsi aşağı salınsa da, bu il mayın 1-nə manatla verilən kreditlər 13%, xarici valyuta ilə verilən kreditlər 9% bahalaşıb. Üstəlik də, bankların kreditləşdirməni 28% azaltdıqları bildirilir.

Maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov qəzetə deyir ki, bankların kreditləşdirməni azaltmaları kölgə iqtisadiyyatı və açıqlanmayan xərclərlə bağlıdır, həmçinin, bank sistemində hələ də sağlam mühitin yaradılmamasının göstəricisidir. Ekspertin qənaətincə, uçot dərəcəsinin səmərəsizliyinin səbəbi Mərkəzi Bankın maliyyə resurslarının bölüşməsi mərhələsində şəffaflıq və rəqabət prinsiplərinə əməl etməməsidir.

Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

 

Son 6 ayın uğurları və perspektivlər

«Azərbaycan» qəzeti «İqtisadi müstəqillik milli inkişafın möhkəm təməlidir» adlı məqalədə son 6 ayda icra edilən sosial-iqtisadi layihələrdən söz açır.

Qəzet yazır ki, islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb.

Bu yerdə dövlət başçısından sitat gətirilir: «Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Son illərdə güclü iqtisadiyyat quran Azərbaycan bu gün heç kimdən asılı deyil və iqtisadi baxımdan 15 il ərzində ölkəmiz qədər inkişaf edən ikinci dövlət yoxdur».

Qəzet son altı ayda ölkədə icra olunan sosial-iqtisadi və beynəlxalq transmilli layihələri sadalayır və bu sırada «Cənub qaz dəhlizi»nin, TANAP-ın rəsmi açılışını, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsini, Naxçıvanda hərbi əməliyyatların keçirilməsini xatırladır.

«Azərbaycan» bu ilin sonuna kimi icrası gözlənilən layihələrdən də söz açaraq, 137 modul tipli məktəb tikiləcəyini, 20 min məcburi köçkünün yeni evlərlə təmin ediləcəklərini, 2 «ASAN Xidmət» mərkəzinin açılacağını, 5 rayonda 100 milyon manatdan çox olan sərmayə layihələri icra ediləcəyini, Bakı-Gəncə sürət qatarının xəttə buraxılacağının nəzərdə tutulduğunu, 14 aqroparkın istifadəyə veriləcəyini, üçüncü peykin orbitə buraxılacağını bildirir.

Qəzet hesab edir ki, son 6 ayın göstəriciləri və qarşıdakı hədəflər icra olunan islahatların bəhrəsidir.


 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ