SON DƏQİQƏ

İcra başçısının güllələnməsi işini məhkəmə niyə araşdırmır

Tarix:17-09-2020, 16:34

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisə qarşı sui-qəsddə suçlanan 10 nəfər 2 il 2 aydan çoxdur ki, həbsdədir. Ancaq hələ də məhkəmə istintaqı başlamayıb.

Təqsirləndirilən şəxslərin özləri də, ailə üzvləri də bu durumdan narazıdır. Yaxınları dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə şikayətə getsələr də, nəticəsi olmayıb. Sentyabrın 16-da yenə Prezident Administrasiyasına gəlmişdilər, lakin heç bir səlahiyyətli şəxslə görüşə bilməyiblər.

"Nə məhkəmə keçirirlər, nə azadlığa buraxırlar"

"Bizi heç kim qəbul eləmir. Dərdimizi kimə deyək? Prezident Aparatından böyük yer var? Uşaqlarımızı içəridə çürüdürlər. Nə məhkəmə keçirirlər, nə azadlığa buraxırlar. Bu vəziyyətə bir əlac istəyirik, "karantindir" deyib, heç kim də bizi qəbul eləmir", - təqsirləndirilən Mahir Əzizovun anası Məhbubə Əzizova belə deyir.

Cəfər Zalovun həyat yoldaşı Günay Zalova AzadlıqRadiosuna bildirib ki, bu işə görə həbs olunanlar həm də cəmiyyətə təqsirsiz olduqlarını sübut etmək üçün məhkəmənin başlanmasını gözləyirlər. Prosesin yubanması isə onların sağlamlığına da, psixoloji durumuna da zərbə vurur: "Ədalətli məhkəmə keçirilsə, işə düzgün baxılsa, məlum olacaq ki, onları cinayətkar dəstə kimi təqdim eləməkdən ötrü o qədər günahsız adam bir yerə yığıblar. Bir anlıq təsəvvür edək ki, normal məhkəmə keçdi və təqsirsiz adamlar bəraət aldı. O zaman nə üçün məhkəməyə qədər daha çox həbsdə saxlanmalıdır?".

Keçmiş icra başçısını güllələməkdə suçlanan Yunis Səfərovun anası Leyla İsmayılova da məhkəmənin keçirilməməsindən narazıdır. Deyir ki, məhkəmə başlasa, ən azı, oğlundan xəbər tuta bilər. Çünki 2 il 2 aydan çoxdur ki, onunla nə görüşə bilirlər, nə də telefonla danışırlar: "Ancaq vəkil yanına gedib-gələndə ondan bir xəbər ala bilirik. Məhkəmə olsa, gələr, orada özünü görmək mümkün olar, sözünü deyər".

 

"Təcrid özü-özlüyündə cəzadır"

Ailələrin məhkəmənin yubanmasıyla əlaqədar şikayətlərinə cavab gəlib ki, proses xüsusi karantin rejiminə görə uzanır.

Y.Səfərovun vəkili Bəxtiyar Hacıyev hesab edir ki, bu məsələdə insanların sağlamlığı və azadlıq hüququ toqquşur: "Bir tərəfdən, insanların sağlamlığı çox vacibdir, dövlətin bununla bağlı öhdəliyi var. Amma digər tərəfdən də, fundamental hüquq və azadlıqlar var. Avropa Məhkəməsinin presedent qərarlarında da göstərilib ki, şəxs ağlabatan müddətdə mühakimə olunmursa, bu, ciddi pozuntudur".

Vəkil xatırladıb ki, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü olana qədər hər kəs təqsirsiz sayılır. Avropa Məhkəməsi də məsələyə bu istiqamətdən baxaraq, ağlabatan müddətdə məhkəmə keçirilməsinin vacibliyini vurğulayır: "Bəlkə təqsirləndirilən şəxslərdən kimsə bəraət alacaq? Onların uzun müddət tam təcrid olunmuş vəziyyətdə qalması nə dərəcədə sosial ədalətin bərpası ola bilər? Təcrid özü-özlüyündə cəzadır".

"Azərbaycanda elə bir məhkəmə zalı yoxdur ki..."

Ali Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, avqustun 20-dən bütün ölkə ərazisində, o cümlədən, xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda da bütün işlərə baxılması bərpa edilib. Amma məhkəmələrə göstəriş verilib ki, proseslər mütləq Operativ Qərargahın tövsiyələri (qoruyucu maskadan istifadə, sosial məsafənin saxlanması və s.) nəzərə alınmaqla keçirilsin.

Y.Səfərov və digərlərinin işinə öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmağa başlansa da, sonradan üzə çıxdı ki, bu məhkəmənin sədri Natiq Əliyev iş üzrə zərərçəkmiş qismində tanınan E.Vəliyevin qardaşının (ölkənin hərbi prokuroru Xanlar Vəliyev) qudasıdır. Bundan sonra vəkillərin vəsatətilə iş alınıb Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi. Bundan sonra pandemiya ilə əlaqədar məhkəmə prosesi təxirə salındı.

"Nəinki Bakı Ağır Cinayətlər Məhkəməsində, ümumiyyətlə, Azərbaycanda elə bir məhkəmə zalı yoxdur ki, orada ikimetrlik ara məsafəsinə əməl eləməklə 10 nəfəri birlikdə saxlamaq mümkün olsun. Ona görə də bu işə baxılması yubanır. Tək bu iş deyil, təqsirləndirilən şəxslərin sayının çox olduğu başqa cinayət işlərində də vəziyyət eynidir", – Ali Məhkəmədəki mənbə bildirib.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantı Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətməkdə suçlanan Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edir. Y.Səfərovun yaxınları isə bu iddianı təkzib edir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Meydanda polis polkovniklərini xəncərlə qətlə yetirməkdə suçlanan Rəşad Böyükkişiyev isə hadisədən iki gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Konkret icra başçısı və mühafizəçisinin güllələnməsiylə əlaqədar suçlananların sayı 12 nəfərdir. Onlardan da ikisi saxlanılarkən öldürülüb. Amma təqsirləndirilən şəxs qismində tanınıblar. Qalanları isə Y.Səfərov və daha 9 nəfərdir.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edərək bildirib ki, onlar məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətəuyğun olmayan ifadələr verirlər.

Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ