www.DOGRU.tv - Onlayn Televiziya » Siyasət » Zakir Həsənovun İsrailə məxfi səfəri

Zakir Həsənovun İsrailə məxfi səfəri

Bölmə: Siyasət
Zakir Həsənovun İsrailə məxfi səfəri
Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə səfəri davam edir. Xatırladaq ki, ilk dəfədir Azərbaycan müdafiə naziri İsrailə səfər edir və bu səfər yüksək məxfilik şəratində keçir. Belə ki, indiyə qədər səfər barədə ancaq üç protokol xarakterli məlumat yayılıb ki, onlardan biri Zakir Həsənovun İsrail müdafiə naziri Aviqdor Libermanla görüşünə dair qısa rəsmi məlumat, digəri Azərbaycan müdafiə nazirinin “Vad Yaşem” soyqırım qurbanları memorialını ziyarət etməsi, üçüncüsü isə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ döyüşlərində həlak olmuş tankçı Alber Agarunovun qardaşı ilə görüşdür.

Azərbaycan müdafiə nazirinin İsraildə keçirdiyi digər görüşlərin və danışıqların üzərinə isə məxfilik qrifi qoyulub.

Azərbaycan Müdafiə Nazirliyinin səfərlə bağlı qısa rəsmi məlumatında isə deyilirdi ki, Zakir Həsənovun İsraildə Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulurdu.



Şübhəsiz ki, bu səfərdə Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq məsələlərinin geniş aspekti müzakirə olunacaq. Məsələn, Rusiya ekspert çevrələrində hesab edirlər ki, müdafiə naziri İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin alınmasına dair müqavilənin həyata keçirilməsinə dair məsələləri müzakirə edəcək. Habelə İsraildən digər silah sistemlərinin alınmasına dair müzakirələrin də aparılacağı təxmin edilir.

Azərbaycan İsraildən indiyə qədər 5 milyard dollarlıq silah-texnika alıb və bu silahların əksəriyyəti hazırda silahlı qüvvələrin sərəncamındadır, uğurla tətbiq olunur. Bunlara tank əleyhinə raket komplekslərinin bir neçə modifikasiyasından tutmuş “Barak-8” raket və hava hücumlarından müdafiə sisteminə, pilotsuz uçan aparatların, o cümlədən pilotsuz zərbə aparatlarının bir neçə modifikasiyasına, sürətli patrul katerlərinə və radilokasiya sistemlərinə, habelə radioelektron mübarizə vasitələrinə qədər bir çox silah sistemləri daxildir.



Lakin Azərbaycan müdafiə nazirini İsraildə təkcə silahlar maraqlandırmayacaq. Bu səfər İsrail ordusunun döyüş təcrübəsinə, qoşunların idarəedilməsi və müharibə taktikalarına dair praktiki materiallarla tanış olmaq baxımından da olduqca mühümdür.

Digər maraqlı fakt budur ki, Azərbaycan müdafiə nazirinin səfərdə olduğu günlərdə İsrail Müdafiə Qüvvələri son 20 ildə ən irimiqyaslı hərbi təlimləri keçirilir.

Xəbərlərə görə sentyabrın 5-də başlayan və 10 gün davam edəcək təlimlərdə İsrail ordusu Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşması ilə müharibənin ssenarisini məşq edəcək. İsrail mənbələrində yer alan xəbərlərə görə təlimlərin birinci mərhələsində müxtəlif silah sistemlərindən istifadə etməklə düşmənin atəş nöqtələrinin və cəmləşmə yerlərinin darmadağın edilməsi, sürətli hücum taktikaları və s. sınaqdan keçirilib.



Təlimlərin ikinci mərhələsinin ssenarisinə əsasən İsrail Müdafiə Qüvvələri “Hizbullah”la mümkün müharibə zamanı Livanın cənubunu tutacaq. İsrail Müdafiə Qüvvələrinin yüksək rütbəli nümayəndəsinin “The Jerusalem Post”a bildirdiyinə görə 319-cu zirehli tank diviziyasının minlərlə hərbçisi digər hərbi birləşmələr hava və dəniz qüvvələri ilə koordinasiyalı şəkildə təlimlərdə bu ssenarini məşq edir.

Lakin mənbə deyib ki, İsrail Livanın cənubunu uzun müddət nəzarətdə saxlamayacaq, “Hizbullah”ın infrastrukturunu dağıdandan sonra həmin ərazilər tərk edəcək.



İsrail KİV-lərinin xəbərlərinə əsasən sentyabrın 12-də müdafiə naziri Aviqdor Liberman “Or ha-Daqan” adlı təlimlərə baş çəkib. O, xəbərdarlıq edib ki, “Hizbullah”la gələcək müharibə İsrail dövlətinin və ordusunun qətiyyətli qələbəsi ilə nəticələnəcək.

“Mən bizim qüvvələrin və komandir heyətinin yüksək peşəkarlığından, qətiyyətindən və hazırlıq səviyyəsindən çox yüksək təəsüratdayam. Qoy bu təlimlər İsrail vətəndaşlarının təhlükəsizliyini təhdid etmək fikrinə düşən hər kəsə xatırlatma olsun”-Liberman bildirib.



Təlimlərdə müdafiə nazirini Baş qərargah rəisi Qadi Ayzekot, Şimal komandanlığının rəisi, general Yoel Strik və digər hərbçilər müşaiyət ediblər. Azərbaycan müdafiə nazirinin İsrail ordusunun bu təlimlərini izlədiyi haqda məlumat yoxdur, lakin təxmin etmək olar ki, Zakir Həsənov ən azından bu təlimlərin ssenarisi və gedişi barədə məlumatlandırılıb. Hansı ki, İsraildən əldə edilən bu təcrübəni, xüsusən də tank qoşunlarının iştirakı ilə düşmənin nəzarətində olan ərazilərin geri alınmasına dair taktikanı Azərbaycan ordusunun gələcək irimiqyaslı hərbi təlimlərində tətbiq edilməsi istisna deyil.

İsrail ordusu dünyada ən çox döyüş təcrübəsinə malik olan ordulardan biridir və qatıldığı müharibələrin demək olar ki, hamısını udub. Bu baxımdan İsrail hərbi mütəxəssisləri ilə müharibələrin planlaşdırılması və aparılması, müdafiə və əks-hücum taktikalarına dair biliklərin mənimsənilməsi Azərbaycan ordusu üçün olduqca qiymətli olardı.

Tam əminliklə qeyd etmək olar ki, müdafiə nazirinin səfərindən sonra İsrailin Azərbaycanla hərbi sahədə əməkdaşlığının daha da genişlənməsinin şahidi olacağıq.