SON DƏQİQƏ

"Vaxt gələcək, onun danışmamağı sizə ən asan problem kimi gələcək" - autizmi olan insanların işlədiyi kafe

Tarix:27-05-2018, 22:09

- Salam! Necəsiniz? Adınız nədir? Mənim adım Cəlaldır. Buyurun, keçin!

Gülərüz, nəzakətli bir gənc məni kiçik dairəvi masanın arxasına yollayır.

Bura elə bil ki, kino və ya jurnal səhifələrindən və ya gəlincik dünyasından düşmüş nümunəvi bir kafedir: balaca dairəvi masalar, kürəyi buruq ağ stullar, al-əlvan pərdələr, ağ divarda seçilən rəsmlər, tər-təmiz piştaxta, ağ fincanlar, göy döşlüklü ofisiantlar...

Bura Bakının yeganə autizm sindromu olan insanların işlədiyi kafedir. Kafe "Birgə və Sağlam" Autizmlə Mübarizə İctimai Birliyinin nəzdində yaradılıb.

Yüksək intellektə malik, lakin sosial vərdişləri zəif

Cəlalın on altı yaşı var. O, artıq iki aydır ki, burada işləyir. Kafenin işçiləri yalnız ofisiantlıq etmir, müştəri olmayanda özləri də şirniyyat bişirirlər.

Cəlal işini çox sevir. "Burada çay hazırlayıram, qonaqları qarşılayıram, söhbət edirəm. Türklərlə də çox danışıram, onlar mənim dostlarımdır".

Cidd-cəhdlə dostlarının adlarını sadalayır. "Siz Tükiyədə olmusunuz?" - məndən soruşur, İstanbulda olduğumu eşidəndə, "İstanbulda Taksim meydanı, Dolmabaxçe sarayı, Topqapı sarayı, Qalata körpüsü, Qalata qülləsi, Qız qülləsi, Suleymaniye məscidi və... və Aya-Sofya Məscidi var. Yox, özüm olmamışam, hamısını televizorda görmüşəm".

Televizordan başqa Cəlal gəzməyi, oyun oynamağı ("maşın, bayraq, bilgi, döyüş, yarışma oyunları") sevir, riyaziyyat, coğrafiyadan kitablar oxumağı sevir: "Bütün ölkələri, paytaxtları, dövlət quruluşunu bilirəm", deyir.

Gələcəkdə Cəlal kompüter mühəndisi olmaq arzusundadır, "kompüteri yaxşı bilirəm, burada öyrənmişəm" deyə söyləyir.

Masaların birinin arxasında oturan xoş görünüşlü qadın Cəlalın hərəkətlərinə diqqətlə baxır. Anası Mənsurə xanımdır: "Özüm də sizin kimi qonağam, işləyirəm, bura ilk dəfədir ki, gəlirəm. Çox təəccübləndim və sevindim; Cəlal burada özünü o qədər sərbəst aparır ki!"

Autizmin bir çox növləri və dərəcələri olur. Cəlala həkimlər Asperger sindromu qoyublar.

Elmi izaha görə, Asperger sindromlu insanlar yüksək intellektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəifdir. Onların emosional və sosial inkişafı ləngidiyindən inteqrasiyası da gecikmiş olur.

"Bu pozuntu üç yaşından müəyyən olur, amma biz gec bilmişik. Beş yaşında dil açdı. Сəlalın səkkiz yaşı olanda, - Mənsurə xanım danışır, - o, məktəbə getdi.

Beşinci sinifə kimi adi orta təhsil alırdı, amma sonradan məcbur oldum, onu ev təhsilinə götürüm. Gözəl yaddaşı, dil öyrənmə qabiliyyəti var.

Biz səkkiz yaşında mütəxəssisə müraciət edəndə, dedilər ki, artıq gec gəlmişik. Amma həmin vaxtdan bura, "Birgə və Sağlam"a gəlirik. Əvvəllər Cəlal heç əlində topu da tuta bilmirdi. Sonradan atıb-tutmağı öyrəndi".

Mənsurə xanım əlavə edir: "O qədər də bizə acı söz deyən olub! Məsələn, avtobusda gedəndə Cəlal kiməsə yer vermirdi. Ona görə çalışırıq avtobusa minməyək. Və ya televizorun səsini çox yüksək edəndə, qonşular da narazı olurdular.

Ondan ötrü evimi də dəyişməli oldum. Qonşular hamı Cəlalın nə cür olduğunu bilir. Mən də heç vaxt ondan nə çəkinərəm, nə utanaram".

Klassik autizm sindromu ilə insanlardan fərqli olaraq, Cəlalın ünsiyyət qurmaq qabiliyyəti və istəyi var, hamı ilə çox gözəl ünsiyyət saxlaya bilir, Mənsurə xanım deyir.

Anasının sözlərinə görə, "Cəlal hər bir tədbirdə öndədir". Kafeyə də işləməyə həvəslə gəlir: "Hansısa gün bura gəlməsə, çox darıxır. Həm də tanıdığı adamlardı burada".

autizm
Image captionBura elə bil ki, kino və ya jurnal səhifələrindən və ya gəlincik dünyasından düşmüş nümunəvi bir kafedir: balaca dairəvi masalar, kürəyi buruq ağ stullar, al-əlvan pərdələr, ağ divarda seçilən rəsmlər, tər-təmiz piştaxta, ağ fincanlar, göy döşlüklü ofisiantlar...

"Axı, uşaq belə olmamamlıdır!"

Şamxalın 19 yaşı var. O, rəsm çəkir, kompüterdə işləməyi bacarır, rəqs də edir. Şəhərin bütün istiqamətlərində hərəkət edən avtobusların marşrutlarını əzbər bilir.

Şamxal da autizm sindromundan əziyyət çəkir. "Onun bacarıqlarından başqa, biz Şamxalın gələcəyini də düşünməli idik, - anası Zəhra Xəlilova danışır, - bu layihənin yaradılması haqqında eşidəndə, çox sevindik.

Həm uşağın özünə xidmət etməyi öyrənməsi önəmlidir, həm də gələcəkdə hansısa peşə üzrə bacarıqlardan yararlanması ona faydalıdır.

Əvvəllər Azərbaycanda əlilliyi olan gənclər üçün peşə məktəbləri mövcud idi. Orada onlar dərziliyi, aşbazlığı, bərbər işini öyrənə bilərdilər. İndi bu imkanlar mövcud deyil, "Birgə və Sağlam" Autizmlə Mübarizə İctimai Birliyinin sədri Aytən Eynalova deyir.

Azərbaycanda 2015-ci ildən etibarən autizm sindromu diaqnoz olaraq əlilliyin təsnifatı siyahısına daxil edilib. Əvvəllər autizm əlamətləri olan insanlara "əqli geriləmə", "inkişaf ləngiməsi", hətta, autizmin nə olduğunu anlamayaraq "debil" diaqnozu yazılırdı.

"Amma autizm sindromlu uşaqların yalnız 30% -nin əqli geriliyi ola bilər. İndi isə həm autizm diaqnozu qoyulur, həm də hansı növ olduğu göstərilir. Körpəlikdən müdaxilə başlayanda, onları cəmiyyətə qazandırmaq mümkündür", Aytən Eynalova əlavə edir.

O deyir ki, bir çox autizmli uşaqların intellektual inkişafı hətta çox yüksək səviyyədə olur. Birlik sədri xatırladır ki, o zamanlar ailələrin çoxu "gerilik" diaqnozu ilə uşaqlarına təqaüd verilməsini istəmirdi və həkimlərə müraciət etmirdi. "Amma bəzi maddi ehtiyacı olanlar pensiyaya görə "əqli gerilik" diaqnozu ilə razılaşırdı", Aytən Eynalova deyir.

Təqaüdün məbləği, onun sözlərinə görə, 72 manat civarındadır: "Ancaq bu məbləğ autizmli uşaqların ehtiyaclarını heç qarşılamır".

"Anaların istəyi nədir? Körpə uşaq sakit otursun, mən digər işlərini görüm, - gülümsəyərək Şamxalın anası Zəhra Xəlilova etiraf edir, - Mənim Şamxaldan böyük iki uşağım da var. İki yaşlı Şamxala baxanda fərqi görürdüm. Qohumlarım, ana-bacılarım "Özün-özünə iş axtarırsan" deyirdilər, mən isə üsyan edirdim: "Axı, uşaq belə olmamamlıdır!"

autizm
Image captionKafe kiçik olduğundan müştərilər, əsasən, dost-tanışların məsləhəti ilə gələnlərdir

Moskvada təhsil alan və burada genetik kimi çalışan həkim bizə "Vaxt gələcək, onun danışmamağı sizə ən asan problem kimi gələcək" dedi.

On yeddi il bundan əvvəl düzgün diaqnoz qoymaq asan iş deyildi. "Eşitmir", - deyirdilər. "Axı televizor səsinə, qapı, telefon zənginə reaksiya verir", - etiraz edirdim.

İki yaşından altı yaşına kimi biz müxtəlif ölkələri gəzib düzgün diaqnoz əldə etməyə çalışırdıq. Nəhayət, Bakıya dönəndə məlum oldu ki, həkimlərin doxsan faizi bu diaqnoz haqqında heç eşitməyibmiş.

Belə uşaqlarla loqoped və psixoloq işləməlidir. Mən oğlumu loqopedin yanına gətirəndə, o, mənə: "Axı, uşağın danışmır, get, danışanda gətirərsən, nitqini düzəldim" demişdi.

Başladım özüm internetdə terapiya üsulları haqqında oxumağa. Şamxalın beş yaşı olanda ağlaya-ağlaya problemli uşaqlar üçün məktəbləri gəzirdim.

Oradakı uşaqları və onlara münasibəti görəndə üzülürdüm - o uşaqlarla məşğul olmurdular. Təsadüfən, Azərbaycana inklüziv təhsilin gəlməsini gördüm və o layihəyə qoşuldum.

Beş yüz uşaqdan iki yüzü, sonra isə beş nəfəri seçdilər və o beş nəfərin içində mənim də Şamxalım oldu. Yanında köməkçi müəllim olmaqla Şamxal doqquzuncu sinifi bitirdi".

Zəhra Xəlilova danışır ki, oğlunu şəkillərlə "idarə" edirdi: yatağın üstünə yatmış uşağın şəkilini, stolun üstünə yemək yeyən uşağın şəkilini qoyaraq, oğluna ən sadə vərdişləri belə qazandırmağa çalışırdı.

"Noxudu, qarabaşağı qarışdırırdım, deyirdim, gəl, ayıraq, əllərindən tutub yazı yazdırırdım. O vaxtlar heç üzümə baxmırdı. Mənə "Nə var e, niyə əlləşirsən?" deyirdilər.

Amma istəyirdim ki, uşağım nəsə bacarsın. Əslində ailə uşağın əlindən tutursa və ailənin hər bir üzvü dayaq durursa, o uşaq irəli gedir. Mənim yoldaşım mənə o dəstəyi verdi - şansım o idi.

Bəzən deyirlər: "Filan uşaq geri qaldı". Deyirəm: "Bilirsiniz, nəyə görə? Ona görə ki, cəmiyyət onu qəbul etmədi, öncədən isə ailəsi qəbul etmədi".

autizm
Image caption"Birgə və sağlam" İctimai Birliyinin sədri Aytən Eynalova

Niyə "Kaşalata?"

Kafe kiçik olduğundan müştərilər, əsasən, dost-tanışların məsləhəti ilə gələnlərdir. Müxtəlif ictimai təşkilatlar, tələbələr, blogerlər, valideynlər məlumat alıb kafeyə gəlirlər.

Kafenin yaradılması təşəbbüsü "Birgə və sağlam" İctimai Birliyinin sədri və həmçinin autizm sindromlu oğlu olan Aytən Eynalovaya məxsusdur.

"Oğlum kiçik yaşında bütün verdiyim yeməklərə "kaşalata" deyirdi. Ona görə kafenin adını da "Kaşalata" qoyduq" - Aytən xanım gülümsəyərək izah edir:

"Bizim birliyin əsas məqsədi autizmli uşaqlara, gənclərə, ailələrinə dəstək olmaqdır və eyni zamanda ölkə səviyyəsində autizmlə bağlı maarifləndirici layihələrin həyata keçirilməsidir.

Digər uşaqlar kimi autizmli uşaqlar da kiçik qalmırlar, böyüyürlər, məsələn, oğlumun artıq 15 yaşı var, yeniyetmədir.

Mən hər zaman düşünürdüm: uşaq böyüyür, mən onun gələcəyini nə cür tənzimləyəcəyəm? Belə uşaqlar üçün peşə təlimi almağa heç bir yer yoxdur.

Araşdırdım ki, dünyada nümunələri olan xüsusi qayğıya ehtiyaci olan məkanlar var. Bununla əlaqədar layihə irəli sürdüm və bir çox şirkət və təşkilatlar bizə dəstək olmaqla layihənin bünövrəsini qoydum.

Bura sadəcə bir otaq idi, kafe-atelye halına gətirdik. Buranın məqsədi yeniyetmə yaşında olan autizm sindromlu uşaqlarımızın fərqli bir sistemlə - dünyada tətbiq olunan tətbiqi-davranış analizi sistemi ilə onlara verilən hədəflərin müəllimin dəstəyi ilə həyata keçirilməsi və öyrədilməsidir".

Kafe hissəsində kafe işinə aid işləri - sifarişlərin hazırlanması, verilməsi, həmçinin təmizlik işləri, qabların yuyulması - yerinə yetirmək burada işləyən hər bir uşağın vəzifəsidir.

Valideynlərin, fud-blogerlərin iştirakı ilə yeməklər bişirilir. Atelye hissəsində isə uşaqlar dincəlir, birgə vaxt keçirir, əl işləri hazırlayırlar. Kafedə təqribən on nəfər növbə ilə işləyir. Hər kəsin yanında təlimatçı var.

Aytən xanım əlavə edir ki, kafenin əsas məqsədi gəlir əldə etmək deyil: "Məqsədimiz həm uşaqlara sosial adaptasıya mühiti yaratmaq, həm də onları peşə ilə təmin etməkdir, yəni autizm sindromlu bir gənci cəmiyyətə hazırlamaqdır.

Məqsədimiz onları cəmiyyətdə fərqlilikləri ilə qəbul edə biləcək hala gətirməkdir. Uşaqlarımız burada əldə etdikləri təcrübə və bilikləri ilə gələcəkdə hansısa bir kafe və restoranda işləyə biləcəklər".

autizm
Image caption"Əminik ki, bu layihə ilə sabah, birigün, beş, on il sonra iş yerlərində autizm sindromlu uşaqlara qarşı daha müsbət yanaşma olacaq",Aytən Eynalova deyir

Aytən xanım deyir ki, bu layihəyə başlayanda, uşaqlar yad insanlarla nə cür ünsiyyət qurmağı bilmirdilər, addım-addım onları öyrədiblər. "Çətinliklər də oldu, amma indi özünüz görürsünüz ki, kifayət qədər sərbəst davranırlar", - o əlavə edir.

Cəmiyyətimiz nə qədər hazır olmasa da, kafeyə qarşı çox pozitiv idilər. Azəbaycanda hələ ki, xüsusi qayğıya ehtiyac olan insanların özünü, hər bir fərqliliyi ilə rahat ifadə edə biləcək bir məkan yox idi.

Tanınmış sənətkarlar, dövlət adamları, həkimlər, sadə insanlar belə bizə dəstək oldu. Müraciət etdiyimiz hansı şirkət oldusa, heç biri bizi geri çevirmədi.

Ümid edirik ki, bir gün biz bu uşaqları rahatlıqla böyük dünyaya buraxa biləcəyik. Hər bir fərd kimi autizm sindromlu şəxslərin özünü göstərmək və özünü ifadə etmək haqqı var. Amma hələ bu haqq bizim uşaqlara kifayət qədər ayrılmır.

Əminik ki, bu layihə ilə sabah, birigün, beş, on il sonra iş yerlərində autizm sindromlu uşaqlara qarşı daha müsbət yanaşma olacaq", - Aytən xanım deyir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ