www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Kremlin yeni seçki strategiyası...

Kremlin yeni seçki strategiyası...

Bölmə: Siyasət
Kremlin yeni seçki strategiyası...

2017-18-ci illər həm Azərbaycan, həm Rusiya tarixi üçün xüsusi rəmzi məna daşıyır. Düz yüz il öncə xalqlarımızın taleyində ciddi dönüş baş verib. Oktyabr inqilabı törəyib, ölkəmiz müstəqilliyini elan edib, çar 2-ci Nikolay dörd qızı, arvadı ilə birgə amansızcasına qətlə yetirilib.

Hadisələrin yüz illik yubileyi qapılarımızı döyməkdə, taqqıldatmaqdadır artıq. Üstəlik, hər iki ölkədə gələn il prezident seçkiləri gözlənilir.

Seçkiyə hazırlaşan əks-qütblər razılaşıblar əvvəl öz güclərini açıq-aşkar siyasi diskusiyalarda deyil, ... sənət sahəsində sınaqdan keçirsinlər. Sonra girişsinlər gərgin siyasi debatlara.

Qarşıdurma, iki əks qütb-liberallar ilə ənənəçilər arasında alovlanır. Vladimir Putin arxasına qatı ənənəçilər toplanır, Dmitriy Medvedyev və digər kandidatlar arxasında isə mülayim liberallar.

Açıq siyasi diskusiyalardan çəkinən bu əks qüvvələr, bir başqa sahədə-sənət sahəsində toqquşmaq qərarına gəliblər. Putinçilər hücumdadırlar. Liberallar müdafiədə. Yəni bu gün Rusiya üçün “mədəni inqilab” modeli daha əlverişlidir. Nəinki “siyasi inqilab” ssenarisi. Tanınmış rejissor Kirill Serebrennikovun dələduzluqda ittiham edilərək həbsə alınması, sonra bu həbsin ev dustaqlığı ilə əvəzlənməsi məhz bununla öz izah oluna bilər indi.

Bu həbs, Rusiya vətəndaş cəmiyyətini parçalayıb ikiyə böldü desək, inanın yanılmarıq. Serebrennikov barəsində cinayət işi bu ilin may ayında start götürərək avqustda rejissorun həbsi ilə nəticələnib. İstintaq zamanı Serebrennikovu baş buxalteri Nina Maslyakova ifşa edib: “Mədəniyyət Nazirliyindən aldıqlarımız pulları “Yeddinci studiya”da nağdlaşdırıb mənimsəyirdik. Səmimi etirafımı xahiş edirəm cinayət işinə əlavə edin”.


Serebrennikov öz antiputin mövqeyi ilə həmişə başqalarından seçilib. 2007-ci ilin Gürcüstan hadisələri zamanı moskviçlərə təklif edib ki, küçələrdə “Mən gürcüyəm!” şüarını səsləndirsinlər. “Pussy Riot” hadisələri zamanı deyib: “Kim deyir Rusiyada köləlik, təhkimçilik haqqı 1861-ci ildə ləğv olunub?”. Sonra əlavə edib: “Bu ölkədə azadlıq dəyər deyil. Dövlət ilə xalq arasında dərin uçurum mövcuddu”.

2012-ci il prezident seçkiləri zamanı Kirill Serebrennikovun siyasi fəallığı vurub çıxır kəlləçarxa. Özünün antiputin xətti ilə yadda qalır. Növbəti prezident seçkiləri ərəfəsində pərdəarxası güclər qərara gəlirlər Serebrinnikovun qulağını yaxşıca bir bursunlar. Bunu, görk etsinlər başqaları üçün. Axır, 22 avqust 2017-ci il tarixində Serebrennikovun biləklərində qandallar şaqqıldayır. Həbs qəti imkan qərarını İstintaq İdarəsi sədri Bıstriginin şəxsi imzası bəzəsə də, yazıçı Boris Akunin buna ağzını büzməklə cavab verib. Deyib: “Bu həbs qərarı Putinin müdaxiləsi olmasa baş tutmazdı”.

Qısası, Kiril Serebrennikovun həbsi, gələn prezident seçkilərinin ilk sınaq pilot uçuşları sayıla da bilər. Sergey Yurskiy, Aleksey German, Çulpan Xamatova, Sergey Mixalkov kimi çox sayda ağırçəkili sənətkar Putinə müraciət imzalayıblar. Xahiş ediblər o, Serebrennikovu azadlığa buraxsın.

Yəni, Rusiya hakimləri, ilk növbədə Vladimir Putin, seçkilərdən öncə cəmiyyəti bir növ bax cür öz dişinə vurmaq istəyir.

***

2018-ci ildə Rusiyada iki mühüm siyasi-ictimai hadisə gözlənilir. Biri, bildik, növbəti prezident seçkiləridir. İkincisi, çar Nikolayın adı ilə bağlıdır. Düz yüz il əvvəl bu sonuncu rus çarını öz ailəsi ilə birgə bolşeviklər güllələyiblər.


Rus kinomotoqrafı bu ildönümünə rejissor Aleksey Uçitelin “Matilda” filmi ilə cavab verib. Filmin süjeti bəsitdi-Çar Nikolay balet səhnəsində dünya gözəli Matilda Kşesinskayanı görərək bir könüldən min könülə bu balerinaya vurulur.

25 milyon smeta dəyəri olan film 27 oktyabr tarixində Rusiya kinoteatrlarında göstəriləcək. Ancaq film nümayişinin sonrakı nəticələri indidən Kreml rəhbərlərini narahat etməyə başlayıb. Əvvəla bu film çar Nikolayı bir başqa cür göstərir rus tamaşaçısına. Göstərir ki, bu şəxs adi adam olub. Sevib. Sevilib. Arvadına dönük çıxıb və s.i və ilaxır. Yəni, gəlin bu sentemental qəhrəmanı Rusiya tarixinin növbəti müqəddəsi elan etməyə tələsməyək.


Romanovların qətli üzərindən düz yüz il ötdükdən sonra bu cür liberal mövqe ilk növbədə pravoslav kilsəsinə, Putinə, imperiya aşiqlərinə qarşı düşünülmüş bir addım sayılır. Artıq indidən bir çox Rusiya kinoteatrları öz səhnələrində bu filmi göstərməyəcəklərini öncədən cəmiyyətə bildirirlər.

Bu, filmin yaradıcı heyətini indidən çıxılmaz vəziyyətə salıb. Təsəvvür edin-film üçün nə az nə çox düz 5 min (!) libas sifariş edilib. 17 min ton parça sərf edilib bu işə. Ancaq...

Ancaq, rus pravoslav kilsəsi ağız büzür bütün bunlara. Öz lal əmri ilə mömünləri filmi baykot etməyə səsləyir. Duma üzvü Nataliya Poklonskaya uca kürsülərə qalxıb ordan tələb edir-film, mavi ekranlara buraxılmamalıdı.

Sonra işə girişir necə deyərlər ələkçinin qıl verənləri. İnquşetiya hakimləri öz iki pəncələrini bir başmağa dirəyərək deyirlər ki, kinolent inquşların adət-ənənələrinə ziddi. Ekranlarda göstərilməyəcək.


8 sentyabr 2017-ci ildə bu axara Kemerova vilayətinin bütün kinoteatrları qoşulur. Çox keçmir bu təşəbbüsün miqyası-çərçivəsi tədricən daha da genişlənir. 12 sentyabrda “Sinema park”, “Formula kino” kimi kino nəhəngləri bu təşəbbüsü dəstəkləyirlər.

***

Beləliklə, prezident seçkilərindən öncə Kreml özünə təzə strategiya seçib. Bütün diskussiyalar, toqquşmalar siyasi deyil, mədəniyyət müstəvisində sınaqdan keçirilməlidir. Həbslər siyasi deyil, iqtisadi məzmunlu olmalıdır. Liberallara əsas zərbə məhz bu sahədə-mədəniyyət cəbhəsində vurulmalıdır ki, ağılları axır başlarına gəlsin.

2018-ci ildə Azərbaycanda da seçkilrə keçirləcək. Güman ki, Kreml yeni strategiyasını bura da sirayət etdirməyə çalışacaq... “Beşinci kolon”....

Qalır bircə gələn ilki seçkilər.



HƏMİD HERİSÇİ