SON DƏQİQƏ

Səlim Müslümovun işçiləri çətin durumda olan ailələri dövlət qayğısından belə məhrum edirdilər... - GİLEY

Tarix:30-04-2018, 10:30

Bir ətək məktub, müalicə və müayinə haqqında tibbi kağızlar var qarşımızda. Hamısı da Xavər Qasımovanın illərdən bəri xəstə həyatının tarixçəsini əks etdirir. Bir də, imkansızlıqdan əlindən heç nə gəlməyən ailənin acı təəssüf hissi, kədər, iztirab, göz yaşı, xəstə ürəyinin haray səsi var ortada.

Xavər xanım Qasımovanın iki övlad anasıdır. Övladlarının ana nəvazişinə, ana qulluğuna, ana tumarına hələ çox ehtiyacları var. Ancaq Xavər xanım özü illərdir övladlarının qayğısına möhtac qalıb. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Xavər Qasımova 2005-ci ildən xəstə olduğunu deyib: "Həkimlərdən kimisi xərçəng, kimisi də vərəm diaqnozu qoydu mənə. Hərəkət edəndə, çox yeriyəndə ayaqlarım tutulurdu. İki il ərzində Bərdədə ayrı-ayrı həkimlərin müalicəsini götürdüm. Sonra məlum oldu ki, müalicələrin təyinatı səhv olub, ayaq sümüyümdə irin əmələ gəldi. Bərdənin, Tərtərin həkimləri irini təmizlədilər. Daha sonra iki ay Bakıda xəstəxanada yatdım. Ayağımı gipsə saldılar, müalicə etdilər, iki ay da evdə müalicə olundum".

"Dörd aydan sonra yenidən həmin xəstəxanaya qayıtdım. Gipsi açdılar və dedilər ki, bir müddət hərəkət etmyim. Evə qayıtdıqdan sonra vəziyyətim olduqca pisləşdi. Yeriyə bilmədim. Bütün gün ancaq ağrıkəsicilər vurulurdu. Bir neçə dəfə də Bakıya xəstəxanalara apardılar. Ancaq edilən müalicələrin faydası olmadı", — göz yaşları içində danışır xəstə qadın.

Xavər xanım İran İslam Respublikasında da müayinə olunub: "Bakıda bir həkim dedi ki, əməliyyat edirəm, amma uğurlu olacağı barədə heç bir zəmanət vermirəm. Bundan sonra yoldaşım maşınını satıb məni İrana apardı. Orda da həkimlər müalicə yazdılar. Gücümüz çatana kimi yazılan təyinatı elədik. Amma sonradan müalicələri davam etdirməyə maddi imkanımız olmadı".

Xavər Qasımovanın ayaq, omba sümüyünün çanaqlıqla birləşən hissəsi artıq sıradan çıxıb. Sümüklər arasındakı kürə sümük yoxdur. Omba sümüyü çanağı sürtərək yeyir. Çanaq deşilsə, ayaq sümüyü qarın boşluğuna daxil ola bilər. Əməliyyat sayəsində kürə sümüyünü plastik kürə ilə əvəz etməklə xəstə ananın məşəqqətli həyatdan xilas etmək mümkündür.

İranlı həkimlər də cərrahiyyə əməliyyat olunmağı təklif ediblər. Əməliyyata görə isə 15 min manat pul istəyiblər. Lakin ailənin bu məbləği ödəməyə maddi imkanı çatmadığına görə əməliyyatı gerçəkləşdirə bilməyiblər.

Xavər xanımın həyat yoldaş Ramil Qasımov bildirir ki, aidiyyatı qurumlara yardım üçün dəfələrlə məktublar yazıblar. Ancaq heç bir müsbət nəticəsi olmayıb: "Ailə qurandan sonra məlum oldu ki, belə bir xəstəliyi var, mən də çarə axtarmağa çalışdım, həkimlərə apardım. Əlimdə nə vardısa, müalicələrə tökdüm. İndi əməliyyat üçün tələb olunan vəsaiti qarşılaya bilmirəm. Atası da yoxdur Xavərin ki, dəstək olsun. Anası, bacısı var, onlar da imkansız adamlardı". 

Çarəsiz həyat yoldaşı deyib ki, müalicələrə görə xeyli borcu da yığılıb, hələ də borclarını qaytara bilmir: "İmkansızlıq ucbatından bilmirəm, Xavərin müalicəsini etdirim, ya evin dolanışığını təmin edim. O, əmək qabiliyyətini tam itirdiyinə görə bütün məsuliyyət mənim üzərimə düşüb. Buna görə düz əməlli işləyə də bilmirəm".

R.Qasımov ailənin bütün xərclərini taksi fəaliyyəti ilə məşğul olaraq qarşılamağa çalışdığını qeyd edib: "Taksiçilik edirəm. Günə 5-6 manat qazanıb, ərzaq ala bilirəm ancaq. Ayda 100 manat kirayə haqqı verirəm. Dolanışığımız çox çətindir. Sosial yardıma ehtiyacımız var. Bu barədə müraciət etsəm də, nəticəsi olmayıb. Yeni nazirimiz Saleh Babayevdən xahiş edirik ki, vəziyyətimizi nəzərə alıb bizə kömək əlini uzatsın".

Ramil Qasımov sosial yardım üçün edilən müraciətlərinə imtina cavabı gəlməsinin səbəbindən də danışıb: "Birinci dəfə həyat yoldaşım Xavərin adına Tərtər rayon Bəyimsarov kəndində pay torpağı olması səbəb göstərildi. Araşdırmadan sonra məlum oldu ki, Xavərin adına torpaq yoxdur. İkinci dəfə müraciət edəndə də qızımızın qaçqın kimi çörək pulu aldığı əsas göstərildi. Hansı ki, anadan olduğu tarixə görə Zeynəbə çörək pulu verilmir. Hər dəfə belə əsassız imtinalar verilir. Təkzib edən sübutları təqdim etsək də, sosial yardım yenə də bizə şamil edilmir".

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF Bərdə rayon şöbəsinin müdiri Raqub Məmtiyev Sputnik Azərbaycana-a bildirib ki, ünvanlı sosial yardımların təyinatına onlar qarışmır. Sosial yardımın müəyyənləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə vətəndaşın arasında təqdim edilən elektron sənəd dövriyyəsinə əsasən baş tutur.

Ümid edirik ki, çarəsiz Xavər Qasımovanın harayına həm dövlət qurumları, həm də imkanlı xeyirxah insanlar səs verəcəklər. Onun əməliyyat olunub sağalması, ağrısız həyat yaşaması üçün lazımı köməklik göstəriləcək.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ