SON DƏQİQƏ

Hansı kommunal xidmətə borclular çoxdur?..

Tarix:13-12-2018, 14:22

Artıq 2018-ci ili geridə qoyuruq. Adətən hər ilin sonu bir çox sahələrdə hesabatların hazırlanması, mətbuatda dərc edilməsi, il ərzində yarımçıq qalan məsələrin yekunlaşdırılması ilə yadda qalır. Həmçinin, kommunal borcların ödənilməsi ilə bağlı da əhaliyə xəbərdarlıq edilir, məlumatlar yönləndirilir.

Bəs maraqlıdır, bu il də sakinlərin kommunal borcları varmı? Müvafiq qurumlar bu borcların gələn ilə ötürülməməsi üçün hansı tədbirləri görəcək?

Bu məsələni dəqiqləşdirmək üçün əhaliyə kommunal xidmətlər təklif edən qurumlarla əlaqə saxladıq. 


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev çıqlamasında bildirib ki, növbəti bir həftə ərzində abonentlərə məlumat xarakterli xəbərdarlıqlar göndəriləcək:

""Azərişıq” abonentlərinə etibar edir. Biz xidmət göstərdiyimiz vətəndaşların yeni ili borcsuz qarşılamasına çalışırıq. Hər ilin sonunda elektrik enerjisi borcu olan abonentlərə xatırlatma edilir. Buna baxmayaraq, əksəriyyət bizim xəbərdarlığımıza ehtiyac qalmadan istifadə etdiyi elektrik enerji borclarını tamamilə ödəyir. Məhz vaxtlı-vaxtında borclarını ödədiklərinə görə, hər bir abonentimizə təşəkkür edirik.

Ola bilər, bir müddət şəhərdən kənarda yaşayan, istirahət üçün müxtəlif ərazilərə müvəqqəti gedən vətəndaşların enerji borcları yığılsın. Ən çox bu hal yay mövsümü bitdikdən sonra baş verir. Belə olduğu halda "debitor borclar” adlandırdığımız bu borclara görə, vətəndaşlara xatırlatma xarakterli xəbərdarlıqlar göndərilir. Artıq elə bir imkan yaradılıb ki, ölkənin və ya dünyanın istənilən nöqtəsindən abonentlər "Azərişıq”a olan debitor borclarını elektron şəkildə ödəyə bilərlər. Ona görə, bu sahədə problemlərlə qarşılaşmırıq”. 

Azərbaycanda 2 milyon 600 mindən çox "Azərişıq” abonenti olduğunu vurğulayan T. Mustafayevin sözlərinə görə, indiyə qədər borcları yeni ilə ötürülən abonentlər olmayıb:

"İndi hər kəs xəbər saytları, sosial şəbəkələr vasitəsilə "Azərişıq” ASC-nin xəbərdarlıqları barədə məlumat ala bilir. Ona görə, borcların ödənilməsi ilə bağlı xatırlatma etdikdə, abonentlər laqeyd qalmır.

Gələn həftə məlum olacaq ki, nə qədər abonentin bu il üçün elektrik enerjisi borcu yaranıb. Düşünürəm ki, bu, çox cüzi rəqəm olacaq. Artıq minimum 95 faiz abonent işıq borclarını vaxtlı-vaxtında ödəyir”.



"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə xatırladıb ki, vətəndaşların təbii qazla təchiz olunması elektron qaz sayğacları ilə həyata keçirilir. Qurum sözçüsünün bildirdiyinə görə, bu da vətəndaşların qaz borclarının yaranmasının qarşısını alır:

""Smart” tipli qaz sayğaclarının iş mexanizminə görə, hər bir abonent plastik kartlar vasitəsilə ödəniş edir, qaz təchizatını aktivləşdirir. Buna görə də, ilin sonunda belə abonentlərin borcu qalmır”.


İ. Kərbalayev onu da vurğulayıb ki, regionlarda tam şəkildə "smart” tipli sayğaclar tətbiq edilmədiyindən borcu yaranan abonentlər olur:

"Regionlarda həm mexaniki, həm də elektron qaz sayğacları quraşdırılıb. Vətəndaşlar bildiriş əsasında qaz borcları barədə məlumatlandırılır. Ödənişlər ilin sonuna qədər tam həyata keçirilir. Abonentlərin borcları ilə bağlı ciddi sayılacaq heç bir problem yoxdur”. 

"Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev də vətəndaşların borcları barədə problemlərin mövcud olmadığını vurğulayıb:


"Qurumun abonentlərlə problemi yoxdur. Verdiyimiz istilik haqqının təxmini 95 faizə yaxınını yığırıq.  Hər ay xidmətlərimizdən istifadə edən bütün vətəndaşlarımıza istilik enerjisi ilə bağlı nə qədər borcu yarandığını təqdim edirik. Sakinlərə göndərilən bildirişlər əsasında istənilən bank, poçt şöbəsindən terminallar vasitəsilə ödənişləri həyata keçirirlər. Borc yığıldıqca, gələn ay göndərilən bildirişlərdə qalıq borclar əks olunur.

Təşkilatlara da elektron qaimə, istilik enerjisinmdən istifadə haqqında faktura göndərilir. Bu yolla istilik haqlarının yığımı həyata keçirilir. Qeyd etdiyim kimi, abonentlərlə heç bir problemimiz yoxdur”. 

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə digər qurumlardan fərqli olaraq, vətəndaşların "Azərsu”ya borclarının qaldığını etiraf edib. Onun sözlərinə görə, elə abonentlər var ki, 2-3 aydan bir su borclarını ödəyir:

"Fərdi qaydada abonentlərin borclarını sıfırlamaq mümkün olsa da, "Azərsu”ya olan ümumi borc miqdarını tamam sıfırlamaq mümkün olmur. Amma qeyd etməliyəm ki, noyabr ayında borcları yığım səviyyəmiz 99,7 faiz təşkil edib. Hazırda bizə həm əhalinin, həm də qeyri-əhalinin borcları var. Hətta bu ümumi məbləğ az deyil, milyon manatlarla ölçülə bilər. Fərdi qaydada borcunu mütəmadi ödəməyən abonentlər isə çox azdır.

Əvvəllər bir-bir qapıları döyüb, suyun pulunu yığmağa çalışırdıq. Artıq belə deyil. Vətəndaşlara bildiriş təqdim edildikdə, gec də olsa borclarını ödəyirlər. Bəzi hallarda xüsusi bildiriş göndərdiyimiz, su təchizatını dayandırdığımız abonentlər də olur. Yenə də məsələni yoluna qoymağa can atırıq.

Bəzən vətəndaşlar müraciət edirlər, hissə-hissə ödənişi həyata keçirməyi xahiş edirlər. Ən çox rastlaşdığımız problemlərdən biri evini kirayə verən abonentlərin yığılan su borclarıdır. Kirayəşinlər su borcunu ödəmir və evdən ayrıldıqda, ev sahibi bunu ödəməli olur. Bu zaman bizə müraciət edən bəzi abonentlərə hissə-hissə ödəmək üçün şərait yaradırıq. Ona görə, borclar bu aydan o biri aya keçə bilir”.

Anar Cəbrayıllı onu da vurğulayıb ki, ilin sonunda abonentlərə xəbərdarlıq etməyə ehtiyac yoxdur:

"Çünki "Azərsu” mütəmadi xəbərdarlıqlar göndərir. Depitor borclarla məşğul olan qrup evlərə baş çəkir, borcu olan abonentlərə xəbərdarlıq edib, canlı ünsiyyət vasitəsilə borcları yığırlar. Bu cür addımların faydası olur və abonentlərin su borclarının ödənilməsi həyata keçirilir”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ