SON DƏQİQƏ

Azərbaycanda məişət zorakılığı: "O, bacıma zəhər verdi ki, uşağımın südünə töksün... "

Tarix:8-05-2018, 00:08

"...O, bacıma zəhər verdi ki, uşağımın südünə töksün... Sonra məni dəniz qırağına apardı, nə qədər döydü. Amma yaxşı xüsusiyyətləri də var idi. Məni öldürmək istədi, lakin öldürə bilmədi. Yəqin, ürəyi ağrıdı...".

O, sığınacağın yığıncaq otağında, masanın arxasında, qarşımda oturub. Nahar vaxtıdır. O biri otaqlardan uşaq səsi, qadınların söhbəti, qab-qacağın cingiltisi gəlir.

Bütün söhbət boyu gözlərindən axan yaş qurumur.

Gülnarə - ad şərtidir - məişət zorakılığının qurbanları üçün qadın sığınacağında artıq yarım ildən çox qalır.

Xoş görünüşlüdür, gözlərindən zehni əmək ilə məşğul olduğunu güman edirəm.

Sığınacağın sakinlərinin əksəriyyətinin bölgələrdən olanların arasından fərqli görünür.

"Buradakılarla danışmaq istəyirsənsə, hazır ol, - sığınacağın sosial işçisi xəbərdarlıq edir, - Bax, bu qızımızın uşağını əlindən alıblar, məcburən uşaqdan imtina ərizəsini yazdırıblar. Bunu anası döyüb, kişilərlə cinsi əlaqəyə girməyi məcbur edirdi, pulun ucbatından.

Bu xanımı görürsən? Hamilə idi, əri o qədər döyüb ki, uşağı bətnində məhv olub, həkimlər onu çıxaranda gördülər ki, uşaq o qədər qan udub ki...".

Bu dəhşətli hekayələri nəinki eşitmək, günbəgün onlarla işləmək, daimi ünsiyyətdə olmaq və problemləri həll etmək xüsusi cəsarət tələb edir.

"Ali təhsilliyəm, yaxşı işim var idi, müəllimə idim. İşimi sevirdim, qazancım da pis deyildi. İsrafçı deyiləm, heç kimə də möhtac olmaq sevmirəm. Evimdə təmir işləri edən usta məni yalan vədlərlə aldatdı, sevgisindən əmin etdi.

O, məni zorladı. Bunu hamıdan gizlətməyə çalışdım, bacılarım bilsə belə, qardaşlarıma bildirmədilər. İkinci bir yalan evlilik qurdum, amma o insanı sevə bilmədim, heç cinsi əlaqədə də olmadım.

Uşağım dünyaya gəlməli idi və mən artıq o ailədə qala bilmədim. Uşağımı gizlətmək istədim. İmkanım var idi, bir ailə tapmışdım, ayda beş yüz manata uşağıma baxacaqdılar.

Amma xəstəxanada uşağı dünyaya gətirəndən sonra bacılarım dedi: "Uşağı gətir, biz baxarıq, qardaşların da arxanda durar".

Uşağı yeddi aylıq kimi göstərmək istəyirdik, güya ki, nikah zamanı olub. Amma qardaşım "Yeddi aylıq uşağın kiprikləri olmur" deyə mənə inanmadı. Məni məcbur edirdilər ki, uşağımı öldürüm. Qardaşım onu öldürmək üçün tarakan dərmanı alıb bacıma verdi ki, uşağımın butulkasına töksün".

Qanun işləyirmi?

2010-cu ildə Parlament Məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edib.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, "Bu qanun bu baxımdan Azərbaycan üçün yenilik idi. Qanun ümumi müddəaları baxımından kafi səviyyədədir. Başqa sözlə, qanunvericilikdə anlayışlar verilir, dövlət orqanlarının ümumi öhdəlikləri qeyd edilir və məişət zorakılığına yol verilməməsi qadağası aşkar şəkildə göstərilir.

Problem Qanunun preventiv mexanizmləri və post-hadisə mexanizmlərini lazımi səviyyədə tənzimləməməsidir.

Məsələn, qanunda mühafizə orderi kimi preventiv mexanizm göstərilib və onun necə həyata keçirilməsi nisbətən ətraflı formada təsvir edilib.

Lakin digər mexanizmlər (məsələn, qanun bunları sosial, qabaqlayıcı və hüquqi mexanizmlər kimi göstərib) çox ümumi formada qeyd edilib və qanunu icra etməli dövlət orqanları üçün aydınlıq yaratmır və qanuni öhdəlikləri detallaşdırmır.

QadınFotonun müəllifiGETTY IMAGES
Image caption"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıq da qeyd olunur.

Elə ona görə də, praktikada mühafizə orderinin hardasa tətbiq edildiyini görürük.

Bu baxımdan mühafizə orderi istisna olmaqla, digər hüquqi tədbirlər (yardım mərkəzləri, konfidensiallıq, hüquqi yardım, psixoloji yardım, zərərçəkənin cinayət-hüquqi müdafiəsi) qanunda ətraflı tənzimlənmədiyi üçün onların icrasında da ciddi problemlər var və onlar demək olar ki, icra edilmir.

Bu baxımdan qanun ümumi anlayışlar və öhdəliklər baxımından kafi səviyyədə olsa belə, mexanizmlər yaratmaq baxımından qeyri-kafi vəziyyətdədir".

Cinsi bərabərsizlik

Sosioloq Humay Axundzadə hesab edir ki, adətən ailədə zorakılıq məsələsi gündəmə gəldikdə hadisə iştirakçılarının şəxsi xüsusiyyətləri müzakirə olunmağa başlayır.

"Çoxları zorakılığın köklərini yalnız psixoloji səbəblərlə əlaqələndirir. Əlbəttə, fərdi xüsusiyyətlərin də öz yeri vardır. Lakin mən daha geniş sosial səbəblərə toxunmağı vacib sayıram".

Onun fikrincə, ailədə zorakılığın ən mühüm səbəblərindən biri ailədaxili münasibətlərdə, qadın və kişi arasında dərin bərabərsizlikdir.

"Faktiki olaraq, ər-arvad münasibətləri hakimiyyət münasibətləri kimi anlaşılır. Yəni, elə hesab olunur ki, ailədə biri mütləq tabe edən, digəri tabe olan tərəf olmalıdır.

Birinci rol kişiyə, ikinci isə qadına şamil edilir. Qadının kişidən asılılığı (istər mənəvi-psixoloji, istər iqtisadi) normal qəbul olunur.

Ər-arvadın bərabərhüquqlu tərəfdaş olmadığı halda zorakılıq üçün geniş zəmin yaranır. Buna görə də, ilk növbədə qadın və kişi arasında bərabərlik ideyası inkişaf etməlidir.

İkinci mühüm səbəb ənənəvi qadın və kişi rollarıdır".

"Əsl kişi" stereotipi

Ənənəvi "əsil kişi" stereotipi aqressivlik, özünə tabe etmə bacarığını nəzərdə tutur, sosioloq Humay Axundzadə deyir.

QadınFotonun müəllifiBBC WORLD SERVİCE
Image captionAilədə zorakılığın ən mühüm səbəblərindən biri ailədaxili münasibətlərdə bərabərsizlikdir, mütəxəsisslər deyir.

"Kişinin idarə etmə bacarığı yoxdursa, bu onun bir növ kişi ləyaqətini şübhə altına qoyur. Ona görə də ənənəviliyə meyl edən kişilər həyatın hər sahəsində idarə etmək, tabe etmək qabiliyyətini sübut eləməyə çalışırlar.

Bunun üçün "ən münasib meydan" isə ailədir. Çünki qadını özünə tabe etmək tələbini bir növ cəmiyyət kişinin qarşısına qoyur. Digər tərəfdən isə "əsil qadınlıq" stereotipi mülayimliyi, tabe olmağa meylliyi təbliğ edir.

Hesab olunur ki, əgər qadın "düzgün" davranırsa, o heç vaxt zorakılıqla üzləşə bilməz. Yox, əgər üzləşibsə, deməli yetərincə qayğıkeş və sözəbaxan həyat yoldaşı deyil, deməli günah onun özündədir.

Bu yanlış düşüncə çox zaman zorakılıq qurbanları üçün əlavə yük və mənəvi travma olur. Ailədə şiddət və təhqirlə üzləşən qadınlar çox zaman özlərində günah axtarmağa başlayırlar. Bu isə onların vəziyyətini daha da ağırlaşdırır".

"Sonra bildim ki, uşağımı artıq övladlığa veriblər"

Özü yeniyetmə bir qızcığaza oxşayan Elina özü üç uşaq anasıdır.

Nitqi yöndəmsizdir - "o qədər döyüblər ki yazığı, əvvəl anası, sonra yoldaşı, lap key eləyiblər!", - sosial işçi deyir.

Elina utana-utana gülümsəyir; ağzında dişlərinin olmaması bilinir.

O, anasını yaxşı xatırlayır. "Mən internat məktəbində oxuyurdum, anamla birgə yaşayırdıq. Bir gün evə gəldim ki, anam yoxdur.

Xalam dedi: "Onu evdən qovaladım" - anam çox içən idi. Bir az xalamla qaldım, sonra getdim anamı tapdım - Sabunçuda qalırdı.

QızFotonun müəllifiJUPİTER IMAGES
Image caption"Məişət zorakılığının qarşısının alınması haqqında" uşaqlar da daxil bütün ailə üzvlərini zorakılıqdan müdafiə edir.

Anamla birgə Məhəmmədidə tövlədə işləyirdik, mal-qaraya baxırdıq.

Anam mənsiz qalmadı, axı tək qızıyam. Mənə "Onunla qalsan, sən də içəcəksən, pis yola düşəcəksən". Mən dedim: "Yox, mən belə olmayacam, bir nəfəri sevib onunla qalacam". Amma onlar haqlı idi.

Anam içirdi, elə tövləyə yanına kişilər gəlirdi. Bir dəfə mənim əlimi- ayağımı bağladı ki (qız uşağı idim, - pıçıltı ilə deyir), kişilər gəlsin mənə.

Qışqırdım-bağırdım, ağladım, tövlənin başqa işçiləri gəldilər, məni azad etdilər, anamı danladılar. Eh, özü özünü məhv etdi!

On səkkiz yaşım olanda oğlanla tanış oldum, onunla qaçdım.

Məni taxta ilə döyürdü, sonra isə üzr istəyirdi.

Üç uşağım oldu. Yoldaşım fəhləlik edirdi. Uşaqlarım məktəbə getmir, çünki sənədləri yoxdur.

Elə mənim özümün də sənədlərim yoxdur. Anama nə qədər dedim ki, mənə sənəd eləsin, eləmədi. Dedim, uşaqlarım olsa, onların bütün sənədləri qaydasında olacaq.

Anam isə ölüb. Bir gün axşam "Kamaz" maşını onu vurdu, o ki var çırpdı ora-bura.

Morqa aparanda hələ sağ idi, gözləri açıq idi. Mən isə səhər bilmişəm, qonşular dedi.

Elə onlar da məni bura gətirdi. Yoldaşım türmədədir, oğruluq edirdi. Mən də qoyunlara, inəklərə baxırdım. Bir dəfə beş manat, bir dəfə on manat verirdilər, evə kartof, soğan alırdım.

İstəyirəm, evə qayıdım, uşaqlar məktəbə getsın, mən də evdə xörək bişirim, onları gözləyim".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun yalnız qadınların deyil, digər ailə üzvlərinin, o cümlədən, uşaqların fiziki, psixi, cinsi və iqtisadi xarakterli zorakılıqdan müdafiə edir.

Şikayətlərə kim baxır?

Qanuna əsasən, məişət zorakılığı barədə şikayətlərə iki növ dövlət orqanı baxır:

1. Əgər şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar varsa buna hüquq-mühafizə orqanları baxır.

2. Əgər şikayətdə çinayət tərkibinin əlamətləri yoxdursa iş yerli icra hakimiyyət orqanlarının səlahiyyətlərinə aiddir.

Cinayət əməli sayılmayan məişət zorakılığı halları iqtisadi xarakterli məhdudiyyətlərin tətbiqinə görə və psixoloji zorakılığa görə də məsuliyyəti nəzərdə tutulur.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, məişət zorakılığının qarşısının alınması sahəsində növbəti qurum Ailə, Qadın və Uşaq hüquqları Dövlət Komitəsidir.

Dövlət Komitəsi bir çox hallarda məsələləri araşdırmağa meyilli olsa da, həmin qurumun əməkdaşlarının da məişət zorakılığı konsepsiyasından lazımi səviyyədə xəbərləri yoxdur, Səməd Rəhimli deyir.

Onun sözlərinə görə onların köməyi müəyyən həddə və müəyyən mərhələdə faydalı olsa belə, uzunmüddətli perspektivdə lazımi fayda vermir.

"Digər səlahiyyətli qurum polisin və prokurorluğun timsalında hüquq mühafizə orqanları və məhkəmələrdir. Çox təəssüf ki, bu sahədə də vəziyyət problemlidir. Ümumiyyətlə, polis orqanları qanundan və onun necə icra edilməli olmasından xəbərsizdilər".

Səməd Rəhimli deyir ki, çox ağır insidentlər olmadığı müddətcə məsələni ailədaxili məsələ kimi həll edib vasitəçiliklə bağlamağa çalışırlar. "Eyni yanaşma məhkəmələr üçün də keçərlidir. Ümumiyyətlə məhkəmələr və prokurorluq isə məişət zorakılığı insidentlərinə ümumi hüquq perspektivində yanaşır və işin xüsusiyyətlərini, zərərçəkənlərin həssaslığını nəzərə almır.

Bu isə zərərçəkənlər üçün adekvat hüquqi mühit yaratmır və onlara işlərini davam etdirməyə imkan vermir.

Bundan əlavə, baxmayaraq ki, qanunda zərərçəkənlərin ödənişsiz hüquqi yardımla təmin edilməsi məsələsi göstərilib, praktikada bu hal tətbiq edilmir.

Lazımi hüquqi yardım olmadan isə bir çox zərərçəkənlər işlərini apara bilmirlər".

"Zorakılığa görə özünüzü qınamayın!"

Sosioloqun məsləhətlərinə görə, "Son illər ərzində dünyada geniş yayılmış trendlərə baxmayaraq (məsələn, #metoo həştəqi) bizim cəmiyyətdə ailə zorakılığından danışmaq bir növ qəbahət sayılır.

İlk növbədə, bu stereotipin aradan qalxması zəruridir. Nə qədər çox qadın üzləşdiyi zorakılıq haqqında açıq danışa bilsə, onları qanayan, günahı onların boynuna atanların səsi bir o qədər azalar.

İkincisi, heç bir halda zorakılığa görə özünüzü qınamayın. Zorakılığın məqsədi yalnız və yalnız başqasını kobudcasına (bəzən qəddarcasına) tabe etmək, onun şəxsiyyətini alçaltmaqdır.

Bunu edən şəxs hətta ən yaxın adam olsa belə, bilin ki, bu hərəkətə görə məsuliyyəti məhz o özü daşıyır.

Heç bir davranış, hətta başqası üçün qəbulolunmaq sayılan davranış belə zorakılığa bəraət qazandırmır!

"Vaxt keçdikcə düzələr", "Çalışım, yola verim", "Hamı necə, mən də elə" kimi fikirlər qadını aqressor qarşısında gücsüz və köməksiz edir.

Bir vacib məsələ də odur ki, ciddi zorakılıq heç zaman birdən-birə baş vermir. Aqressiyaya meylli insan elə əvvəldən müəyyən cəhətlər nümayiş etdirir.

Sizin hər addımınızı idarə etməyə, sizi qohum və dostlardan uzaqlaşdırmağa, hər xırda məsələdə sizdə günah hissi oyatmağa çalışır.

Ona görə də məsələn, sms-lərin yoxlanılması, internet akkauntların şifrəsini sizdən almaq kimi tələblər adi və təbii hal kimi qəbul edilməməlidir. Bugünkü basqı sabah ciddi problemlərə yol aça bilər".

"Qayıtsam məni öldürəcəklər"

"Qardaşım məni maşını ilə şəhərdən kanara aparmışdı, amma öldürə bilmədi. Vurub dişimi sındırmışdı. Amma mən əxlaqsız deyildim", Gülnarə hekayəsinə davam edir.

"Məndən özümü öldürməyi tələb etdi, bir neçə dəfə intihar cəhdi etmişəm, bədənim dərmanla doludur. İyirmi yeddi ədəd dərman verdilər, amma ölmədim.

Böyük qardaşım ən ciddisi idi. Onun əlində qüvvə də var. O biri qardaşlarım xasiyyətdə yumşaq olsa belə, onun tərəfini tutdular, mənim adıma olan evi də öz adlarına keçirtməyi istədilər.

Lənət olsun bu sevgiyə, bir ana kimi uşağımı sevdim, bunu edə bilmədim. Yenə də o biri ailəyə qaçdım, məni qorudular, uşağıma atalıq verdilər.

Amma qohumlarım o ailəyə gedib, yoldaşımın valideynlərinə olanları danışdı, onlar bilmirdi. Yoldaşım məni qəbul etsə də, valideynləri dedi:

"Biz sənə dedik axı, uşaq sənin deyil! Onun doğmaları belə davranırsa, biz nə edək?" Məcbur oldum ki, o ailədən çıxım.

Soyuq qış günü idi, uşağımı atdım, ondan imtina etdim və mənim həyatım bitdi. İndiyə kimi onun gözləri yadımdadır, o, qışqırırdı...

Qardaşım hamıya dedi ki, uşağım ölüb, qohumları yığıb onun üçün yas keçirtdilər. Qohumlarım məni ev dustaqlığında saxladılar.

İnsan kimi davranmadılar, yeməyimə tüpürürdülər, qazana əl atmaq icazə vermirdilər: "Əl vurma,murdarsan!".

Bilirəm, haqlı idilər, çünki onların başını aşağı etdim, amma... Düşünürəm ki, kaş ikimizi də öldürərdilər, əzabımız birgə bitərdi.

İndi mən gündə yüz dəfə ölüb dirilirəm. Uşağım uzaqdadır, necədir, kimə oxşayır?

Artıq yaş yarımlıqdır.... İndi mənim heç nəyim və heç kimim yoxdur.

İş yoldaşlarım məni bura gətirdi, mənim göz yaşımı silənlər də onlar idi. Sonra bildim ki, uşağımı artıq övladlığa veriblər".

Gülnarə normal həyata, işinə qayıtmaq istəyir və gələcəkdə xeyriyyə işləri ilə də məşğul olmaq niyyətindədir. Ən böyük arzusu isə uşağına qovuşmaqdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ